İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdən pul(lu) tapıb gətirmək kimi çətin iş - necə edək?

Ekspert: "Rəqabət Məcəlləsinin işlək mexanizmi yaradılmalıdır ki..."

Dünyada inflyasiyaya qarşı mübarizə aparan mərkəz banklar faiz dərəcələrini görünməmiş yüksək həddə çatdırıblar. Bu, həmçinin Ukraynadakı işğalçı müharibənin yaratdığı problemlər dünyada investisiyaların azalmasına gətirib çıxarıb. 2022-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 12,4 faiz azalaraq 1,3 trilyon dollar olub. Bunun əlavə, səbəb kimi ərzaq və enerji qiymətlərinin yüksək olması, tənəzzül riskləri, eləcə də bir çox ölkələrdə borc yükü göstərilir. 

2022-ci ildə inkişaf etmiş ölkələrə birbaşa xarici investisiya axını 37 faiz azalaraq 378 milyard dollar təşkil edib. İnvestisiya axınının azalması maliyyə bazarlarındakı qeyri-müəyyənlik və stimul paketlərinin ləğvi ilə izah olunur. Bununla belə, inkişaf etməkdə olan ölkələrə xarici investisiya axını 4 faiz artaraq rekord həddə - 916 milyard dollara çatıb. Beləliklə, dünyanın birbaşa xarici investisiyalarının üçdə ikisinə qədəri inkişaf etməkdə olan ölkələrin payına düşüb.

2022-ci ildə Azərbaycan xarici investisiyaların artdığı ölkələrdən olub. Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə ölkəyə yatırılan birbaşa xarici investisiyaların həcmi 30,9 faiz artmaqla 6 milyard 276 milyon dollar təşkil edib.

2023-cü ilin yekunu üzrə göstərici hələ açıqlanmasa da, 9 aylıq vəziyyət məlumdur: ötən yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib. Mərkəzi Bankın açıqladığı məlumata əsasən, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577,8 milyon dollar təşkil etmişdi.

Doqquz ayda ölkəyə gələn xarici birbaşa investisiyanın 3 milyard 461.3 milyon dolları neft-qaz sektoruna, 910,9 milyon dolları qeyri-neft-qaz sektoruna yönəlib. Halbuki 2022-ci ilin eyni dövründə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1.4 milyard dollar olmuşdu. 2022-ci ilin yekununda qeyri-neft-qaz sektoruna yatırılan xarici birbaşa investisiyalar 2,3 dəfə artaraq 1,8 milyard dollar olub.

Rəsmi statistikadan aydın olur ki, xarici investisiyaların azalması nəticəsində daxili maliyyələşmənin, əsasən dövlət yatırımları hesabına artması müşahidə olunur. Belə ki, 2023-cü ildə Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. İl ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Əvvəlki ildə bu göstərici ümumi kapital qoyuluşunun 80,6 faizini təşkil edərək 14 milyard 718,9 milyon manat olmuşdu. 

2023-cü ildə əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 6,0 faiz təşkil edib. 2022-ci ildə büdcə vəsaitlərinin ümumi kapital qoyuluşunda payı 36,4 faiz təşkil etmişdi. Həcm ifadəsində müqayisə etsək, 2022-ci ildə ölkə iqtisadiyyatına yatırılan 18 milyard 272,3 milyon manatın 6 milyard 651,1 milyon manatı, 2023-cü ildə isə 20 milyard 296,6 milyon manatın 7 milyard 428,6 milyon manatı birbaşa dövlət büdcəsindən ayrılıb.

2024-cü ilin yanvar ayında isə əsas kapitala 1 milyard 553,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 284,3 milyon manatını və ya 82,7 faizini daxili vəsaitlər təşkil edib. Göründüyü kimi, daxili vəsaitlərin iqtisadiyyata kapital qoyuluşlarında payı sürətlə artır. Bu isə dövlətin xarici investisiyalara ehtiyacının böyük olduğu indiki dövrdə heç də arzuolunan proses deyil.

Azərbaycanın xarici investisiya ehtiyacları barədə Prezident İlham Əliyev andiçmə mərasimində etdiyi çıxışında danışıb: “Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün, əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir”.

Prezidentin andiçmə mərasimindəki çıxışından aydın olur ki, xarici investorlar Azərbaycanın bərpaolunan enerji istehsalı layihələrinə investisiya yatırmağa böyük həvəs göstərirlər və bu sahədə dövlət qoyuluşuna ehtiyac qalmır: “Onu da bildirməliyəm ki, bütün bu layihələr xarici investorlar tərəfindən icra edilir və ediləcək. Əgər belə demək mümkündürsə, biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki yoxdur”.

Bu o deməkdir ki, hökumət qarşısında duran əsas vəzifə xarici investorları qeyri-enerji layihələrinə cəlb etməkdir. Bu baxımdan hazırda işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparıldığı bildirilir. Bu ərazilərdə işləmək istəyəcək həm yerli, həm xarici investorlar üçün çoxşaxəli imtiyaz və güzəştlər müəyyən olunub. Lakin Azərbaycan iqtisadiyyatı yalnız azad olunan ərazilər üzərində inkişaf edə bilməz. Bu isə digər ərazilərə də investisiyaların cəlb olunmasının təmin edilməsini, bütünlükdə ölkə üçün keçərli olan stimullaşdırıcı qaydaların, normaların tətbiqini zəruri edir.

Xatırladaq ki, Prezident İ.Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra xarici şrikətlərin, maliyyə qurumlarının rəhbərləri ilə fərdi görüşlər keçirib. Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsla görüşdə verilən məlumata görə, alman iş adamlarının Azərbaycanda nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələri bu ay ərzində ölkəmizə səfəri baş tutacaq. Bu, indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyəti olacaq.

 İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianini ilə görüşdə Azərbaycanla şirkət arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Fevralın 20-də Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Nazirin X sosial şəbəkəsindəki paylaşımından aydın olur ki, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında investisiyaların təşviqi, bərpaolunan enerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gürok Group” şirkətlər qrupu arasında Azərbaycanda və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə ölkədə şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Əlbəttə, bunlar ayrı-ayrı layihələrdir. Azərbaycan iqtisadiyyatının əksər sahələrinə investisiyalara çox böyük ehtiyac var. 

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektorunda investisiyalar üçün potensial kifayət qədər yüksəkdir: “Bu potensialın reallaşması üçün qəbul olunmuş Rəqabət Məcəlləsinin tam işlək mexanizmi qurulmalıdır ki, sağlam rəqabət mühiti formalaşsın. Belə rəqabətli mühit də investisiya mühitini investorlar üçün cəlbedici hala gətirə bilər. Bundan başqa, manatın məzənnəsi də investisiya mühitinə mənfi təsir göstərən amillərdəndir. Güclü manat ixrac potensialının sıxılması deməkdir.  Hazırda investisiya mühitinə mənfi təsir göstərən daha bir amil quru sərhədlərin bağlı olmasıdır. Həlledici olmasa da, bu amilin də investisiya mühitinə təsiri var”.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti xarici investisiyanı yeraltı və yerüstü sərvətlərin birbaşa xarici bazarlara çıxarılmasına deyil, hazır məhsulun ixracına yönəltməyi qarşıya məqsəd qoymalıdır: “Biz xammal ixracatçısı rolundan çıxmağı, hazır məhsul satıcısı rolunu qazanmağı hədəfləməliyik. Bu, iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək yeganə yoldur. Bu baxımdan, investorlara mümkün investisiya layihələri konkret hədəflərlə birlikdə təklif olunmalıdır. Biz dəqiq deməliyik ki, ehtiyacımız əlavə dəyər yaradan layihələrədir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR