İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonları aclıqdan qurtaran kimyaçı – Haberin icadı milyonların ölümünə səbəb olub

22 aprel 1915-ci ildə ilk dəfə kimyəvi silahdan istifadə edilib. 1940-cı il aprelin 27-də Osvensim konsentrasiya düşərgəsi yaradılıb. Fris Haberin hər iki hadisə ilə birbaşa əlaqəsi olub.

Məşhur kimyaçı, Nobel mükafatı laureatı Haber I dünya müharibəsində almanlara düşməni xlor qazı ilə məhv etməkdə kömək edib. II dünya müharibəsində onun kəşf etdiyi “Siklon B” ilə öz qohumları da daxil olmaqla milyonlarla əsir-məhbus öldürülüb.

Dinini dəyişərək alman olmaq istəyən yəhudi gübrə istehsalında inqilab edib, minlərlə insanı aclıqdan xilas edib, amma milyonlarla insanın da ölümünə bais olub.

Almandan çox alman

77435034-bdc1-4152-9241-9f916c4268eb.jpg (121 KB)

Gələcək dahi kimyaçı uşaq ikən dözə bilmədiyi atası ilə bir evdə, hətta eyni şəhərdə də yaşamaq istəməyib. Bu hisslər qarşılıqlı olub və Frisin doğulduğu şəraitlə izah olunub.

O, 9 dekabr 1868-ci ildə Prussiyanın Breslau şəhərində (indiki Vroslav, Polşa) anadan olub. Valideynləri bir-birini, demək olar ki, doğuşdan tanıyıblar - əmiuşağı olublar. Onlar bir-birini o qədər seviblər ki, ailənin istəyinə zidd olaraq evləniblər. Doğuş çətin keçib və Frisin anası bir neçə həftə sonra ölüb. Kədərlənən ata körpəni həyat yoldaşının ölümündə günahlandırıb və onu heç vaxt bağışlaya bilməyib.

Katoliklərin, protestantların və yəhudilərin bərabər şərtlərlə yaşadığı mühitdə o yaxşı təhsil alıb, təbiət elmləri ilə maraqlanıb, məktəbin ən yaxşı idmançısı olub. Yom-Kippur bayramını qeyd etməsə də, Breslaudan yəhudi olduğunu unutmayan atasından fərqli olaraq, Fris həmişə əsl alman olmaq istəyib. Bütün soyuqluğa baxmayaraq, 1886-cı ildə Fridrix-Vilhelms universitetində kimya təhsili almaq üçün paytaxt Berlinə gələn Frisə atası kömək edib.

f7df7ad3-4ec9-42d0-8221-a32e7a610424.jpg (58 KB)

Berlində oxuduğu universitetin ölkənin ən yaxşısı olmadığını anlayan gələcək alim Heydelbergə köçüb. Əsl alman olmaq üçün bir il könüllü olaraq orduda xidmət edib, lüteranlığı qəbul etdikdən sonra leytenant rütbəsi alıb. Hərbi xidməti zamanı Haber gələcək həyat yoldaşı, eyni zamanda xristianlığı qəbul etmiş yəhudi Klara İmmervahrla tanış olub.

Fris bir neçə il onunla görüşüb, lakin onlar 1901-ci ilə qədər evlənməyiblər. Bir il sonra onların Hermann adlı oğulları dünyaya gəlib. Xidmətini başa vurduqdan sonra təhsilə qayıtdığı üçün atası ilə münasibətləri bir az da yaxşılaşıb. Ziqfrid oğlunun kimyanı seçməsinə sevinib. Çünki onun biznesi boyalar və kimyəvi maddələr alveri olub.

Odur ki, o, oğlunun təhsil haqqını ödəməyə davam edib. Bir müddət sonra F. Haber Avropanın bir çox şəhərlərini gəzib və biliyini artırıb. Dissertasiya müdafiə edərək kimya elmləri doktoru olan gənc atasının yanına qayıtsa da, onunla dolana bilməyib.

Dahi olmaq istəyən alim

f19a6c33-9446-476f-b46f-fbd57d61870b.jpg (97 KB)

Karlsruedəki BASF mühəndisi Karl Boşla dostluğu onu məşhur edib. Bu, elm adamlarının tanışlığı dünyanın aclıq problemindən danışdığı bir dövrə təsadüf edib. Kənd təsərrüfatının mütləq gübrələrə, azot gübrələrinə ehtiyacı yaranıb, lakin onların mənbələri son dərəcə məhdud olub. O dövrdə insanlar ammonyakı yalnız təbii yolla - ya yeraltından və ya ümumiyyətlə quşların “tullantıları” adlandırılan yerdən çıxara biliblər. Haber və Boş ammonyak sintez etməyin alternativ yollarını düşünüblər. Onlara dəli kimi baxıblar, lakin 1909-cu ildə azot və hidrogendən ammonyak hasil etmək üsulunu – sonradan Haber (və ya Haber-Boş) prosesi adlandırılacaq prosesi dünyaya təqdim ediblər.

Ucuz texnologiya əlçatan və lazım olan qədər gübrə istehsal etməyə imkan verib. Nəhayət, Avropa aclıqdan xilas olub. Qəzetlərdə Haberin ixtirası “havadan çörək” adlanıb.

Tezliklə Haber Albert Eynşteyn, Nils Bor, Maks Plank və dövrün digər böyük şəxsiyyətlərlə dost olub. Fris vətənpərvərlik baxımından alim dostlarından köklü şəkildə fərqlənib: “Sülh dövründə alim bütün dünyaya, müharibə vaxtı isə ancaq öz ölkəsinə məxsusdur”.

4118738e-6700-41e1-8621-c3474412d4bd.jpg (127 KB)

I dünya müharibəsi dövründə o, “vətənpərvərliyini” sübut edib. Bir ildən az müddətdə istedadlı kimyaçıların çalışdığı “Haber” laboratoriyası düşmən qoşunlarına qarşı istifadə oluna biləcək zəhərli qaz - xloru təqdim edib. Dünyada xlordan ilk istifadə İpr döyüşündə olub. Bundan əvvəl bir neçə həftəlik hazırlıq keçirilib. Haber qazı düşmənə çatdırmaq üçün küləyin hərəkətini gözləyib. Aprelin 22-də səhər tezdən almanlar Haberin birbaşa nəzarəti altında küləyin fransız mövqelərinə doğru əsdiyi zaman 5000 kanistrdən 168 tondan çox qaz buraxıblar.

Dəqiqələr ərzində 10 min əsgərin yarısı ölüb. Bir neçə gün sonra Britaniya və Kanada qoşunlarına qarşı da oxşar hücum təşkil edilib. Ümumilikdə İpr döyüşündə xlor təxminən 70 000 Antanta əsgərinin həyatına son qoyub. Haber üçün bu, əsl zəfər olub.

Onu təcili Berlinə çağıraraq kapitan rütbəsi veriblər. O, uğurunu qeyd etmək üçün evində möhtəşəm şənlik təşkil edib. Bayramın ortasında həyat yoldaşı, Almaniyada kimya üzrə doktorluq dərəcəsi alan ilk qadın xlordan ölməyin nə demək olduğunu çox yaxşı anladığı üçün bağçaya çıxıb və ərinin xidməti silahı ilə özünü güllələyib. Sabahı gün Haber heç nə olmamış kimi evini tərk edib.

Xalqının düşməni

Müharibənin sonunda Haber ikinci dəfə evlənib və xlora görə deyil, ammonyak üçün Nobel mükafatı alıb. İmperiya dağılsa da, o, institutunun başında qalaraq kimyəvi zəhərlər üzərində işləməyə davam edib. Həmin vaxt onun hədəfi insanlar deyil, həşəratlar olub. Onun rəhbərliyi altında təsirli bir insektisid olan “Siklon” yaradılıb. (Daha sonra bu preparat təkmilləşdirilərək “Siklon B”-yə çevrilib və nasistlər tərəfindən konsentrasiya düşərgələrində istifadə edilib. Ancaq Haberin bundn xəbəri olmayıb).

Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə onun həyatı çökməyə başlayıb. Bir gün Fris öz institutuna işə gəlir və uzun illərdir tanıdığı qapıçı onun üzünə nəinki qapını açmır, hətta qabağında dayanıb gülümsəyir: “Əmr yəhudi Haberi içəri buraxmamaqdır”.

O zaman nasistlər hələ yəhudiləri kütləvi şəkildə məhv etməyə başlamamışdılar və ona görə də Haber sadəcə olaraq oradan uzaqlaşıb.

409afd32-a72f-434b-9f1d-f0cf4889f580.jpg (122 KB)

Bir çox alimlər onun müharibədəki əməllərinə görə ona hörmət etməyiblər. Alim Kembricə getsə də, Ernest Rutherford açıq şəkildə onun əlini sıxmaqdan imtina edib və Haber təhsil müəssisəsindən ayrılıb. Gəncliyində rədd etdiyi yəhudilər ona kömək ediblər. Məşhur kimyaçı (İsrailin gələcək prezidenti) Haim Veysman onu Fələstindəki institutunda işləməyə dəvət edib. Haber razılaşsa da, 29 yanvar 1934-cü ildə infarkt onun həyatına son qoyub.

Tezliklə nasistlər yəhudiləri kütləvi şəkildə qətlə yetirmək üçün institutda t “Siklon B”-dən istifadə etməyə başlayıblar. Ölənlər arasında Haberin qohumları da olub. Onun son iki qurbanı isə öz övladları olub. İlk evliliyindən olan oğlu Hermann 1946-cı ildə bütün dünya Haberin “Siklon B” yaradılmasında rolunu öyrəndikdə intihar edib. Bir neçə il sonra ikinci evliliyindən olan qızı Klara da özünü öldürüb. Fris Haberın adına İsraildə iki, Almaniyada isə bir elmi institut fəaliyyət göstərir.

Onun haqqında ən yaxşı cümləni Albert Eynşteyn işlədib: “Haberin həyatı bir alman yəhudisinin faciəsidir. Qarşılıqsız sevgi faciəsi”.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR