Onlayn ictimai-siyasi qəzet
“Hava yaman soyuqdur,
Ermənilər toyuqdur”
(Meydan hərəkatı folklorumuzun əbədiyaşar şüarı)
Yadınıza gəlirsə qabaqlar hava anomal şəkildə dəyişəndə bizim milli hava idarəsi xalqa nəsə, ala-yarımçıq da olsa izahat verərdi. Bunun iqlim normasından nə qədər fərqləndiyini, axırıncı dəfə haçan belə hava üzü gördüyümüzü deyərdilər. Ta demirlər. İstəyirsən may ayında qar yağsın, fevralda istidən tər tökək, nə bilim, oktyabrda gilas çiçəkləsin, apreldə isə yarpaqlar tökülsün – heç kimin vecinə deyil. Əhali də soruşmur. Hamımız öyrəşmişik. Bir növ adətkərdə olmuşuq, necə deyərlər.
İndi neçə gündür soyuq Bakıda və Abşeron yarımadasında xalqın canına vicvicə salmaqdadır, lakin əlaqədar orqanların tükü tərpənmir. Halbuki, hökumətimiz istəsə soyuq hava kütlələrini xaricə qova bilər. Gömrüyə, sərhəd xidmətinə tapşırıq verirsən, buludları sərhəddən bəri buraxmır. Onsuz bizdə hər cür icazəsiz sərbəst toplaşma hüququ çoxdan ləğv olunubdur. Ümid edirəm Nazirlər Kabineti zəhmətkeşlərimizin xahişini nəzərə alar. Soyuqdan qırılırıq. Məmurlar isti nəfəsini xalqdan əsirgəməsin.
O cümlədən, deputatların xahişini nəzərə alıb balet artistlərinin pensiya yaşını da aşağı salmaq lazımdır. Həqiqətən, onların işi zülümdür. Müəyyən yaşdan sonra balet oynamaq mümkün olmur. Məcbur olurlar işsiz-gücssüz oturub pensiya yaşını gözləsinlər. Ata sözündə deyilən kimi, yaxşı rəqqasa pensiyası mane olmur.
Hərçənd, bir oğuz eli olaraq balet bizim nəyimizə lazımdır? Qonşu oğuz eli Türkmənistanda rəhmətlik Saparmurat Türkmənbaşı hələ 2001-ci ildə baleti, üstündə də operanı ləğv elədi, dedi mən bunu başa düşmürəm, türkmən xalqının qanında baletə məhəbbət yoxdur.
Pensiya mövzusu açılmışkən, keçən yazımda bizim pensiyaların MDB məkanında ən yüksək olması haqda rəsmi şəxslərin çıxışlarını tənqid eləmişdim, sən demə orda yuxarı rəqəm göstərmişəm, əslində pensiyalarımız daha azdır. Yazar həmkarımız, Qarabağ qazisi Məğrub Bədəlsoyun məktubunu oxuyaq: “Bu şişirdilmiş rəqəmləri hardan götürmüsən? Bizdə minimum pensiya məbləği 370 manat yox, 240 manatdır. Yaşa görə sosial müavinət isə 180 manatdır (mən 190 yazmışdım – Z.H.). Bu isə ortalıq 106 dollar edir, 112 dollar yox. Hələ 3-cü dərəcəli əlilin, eləcə də Qarabağ əlilinin sosial müavinəti cəmi 120 manat olub (əvvəl 110 manat idi), 2-ci və 3-cü dərəcəli Qarabağ və digər əlillərin sosial müavinətləri isə uyğun olaraq 130 və 150 manatdan 180 və 220 manata çatıb”.
Qəribə durumdur. Doğrudan da mən hansısa mənbəyə əsasən bizdə minimum pensiyanın 370 manat olmasını yazmışdım, hörmətli Məğrub bəyin məktubundan sonra bunun daha az, 240 manat olduğunu oxudum. Ən əcaibi isə, o yazdığım mənbəyi internetdə tapa bilməməyim oldu. Yüz faiz əminəm, hətta link, sayt gözümün qabağındadır, lakin kompüterdə internetə giriş tarixçəmi də araşdırdım, lakin o linklər tapılmadı. Jurnalist təcrübəmdə, 30 ildə ilk dəfə idi belə qəribə duruma düşürəm. 370 manatın orta pensiya olması haqda xəbərlər tapdım, bəlkə bunları səhvən minimum pensiya saymışam? Ağlıma sığışdıra bilmirəm. Bəzi kinolarda personajların gözünə uçan, havada əriyən, yox olan rəqəmlər, hərflər görünür (2001-ci ilin “Ağlın oyunları” filmindəki kimi) – təxminən onu yaşadım.
Ötən bir gün ərzində niyə bu hala düşməyim üzərində çox fikirləşdim. Belə qərara gəldim ki, bunun əsas səbəbi hökumətə inamsızlığımdır. Gərək mən bütün zəhmətkeşlərimiz kimi hökumətə inam bəsləyim. Əgər onlar “Azərbaycanda pensiyaçılar nəvələrinə oyuncaq almaqdan beziblər, Ukraynaya dərman yardımı edirlər, hər il istirahəti Avstraliyanın mərcan rifləri və Himalay dağlarının yamaclarında keçirirlər” deyirsə, buna inanmalıyıq. Şübhə etmək olmaz. Şübhə edənlər cəhənnəm odunda yanacaqdır – hörmətli şeyximiz dəfələrlə bunu moizələrində göstərmişdir.
Elə bu inamla pensiyaçılarımızın bulvarda baletinə baxmağa gedirəm. Hava düzəlməsə də...
10 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
02 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024
30 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
26 Oktyabr 2024
25 Oktyabr 2024
24 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
19 Oktyabr 2024
18 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
12 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
09 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ