İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellektli ordu: ABŞ yeni döyüş erasına gedir

"ABŞ Müdafiə Nazirliyinin orduda genişmiqyaslı islahatlara qərar verməsi Vaşinqtonun yeni təhlükəsizlik siyasətindən xəbər verir".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, ABŞ-ın 2027-ci ilə qədər hərəkətdə olan quru və dəniz hədəflərini vura bilən uzaqmənzilli raketlərin silahlanmaya daxil edilməsini təmin etməsi bu siyasətin tərkib hissəsidir:

"Bundan başqa, 2026-cı ilə qədər hər bir diviziyaya pilotsuz sistemlərin və hücum vasitələrinin çatdırılması, 2027-ci ilə qədər süni intellektə əsaslanan qoşun idarəetmə sisteminin tətbiqi, eləcə də 2028-ci ilə qədər kifayət qədər sursat ehtiyatlarının istehsalı üçün sənaye bazasının modernləşdirilməsi daxildir.

Pentaqon rəhbəri Pit Heqsetin köhnəlmiş silah sistemlərinin alınmasının dayandırılmasını, "effektsiz və ya artıq olan" proqramların ləğv və ya azaldılmasını, ordunun ehtiyatlarının strateji ehtiyaclara uyğun optimallaşdırılmasını və israfçılığa yol açan müqavilələrdən imtinası da diqqət çəkib. Regional müharibələrin xarakteri dəyişib. Keçmişdə istifadə olunan bahalı hərbi texnikaların əhəmiyyəti azalıb. Məsələn, ucuz başa gələn dron milyonlarla dollar dəyəri olan tankı məhv etmək qabiliyyətinə malikdir".

Politoloqun fikrincə, ABŞ ordusundakı mövcud dəyişikliklərin əsas prioritetlərdən biri kimi Sakit okean regionunda Çinin qarşısının alınması və Amerika ərazisinin müdafiəsi üçün qüvvələrin  yenidən strateji qruplaşdırılması göstərilib:

"ABŞ Çinin bölgədə artan gücündən narahatdır. Buna baxmayaraq, Pentaqonun orduda başladığı islahatlar və hərbi qüvvələrin modernləşdirməsi Çinin hərbi doktirasına təsir etməyəcək. Əksinə, Pekin Pentaqonun islahatlarına cavab olaraq Çin ordusunun daha da gücləndirilməsi və təhlükəsizliyə maliyyənin artırılması siyasətinə üstünlük verəcək. Pekinin əsas hədəfi Tayvandır.

Çin hakimiyyəti bu adanı nəzarətə götürmək hədəfindən imtina etməyib. ABŞ prezidenti Donald Trampı bu mövzu az maraqlandırsa da, Pentaqonun orduda başladığı islahatlar onun icazəsi ilə həyata keçirilməyə başlanılıb. Bu o deməkdir ki, Tramp Çinlə iqtisadi zəmində mübarizə aparmaqla yanaşı, hərbi sahədə də bu ölkəni üstələməyə çalışır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR