Onlayn ictimai-siyasi qəzet
Hələ sovet dövründə hansısa populyar müğənni oxuyanda uca millətimiz onun səsinə, ifasına qiymət verməzdən öncə (insafən, bəzən sonra) onu kimin “saxlamasına” diqqət yönəldərdi. O vaxtlar biz kommunizm qurmağa hazırlaşırdıq, ona görə “sponsor”, “həci”, “rəis” kimi sözlər dəbdə deyildi, başqa mənalarda işlənirdi, “saxlamaq” deyəndə isə hamı söhbəti başa düşürdü.
Sözümün canı odur ki, keçən ilin axırı Naxçıvan xanı istefaya göndəriləndən bəri jurnalistikamız kirimir, günaşırı bir neçə manısı bezdirirlər. Yazırlar ki, filan-filan manısları Vasif müəllim və oğulları saxlayırmış. Hətta bir səssiz manıs var, ona 8 milyon manatlıq villa bağışlamaqları iddia edildi. (Səs olmadan oxumaq bizdə yeni estrada janrıdır və xüsusi istedad tələb edir. Prinsipcə, filosoflara görə dünyanın ən mükəmməl yazısı sözsüz, ən gözəl musiqisi səssiz olacaqdır. Keçən əsrdə avanqardçı rəssamlar təxminən bu yolla getmişdilər və Kazimir Maleviç ünlü “Qara kvadrat” tablosunu yaratmışdı. Ancaq bu başqa temadır və Maleviçi Talıbovla eyni yazıda birləşdirdiyim üçün xəcalət çəkirəm).
Dekabrın 30-da çiçəklənən paytaxtımızda günü-gündən qiymətləri salan dükanlardan birində idim, bu zaman qəlb ağrıdan, ürək sıxan mənzərənin şahidi oldum. Çox yaşlanmış, pensiyaçı iki qoca meyvə qurusu bölməsinin önündə çaşqın durmuşdular. Onlardan biri ərik qurusu almaq istəyirdi, bir ovuc ərik qurusunu çəkdirmişdi, lakin tərəzidən çıxan qiymətə təəccüblənmişdi. Satıcı ilə mübahisə elədilər, o da başqa satıcını çağırdı, sonradan gələn satıcı ərik qurusunun kilosunun həqiqətən 18 manat olduğunu və qiyməti özünün qoymadığını ağsaqqala dedi. Bu zaman ağsaqqal gözlənilməz şərh verdi: “Ərik nə şeydi buna belə qiymət qoymusunuz? Quzu əti almıram e mən. Buna bu qiyməti qoyan da qələt edir, sən də qələt edirsən”. Ağızlaşdılar, ağsaqqal çəkdirdiyi ərikləri ora atıb pensiyaçı yoldaşıyla çıxıb getdi.
Ərik qurusunun qiyməti çoxdandır o ətraflarda dövr edir, bəzən 20-25 manata da olur. Adətən aş, plov bişirməkdə işlənir. Bundan mən nəticə çıxardım ki, pensiyaçı aylardır plov yemir, yoxsa qiyməti bilərdi. Yəqin 31 dekabrda nəhayət plov bişirmək istəyirdilər, o da alınmadı. Ən azı plova ərik atmayacaqları dəqiqdir.
Pensiyaçıların meyvə qurusuna həsrətlə baxdığı məmləkətdə qurdlu meyvəyə oxşayan manıslara hansısa oliqarx məmurlar 8 milyon manatlıq villalar bağışlayırsa, buna necə ədalət, insaf, mürvət demək olar? Başa düşürəm, ağlaşmalı tik-tok, vatsap mətnlərinə oxşadı, necə deyərlər, bəyənin, paylaşın.
Yaxşı olmazmı hər oliqarx bir neçə pensiyaçı da saxlasın, onları bayramlarda ərik qurusu ilə təmin etsin? Müqəddəs hədisdə belə yazılmışdır: “Bir nəfərə 10 ərik verən, cənnətdə 1 milyon əriklə mükafatlanacaqdır”. (İndi uydurdum, belə hədis yoxdur. Ancaq sizə bir sirr açım ki, qalan hədisləri də elə bu cür qələmə alıblar. Mirzə Cəlil felyetonunda bunlara “Qayırma hədislər” adı vermişdi).
Lap incəsənət baxımından yanaşsaq, niyə məmurlar başqa korifey sənətçilərimizə də sponsorluq etmir? Hələ mən eşitməmişəm hansısa rayon icra başçısı bir şairi, hansısa nazir müavini bir rejissoru, nə bilim, prokuror rəssamı, JEK müdiri lap elə bəstəkarı saxlasın. Sonuncu hal lap qəribədir. Tutalım rejissor və rəssamlarımızı, şair və yazıçılarımızı başa düşən yoxdur, bəstəkara nə sözünüz? Adamın yazdığı musiqiləri oxuyana bahalı villa alanda, bəstəkara da bir uçuq daxma bağışlayın, nə olar?
Pis çıxmasın, arada jurnalistləri, həmçinin köşə yazarlarını da saxlamaq lazımdır.
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
12 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ