Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı ətrafında olduqca qəliz situasiya yaranıb. Hazırda bu savaşın hansı istiqamətlərə yönələ biləcəyi müəmma olaraq, qalmaqdadır. Hər halda, Rusiyanın Ukrayna ərazisinə hərbi təcavuzundən sonra ötən müddət ərzində kifayət qədər ciddi dəyişikliklər baş verib. Rusiyanın qısa müddətdə Ukrayna ərazisini tam nəzarətə götürmək planları islasa uğrayıb. Və bu baxımdan, Ukrayna savaş poliqonunda yaranmış hərbi vəziyyətin Rusiyanın əleyhinə yönəldiyi artıq qətiyyən şübhə doğurmayan reallıqdır.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna ordusu müharibəni Rusiya ərazilərinə keçirtməyə də nail ola bilib. İndi Rusiyanın bəzi bölgələri məhz Ukrayna ordusunun nəzarətinə keçib. Kreml Rusiya sərhədləri içərisində itirilmiş əraziləri geri qaytarmaqda hələlik çətinlik çəkir. Belə vəziyyətdəsə, Kremlin Ukrayna ilə sülh daznışıqlarına başlaması Rusiyanı ağır vəziyyətə də sala bilər. Hər halda, Rusiyanın indiki situasiyada sülh şərtlərinin diqtə etmək şansları o qədər də cəlbedici xarakter daşımır. Və bu baxımdan, Kremlin güzəştli mövqeyə məhkum olduğu inkaredilməsi çox çərin olan reallıqdır.
Digər tərəfdən, Rusiyanın beynəlxalq nüfuzu və imici də olduqca sarsıdıcı zərbə alıb. İndi Kremli beynəlxalq məkanda ümumiyyətlə, ciddiyə almağa o qədər də həvəs göstərmirlər. Qərb siyasi dairələri belə qənaətə gəlməyə başlayıblar ki, əgər, Rusiya öz sərhədlərini qorumaq potensialından məhrumdursa, deməli, Kremlin “qırmızı cizgilər”inə artıq əhəmiyyət verməyə elə bir ciddi ehtiyac qalmayıb. Ona görə də, indi Kremlə şərtləri diqtə etmək mümkündür. Və əgər, Kreml müqavimət göstərməkdə davam edərsə, Rusiyanın dərinliklərinə zərbələr endirməklə, prezident Putini daha da çətin vəziyyətə salmaq mümkündür.
Belə anlaşılır ki, hazırda ABŞ və Qərb Rusiyanın müqavimətini qırıb, daha da zəiflədilməsinin mümkünlüyünə artıq inanmağa başlayıb. Üstəlik, son vaxtlar Qərb siyasi dairələri hesab edirlər ki, Ukrayna ordusunun Rusiya ərazisində bəzi bölgələri nəzarətə götürməsi Kremli “hərbi-siyasi labirintə” salıb. Hər halda, həm Rusiyanın müdafiə potensialı, həm də Kremlin operativ reaksiya mexanizmləri sınaqdan çıxa bilməyib. Və bu durum Qərb siyasi dairələrinə Rusiyaya qarşı hərbi təzyiqləri daha da gücləndirmək üçün əlavə stimul verir.
Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna savaşının gələcək taleyini birdəfəlik həll etmək üçün Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələrin endirilməsini vacib seçim hesab edir. Zelenski hakimiyyəti bu məsələni reallığa çevirmək üçün ABŞ və Qərb qarşısında iki önəmli tələb irəli sürməyə çalışır. Onlardan birincisi, Qərbin Ukraynanı ən müasir hücum silahları ilə təmin etməsidir. İkinci tələb isə həmin müasir hücum silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə qarşı qoyulmuş qadağanın ləğv olunması ilə bağlıdır. Və bu, o deməkdir ki, rəsmi Kiyev Qərbin total dəstəyini, buna paralel olaraq da, Rusiyaya qarşı sərbəst davranış hüququ istəyir.
Ancaq rəsmi Kiyevin tələblərinə yanaşmada da müəyyən təzadlı məqamların olduğu müşahidə edilir. Belə ki, Kremldə hesab edirlər ki, Qərb Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazəni artıq verib. Sadəcə, Qərb hazırda bu icazənin mətbuat üzərindən tədricən ictinailəşdirilməsi prosesini yürütməyə çalışır. Və Kreml Qərb siyasi dairələrinə mesaj göndərməyə çalışır ki, əgər, Rusiyanın dərinliklərinə zərbə endirilərsə, buna olduqca amansız cavab reaksiyası veriləcək.
Göründüyü kimi, Rusiyanın xəbırdarlıq mesajı müəyyən mənada, ABŞ və Qərbi də taleyüklü seçim qarşısında buraxıb. Çünki Qərbdə hesab edirlər ki, Rusiyanın cavab reaksiyası ilk mərhələdə Şərqi Avropa ölkələrinin hədəfə alınması ilə nəticələnə bilər. Yəni, Kreml cavab zərbələri ilə Ukrayna savaşının yayılma arealını daha da genişləndirmək təhlükəsi vəd edir. Və bu, hazırda Qərb siyasi dairələrini ən çox narahat edən problemlərin sırasına daxildir.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr üçün icazə tələblərinə ABŞ və Qərbin konkret vahid mövqeyi yoxdur. Ağ Ev sahibi Co Bayden bu barədə danışarkən rəsmi Kiyevin icazə tələbi üzərində hələ düşündüyünü bildirib. Pentaqon rəhbərliyi isə Rusiyanın dərinliklərinə zərbə icazəsinin yolverilməz olduğunu bəyan edib. ABŞ-ın dövlət katibi Entoni Blinken isə bildirib ki, bu məsələ hər halda, müsbət cavab verilməklə, həll edilə bilər. Və Qərbdə bəzi dövlətlərin rəsmi Kiyevin tələblərinə neqativ yanaşmasını da nəzərə aldıqda, bu məsələnin hələlik ziddiyyətlərə yol açdığını da düşünmək olar.
Təbii ki, Qərb siyasi dairələrinin tərəddüdlü mövqeyinin əsas səbəbləri müəyyən mənada anlaşılandır. Birincisi, Rusiya sarsıdıcı zərbələrə Şərqi Avropanı dağıtmaqla cavab vermək niyyətini gizlətmir. Digər tərəfdənsə, ən müasir NATO silahları ilə ardıcıl zərbələrə Rusiyanın tab gətirməyəcəyi qətiyyən şübhə doğurmur. Ona görə də, Şərqi Avropa ölkələrinə cavab zərbələri Rusiyanın üzləşdiyi ağır vəziyyətin dəyişməsinə yol açmazsa, Kreml ən radikal addımlara da yönələ bilər. Və bu halda, artıq yalnız Şərqi Avropa deyil, ABŞ da daxil olmaqla, Ukraynaya dəstək verən bütün ölkələr hədəfə çevriləcək.
Ancaq bu halda, Kremlin Rusiyanın sahib olduğu sonuncu müqavimət faktorundan istifadə edə biləcəyi qətiyyən istisna deyil. Belə ki, Rusiyanın ABŞ-a, eləcə də, NATO üzvü olan Avropa Birliyi ölkələrinə nüvə zərbəsi endirəcəyi gözlənilir. Nəticədə bütün dünya nüvə müharbəsinə məruz qalmış olacaq. Çünki Rusiyanın nüvə zərbələrinə Qərb ölkələrinin də cavab verəcəyi şübhə doğurmur. Üstəlik, Rusiyanın tamamilə sıradan çıxarılmasından sonra əsas hədəfə çevriləcəklərinə şübhə etməyən Çin və Şimali Koreya da öz nüvə potensiallarını NATO-ya qarşı yönəldə bilərlər. Və bu, açıq-aşkar bəşəri fəlakət ssenarisinin işə salınması anlamı daşıyardı.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ