İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni separatçılarının cinayətlərini üzlərinə deyən deputatdan SENSASİON açıqlamalar - VİDEO, FOTOLAR

Azərbaycanın paytaxtında 21-ci əsrin məhkəməsi adlandırdığımız, həmçinin “İkinci Nürnberq prosesi” olaraq tarixə vəsiqə qazanan proses davam etdikcə ölkəmizə və xalqımıza qarşı törədilən dəhşətli cinayətlər etiraf olunur.

Təqsirləndirilən statusda ifadələr verən separatçıların başçıları şahid və zərərçəkənlərin ifadələri, açıqladıqları tükürpədici faktlar, həmçinin məhkəmə istintaqının gedişində təqdim olunan videomateriallar qarşısında bəzən “timsahın göz yaşlarını tökürlər”, guya peşman olduqları görüntüsünü yaradırlar.  

Bir müddət öncə məhkəmə prosesində zərərçəkmiş qismində ifadə verən Milli Məclisin Xocalıdan olan deputatı, keçmiş döyüşçü, Xocalı soyqırımının şahidi və soyqırım zamanı anasını, həmçinin çoxsaylı qohumlarını itirən Elman Məmmədov separatçıların üzünə bir çox faktları sadalayıb, məhkəmənin ədalətli qərar qəbul edəcəyinə əminliyini ifadə edib.

ELMAN EN SON.jpeg (281 KB)

Qarabağ hadisələrinin ilk günlərində erməni separatçılarının azərbaycanlılara qarşı cinayətlərinə şahidlik edən E.Məmmədov detallı şəkildə baş verənlərdən bəhs edib.

“Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında və Karşel Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”, - deyən E.Məmmədovun ifadəsinə təqsirləndirilən separatçı liderlər başlarını aşağı salmaqla reaksiya veriblər.

Eyni zamanda Xocalı soyqırımında qətlə yetirilən 613 nəfərdən heç birinin hərbi şəxs olmadığını, dinc, günahsız insanlara qarşı tükürpədici cinayətlərin törədildiyini xatırladan Xocalının sabiq icra başçısı şahid olduğu digər çoxsaylı müharibə cinayətlərindən də bəhs edib.

Qarabağ torpaqları işğalda olarkən Elman Məmmədovla çoxsaylı söhbətlərimiz, həmçinin “Yeni Müsavat” üçün müsahibələrimiz olmuşdu. Xocalı üçün burnunun ucunun göynədiyini dəfələrlə dilə gətirən Elman müəllim Prezidentin iştirakı ilə Xocalı sakinlərinin yenidən bərpa edilən doğma yurda qayıdışına da şəxsən şahidlik etdi, həmçinin “Əsrin məhkəməsi”ndə də sözünü dedi. Bütün bunlar heç şübhəsiz ki, möhtəşəm duyğular yaradır.

Elə “Yeni Müsavat” olaraq millət vəkili ilə bütün bu mövzularla bağlı söhbət etdik, fikirlərini öyrəndik, həmçinin bütün bu dəhşətlərdən sonra ermənilərə etibar etmək, onlarla sülh şəraitində yaşamaq olarmı, kimi suallara da cavab istədik.

Videomüsahibəni təqdim edirik:

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR