Onlayn ictimai-siyasi qəzet
Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildən bəri ən geniş hərbi çağırışını elan edib, 18-30 yaş arası 160 min kişi hərbi xidmətə çağırılıb. Bu, Rusiyanın 2011-ci ildən bəri ordusunu genişləndirmək səyləri çərçivəsində qeydə aldığı ən yüksək rəqəmdir.
Putin son aylarda Rusiya ordusunun ümumi sayını təxminən 2,39 milyona, aktiv əsgərlərinin sayını isə 1,5 milyona çatdırmalı olduğunu bildirib. Britaniyanın “BBC” telekanalının xəbərinə görə, yaxın üç ildə 180 min nəfər artım olacaq.
Rusiya yaz və payız aylarında hərbi xidmətə qəbul edir, lakin 160 min gənc üçün son çağırış 2024-cü ilin eyni dövrü ilə müqayisədə daha yüksək rəqəmi təmsil edir. İldə iki dəfə hərbi xidmətə çağırışdan əlavə, Rusiya çoxlu sayda əsgəri müqaviləli əsgər kimi çağırır və Şimali Koreyadan minlərlə əsgər toplayır. Keçən ilin əvvəlindən hərbi xidmətə gedə biləcək gənclərin sayı genişləndirilib, maksimum yaş həddi 27-dən 30-a qaldırılıb.
Maraqlıdır ki, Rusiya prezidentinin keçmiş köməkçisi, “Donbasdakı hadisələrin memarı” adlandırılan Vladislav Surkov bu günlərdə "L’Express"ə müsahibəsində deyib ki, Rusiya şərait imkan verdiyi qədər “bütün istiqamətlərdə genişlənəcək”.
“Mən vaxtilə fəlsəfi dairələrdə adi olan "Rus dünyası" anlayışını rəsmi ideologiya səviyyəsinə qaldırmışdım. Rus dünyasının sərhədləri yoxdur. Bu, Rusiyanın mədəni, informasiya, hərbi, iqtisadi, ideoloji və humanitar təsirinin nüfuz etdiyi hər yerdədir", - Surkov qeyd edib. Onun sözlərinə görə, Rusiyanın təsiri bütün qitələrdə mövcuddur, baxmayaraq ki, onun cəmləşməsi müxtəlif regionlarda fərqlidir. “Allah istədiyi kimi və nə qədər ki, resurslar kifayət qədərdir biz bütün istiqamətlərdə genişlənəcəyik. Əsas odur ki, daşıya bilməyəcək qədər ağır olan kuboku ələ keçirməyək”, - deyə o bildirib.
“Xüsusi hərbi əməliyyat zonasındakı rus qoşunları onlarla istiqamətdə irəliləyir, Müdafiə Nazirliyi ilə könüllü müqavilə imzalayanların axını var, yeni səfərbərlik dalğasına ehtiyac yoxdur”. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bu ilin əvvəlində əminliklə danışmışdı. “Hər gün 1000-ə yaxın insan könüllü olaraq hərbi komissarlıqlara gəlib müqavilə bağlayır”, - Kartopolov bildirmişdi.
Qeyd edək ki, Ukrayna müharibəsi 1136 gündür davam etməkdədir. Rus ordusu Donbasda dördüncü ildir ki, savaşır. Bu da hər gün canlı qüvvə itirməklə nəticələnir. ABŞ lideri Tramp iddia etmişdi ki, Rusiya 1 milyona yaxın hərbçi itirib. Lakin bu rəqəmin daha az olması mümkündür. Hər halda, minlərlə rusiyalı hərbçi ya həlak olur, ya da ağır yaralanaraq döyüş qabiliyyətini itirir. Rusiya isə Donbasda bir kəndi nəzarətə götürmək üçün həftələrlə döyüşlər aparır və çoxlu itki verir. Ukrayna Baş Qərargahı aprelin 3-də məlumat yayıb ki, Rusiya indiyə qədər 919 570 hərbçi itirib. Həmçinin Ukrayna Prezidenti Zelenski, habelə hərbi analitiklər və Qərb nəşrləri bəyan edirlər ki, Rusiyanın yeni yaz-yay hücumu üç istiqamətdə gözlənilir. Xüsusən Zelenski bildirib ki, Rusiya Sumı, Xarkov və ölkənin cənub ərazilərinə yeni hücumlar planlaşdırır. Son 14 ildə ilk dəfə bu sayda əsgər çağırılmasının səbəblərindən biri də bu ola bilər. Yəni “Z” ordusuna canlı qüvvə lazımdır...
Ramil Məmmədli
“Yeni Müsavat”a danışan hərbi analitik Ramil Məmmədli Rusiyanın Donbas əməliyyatında canlı qüvvə sarıdan əziyyət çəkmədiyini açıqladı. Onun sözlərinə görə, itkilər saysız-hesabsız olsa da, Ukrayna ilə müqayisədə Rusiya böyük ordu gücünə malikdir. Hərbi ekspert qeyd etdi ki, Ukrayna prezidenti də canlı qüvvə sayında ciddi fərq olduğunu etiraf edib, lakin bu, heç də Rusiyanın yeni nəfəsə ehtiyacı olmadığı anlamına gələ bilməz: “Təbii ki, hər gün itki verən ordu və dörd ildir döyüşən qoşunlara dəstək lazımdır. Sadəcə, o demək deyil ki, Rusiya 160 minlik yeni çağırışçını "ət maşını"na göndərməyə hazırlaşır. Onlar təcrübəsiz əsgərlərdir. Odur ki, təlimlərdə iştirak edəcəklər və müxtəlif bölgələrə göndəriləcəklər. Nəzərə alaq ki, Rusiya Abxaziya və Cənubi Osetiyada, o cümlədən Dnestryanı ərazilərdə də əsgər saxlayır. Unutmayaq ki, Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhədində əsgərləri xidmət edir. Bundan əlavə, Əsəd rejimi süqut etsə belə, hələ də Suriyada rus hərbi bazaları mövcuddur. Bu faktları sadalayıram ki, Rusiyanın sözügedən coğrafiyalarda hərbçi saxlamağa ehtiyacı var, bəzən onların yerləri rotasiya edilir, bir hissəsi tərxis olunur. Həmin 160 minlik qüvvədən bu istiqamətlərdə də istifadə edilə bilər".
Hərbi şərhçi əlavə etdi ki, Rusiya müharibə ölkəsidir və imperialist maraqları olan dövlətdir: “Ona görə həmişə ordusunu güclü saxlamağa, əsgər sayını artırmağa məcburdur. Ukraynada atəşkəs əldə olunduqdan sonra Rusiyanın daha çox hərbçi çağırışına ehtiyacı olacaq. Çünki ordunu yenidən komplektləşdirmək, itkiləri bərpa etmək, ordudakı əhval-ruhiyyəni dəyişmək, yorulmuş hərbçilərlə vidalaşıb yeni əsgərlərlə təzə nəfəs gətirmək lazım gələcək. Eyni zamanda Rusiya döyüşlərdə yüksək rütbəli zabitlərini itirib. Onların arasında generallar, polkovniklər var. Bir general, yaxud bir yüksək rütbəli zabit yetişdirmək asan deyil, illər lazımdır. Bunun üçün Rusiya da müharibədən sonra ordu sistemində dəyişikliklərə gedəcək”.
Ekspert vurğuladı ki, sadəcə, bu ölkənin əhalisinin sayına baxanda canlı qüvvə çatışmazlığı olmayacağını fikirləşirsən: “Deyilə bilər ki, bəs koreyalılar nə üçün dəstəyə gəliblər? Bunun cavabı da sadədir - Rusiya bir nüvə dövlətinin onunla müttəfiq olduğunu və savaşda iştirak etdiyini nümayiş etdirir. Həm də Ukraynada müqavilə əsasında döyüşürlər deyə heç də Rusiyada hamını müharibəyə aparmaq olmur və əlavə gücə ehtiyac yaranır. Kəsəsi, 160 minlik yeni qüvvə səfərbərlik elan edilmədən həyata keçirilən bir siyasətdir. Çünki Rusiya yaxın aylarda Donetskin inzibati sərhədlərinə tam çıxdıqdan sonra atəşkəs danışıqları üçün masaya oturmaq istəyir. Bunun üçün də ordu mərhələli şəkildə yenilənməlidir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
11 Aprel 2025
10 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ