Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsi (BfV) ölkənin aparıcı siyasi qüvvələrindən biri olan “Almaniya üçün Alternativ” (AfD) partiyasını rəsmi olaraq ekstremist təşkilat kimi tanıyıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya mətbuatı rəsmi qurumun açıqlamasına istinadla məlumat yayıb.
Qurumun bəyanatında qeyd olunur ki, AfD Almaniya konstitusiyasının əsaslarını sarsıtmaq təhlükəsi yaradır və demokratiya üçün real təhdidə çevrilib.
Qeyd edək ki, partiyanın gənclər qanadı və bəzi regional bölmələri artıq daha öncə ekstremist kimi tanınmışdı. 2021-ci ildən bəri isə AfD ümumi şəkildə şübhəli qurum kimi izlənilirdi.
Yeni qərarla Almaniya daxili kəşfiyyat orqanı – BfV partiyaya qarşı genişlənmiş səlahiyyətlər əldə edir. Bundan sonra AfD üzvlərinin telefon danışıqları dinlənilə, yazışmaları izlənilə və partiya fəaliyyəti tam nəzarətə götürülə bilər. Eyni zamanda dövlət qulluqçularına bu partiyaya üzv olmaq qadağan ediləcək.
Ən maraqlısı isə budur ki, son sorğulara əsasən AfD ölkədə ən populyar siyasi qüvvəyə çevrilərək, klassik mühafizəkarlar – Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqını (CDU/CSU) geridə qoyub.
Analitiklər bu qərarın Almaniya siyasətində ciddi dalğalanmalara səbəb olacağını və demokratik dəyərlərin sərhədləri ilə bağlı geniş ictimai müzakirələr yaradacağını proqnozlaşdırırlar.
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ