İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliyə etirazım

“Çarəsizsən, lovğa-lovğa danışma,

Belə sualları məndən soruşma.

Nə xeyrimə, nə şərimə qarışma,

Qarışsan, çıx, yeri dar eyləməynən!"

(Aşıq Ələsgər)

Xarici qara qüvvələr yenə dinc oturmur. Dünən Daxili İşlər Nazirliyinin Britaniya səfirliyinə qarşı yaydığı bəyanatla tanış olandan sonra bu qərara gəlmişəm. Nazirlik səfirliyi üzr istəməyə çağırmışdır.

Doğrusu, mənə heç maraqlı deyil ingilislər hansı bəyanatı vermişdir, lakin söhbət keçən şənbə Bakının mərkəzində olan etiraz aksiyasından gedirsə, bunun videosunu izlədiyim üçün münasibət bildirmək istəyirəm və polisin haqlı olduğu qənaətindəyəm. Səfirlik aksiyanın dağıdıldığını, çoxlu adamın tutulduğunu bildirib, DİN isə deyir yalandır. Burada biz xroniki ardıcıllığa diqqət etməliyik.

Ötən illərdə bir qrup adam Fəvvarələr meydanında toplaşsın, plakat açsın, şüar çığırsın və əvəzində çox pis şəkildə döyülməsin - biz buna şahid olmamışıq. Yaxud saxlanılan beş-on nəfəri aparıb Ələtdə, Qobustanda səhralığa buraxardılar. Hələ mən aksiya iştirakçılarının polisin müşayiəti ilə DİN binası yaxınlığına, faktiki nazirliyin qabağınacan getməsini, orada fikirlərini kağızdan oxumasını yazsam, buna kim inanar? Ancaq bu, olmuşdur! Fantastikadır. Mən bu kadrlara internetdə baxanda çox qorxdum. Elə bildim Bakıya komet düşəcək.

Belə inkişafı görməmək ədalətsizlik olardı. Hətta mən fikirləşirəm ki, bəlkə növbəti seçkilərdə Biləcəri bələdiyyəsinə namizədliyimi irəli sürüm. Çünki Məzahir müəllim hüquq-mühafizə orqanlarında aparılan bu islahatlardan şövqə gələrək seçkiləri də demokratik keçirməyə başlayar. Buna hazır olmalıyıq. Hər an, nə desən olar.

İngilis səfirinə üzümü tutub demək istəyirəm ki, sən Orxan müəllimi tanıyırsanmı? Görürəm “no” deyirsən. Ancaq tanımaq lazım idi. Bu yoldaş qabaqlar xalqın etiraz aksiyalarının dağıdılmasına “qorotdel” tərəfindən göndərilən mülki geyimli gənclərə rəhbərlik edər, bəzən camaatı şəxsən qoltuğuna vurub maşına aparardı. Şənbə günü olan aksiyada isə Orxan müəllim yox idi! Mülki geyimli polislər də gözə dəymirdi. Camaat küçədə cüt-cüt, üç-üç, dörd-dörd gəzirdi! Buna ekranda baxanda gözüm dörd oldu. O qədər ağladım ki... Ötən günlərin nostaljisi üzündən.

Qardaşlar, bu insan azadlığının, aşkarlığın, demokratiyanın qədrini bilməliyik. Əslində xalq qədrini bilir, səfirlik imkan versə. Dünən Britaniyanın bəyanatı ilə eyni səhifədə məşhur müğənni Müjgan Ayxan-ın polis rəisləri haqda “Rəisim” adlı klipi paylaşıldı. Mahnının sözləri xalqımızın orqanlara məhəbbətindən xəbər verir: “Mən sənə aşiq, rəisim, sən mənə aşiq, Qal mənə sadiq, rəisim. Dövlətin keşiyində, qoruyursan milləti. Qazanmısan hörməti, sənə heyran, rəisim. Sənə mən qovuşandan, Öyrəşib alışandan, Sevgimdən danışandan, Rəisim” və sairə. Müjgan xanım arada müjgan oxları atıb qəfəsə girir, bununla guya etiraz aksiyasında saxlandığını imitasiya edirdi. Hərdən maşının kapotuna söykənir, yol hərəkətini pozmadığını bədən diliylə göstərirdi. Məncə, biz gələn il “Evrovision”a bu mahnını göndərək, ta bu il gec oldu. 

İndi mən Britaniya səfirindən soruşuram: sizdə belə mahnı varmı? Biz isə polisi tərənnüm edirik. Sözgəlişi, sizdə mahnı işi ümumiyyətlə bərbaddır, elə yaxşı oldu “Evrovision”da ikinci yerə çıxdınız. Biz isə 1-ci olmuşuq vaxtilə. Əgər xalqa işgəncə verilirsə, etiraz aksiyası qadağan edilirsə, mahnını kim oxuyur? Harada görünüb zülüm verilən adam oxusun? Üstəlik, ona zülüm edən adamlar haqda... Boş söhbətdir.

Xaricdə maliyyələşən belə qara qüvvələr çoxdur. Bugünlərdə onların bir qrupu Bakı ŞİH-də Hacıbala müəllimin işçisi olmuş hansısa tipi Türkiyədə tutub Bakıya təhvil veriblər. Abi, sənin nə işinə qalıb? Niyə imkan vermirsən adam oğurladığı pulları rahat yesin?

Vallah, mən qorxuram bunlar axırda Zamirə xanımın Londonda univermaqdan alış-verişini qadağan eləsin. Dünya dağılır, Ukraynada qan su yerinə axır, Afrikada uşaqlar acından çəyirtkə yeyir, bunların işinə-gücünə bax: “Fəvvarələr bağında toplaşmağa icazə verilməyib”. Verilməyib, getsinlər Azadlıq meydanına. Nə problem var? Mən özüm çörək bahalaşandan ancaq tort yeyirəm.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

12 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

09 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024