İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkin sahələri genişlənir: kənd təsərrüfatı istehsalı artır

Azərbaycanda əkin sahələrində son iki ildə qeydə alınan azalma tədricən aradan qaldırılır. “Yeni Müsavat” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə yazlıq bitkilərin səpini həyata keçirilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Bildirilir ki, 3 ayda 24,0 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektar sahədə tərəvəz, 26,1 min hektar sahədə kartof, 3,9 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə dən üçün günəbaxan, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,1 min hektar sahədə pambıq, 33,1 min hektar sahədə çoxillik otlar və 3,4 min hektar sahədə birillik otlar əkilib.

Məlumatdan aydın olur ki, yazlıq buğda əkinləri 2024-cü ildəki 584,3 hektardan bu il 93,1 hektara qədər (azalma 84,1 faiz), kartof əkinləri 27 141,3  hektardan 26 110,1 hektara (3,8 faiz), tərəvəz əkinləri 27 285,9 hektardan 26 877,0 hektara (1,5 faiz) qədər azalıb. Əvəzində vələmir (yulaf) əkinləri 5 067,9 hektardan 5 924,8 hektara (artım 16 faiz), dən üçün qarğıdalı əkinləri 2 985,5 hektardan 5 053,4  hektara (69,3 faiz), dən üçün günəbaxan əkinləri 1595,9 hektardan 3 075,5 hektara (artım 92,7 faiz), bostan bitkiləri 3 472,4 hektardan 3 891,4  hektara (12,1 faiz), şəkər çuğunduru əkinləri 1 352,2 hektardan 1 564,9  hektara (15,7 faiz) çatdırılıb.

Qeyd edək ki, bu ilin məhsulu üçün dən və yaşıl yem üçün payızlıq bitkilər əkinlərində azalma olub. Bu il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə belə səpin işləri aparılıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi 2,3 faiz artıb.

Buğda əkinlərinin azalmasının səbəbləri barədə sualı cavablandıran kənd təsərrüfatı naziri Məcnun Məmmədov bunun dürüstləşdirmə və iqlim şərtləri ilə bağlı olduğunu deyib:  “2024-cü il statistikasında əkin sahələri üzrə göstəricilərin azalması dürüstləşmə ilə əlaqədardır. Artıq müəyyən sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar. Buna paralel olaraq biz bu ildən bəzi addımlar atmağı planlayırıq. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanda dincə qoyulma subsidiyası nəzərdə tutulub. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır”.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 2024-cü ilin məhsulu 1 milyon 25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdi. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 1 milyon 15,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil etmişdi. Onun 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 0,2 min hektarı isə çovdar əkinləri olub. Beləliklə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artmışdı.

Ötən illərdə əkinlərin azalması ilə yanaşı, ölkənin kənd təsərrüfatında artım sürəti də zəifləmişdi. Rəsmi statistikaya əsasən 2024-cü il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 995,2 milyon manat təşkil edib. Bunun 6 milyard 832,9 milyon manatı heyvandarlıq, 6 milyard 162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb. Halbuki 2023-cü ildə 2022-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artmışdı.

Bitkiçilik sahəsində məhsul istehsalının artım sürəti bu ilin birinci rübündə yüksəlib. Belə ki, ilk 3 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,2 faiz, bitkiçilik məhsulları istehsalı 13,0 faiz artıb. Təsərrüfatlarda yanvar-mart aylarında 110,1 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 14,0 faiz çox tərəvəz məhsulları istehsal edilib. 2024-cü ilin eyni dövründə bitkiçilik sahəsində cəmi 2,9 faizlik artım qeydə alınmışdı.

Ötən il işğaldan azad olunan ərazilərdə də əkin sahələrinin azalması qeydə alınmışdı. Lakin bu ildən prosesin artımla əvəz olunması gözlənilir. Buna azad olunan ərazilərdə torpaqların Azərbaycan Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları” əsasında icarəyə verilməsi prosesinin başlanması təkan verir.

Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın verdiyi məlumata əsasən, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası diqqət mərkəzindədir: “Bu sahədə yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi qarşıya vəzifə kimi qoyulub. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı 4,7 min hektar ərazi ayrı-ayrı subyektlərə icarəyə verilib”.

O, Zəngilan rayonunda kənd təsərrüfatı təyinatlı 2220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda isə 2000 hektar torpağın aqrar sahədə fəaliyyət göstərənlərə uzunmüddətli - 40 illik icarəyə verildiyini bildirib. Nazir müavininin sözlərinə görə, azad edilmiş ərazilərdə aqrar sahə subyektləri ilə qısamüddətli müqavilələr də bağlanır. İki gün əvvəl Zəngilan rayonu Ağalı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinləri ilə icarə müqavilələrinin imzalanması mərasimi keçirilib.  Qaydalara əsasən, istifadəsinə torpaq sahələri verilmiş kənd sakinləri torpaqlardan təyinatına uyğun istifadə etməli, bu ərazinin iqlim şəraitinə uyğun, mütəxəssislərin tövsiyə etdikləri bitkiləri yetişdirməli, yalnız sertifikatlı toxum və tinglərdən istifadə etməli, torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməlidirlər. Müəyyən olunmuş qaydalara (öhdəliklərinə) əməl etməyən sakinlərlə bağlanan icarə müqavilələrinə xitam veriləcək, torpaq sahələri təyinatına uyğun istifadə üçün digər kənd sakinlərinin istifadəsinə veriləcək. Qeyd edək ki, torpaq sahələri suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Ağalı kəndində birillik və çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün 5 il təşkil edir. Növbəti illərdə torpaqdan səmərəli istifadənin nəticəsinə uyğun olaraq müqavilələrin müddəti uzadıla bilər.

M.Məmmədov aprelin 30-da Zəngilanda keçirilən Aqrar Biznes Festivalında bildirib ki, dövlət və fermerlərin birgə əməkdaşlığı sayəsində Ağalı kəndi əkin məqsədli torpaq istifadəsində ilk nümunə olacaq, bu modelin işğaldan azad olunmuş ərazilərdə genişləndirilməsi planlaşdırılır. O qeyd edib ki, Ağalı üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün kənd sakinlərindən müraciətlərin qəbulu bu ilin mart ayında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə aparılıb: “Ümumilikdə kənd sakinlərindən 74 müraciət daxil olub. Onlar təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. İlk 3 kooperativlə torpaq istifadə müqavilələri imzalandı. İnanıram ki, dövlətin torpağı əkinə hazır vəziyyətə gətirdiyi və infrastrukturla təmin etdiyi bu ərazilərdə fermerlərimiz məhsul istehsalına yaxın gələcəkdə başlayacaqlar. Ağalıda nazirliyin elmi-tətqiqat institutları sınaq əkini həyata keçirir. Fermerlərə müxtəlif bitki növlərinin yetişdirilməsini, məhsuldarlığı göstərəcəklər”.

Nazir əlavə edib ki, 2026-cı ilin sonuna qədər dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərində 44 kəndin salınması və onların əhalisinin qaytarılması nəzərdə tutulub: “Bu kəndlərdə torpaqların fermerlərin birgə qurduqları kooperativlərə təhkim edilməsi planlaşdırılır”.

Təqdirəlayiq haldır ki, işğaldan azad olunmuş ərazilərdə torpaqlardan kənd təsərrüfatı istehsalı məqsədilə istifadə üçün müasir yanaşmanı əks etdirən tələblər müəyyənləşdirilib. Bura ilk növbədə sudan qənaətli istifadəyə əsaslanan suvarma sistemlərindən istifadə, həmçinin aqrotexniki qulluq məsələləri aiddir. Azərbaycanın qlobal iqlim dəyişikliklərinə ən çox məruz qalan ölkələrdən biri olduğunu nəzərə alsaq, bu məsələlərin növbəti dövrdə ölkə üçün ən mühüm çağırışlara çevrildiyini söyləmək olar.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR