İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümcül zarafat – Stalin dövrü rəhbərlərinin yumoru da qorxunc olub

Dünən Kulis.az saytında maraqlı bir material dərc olunub. Yazı məşhur şair, ictimai-siyasi xadim Süleyman Rüstəmin Stalin dövrünə aid xatirələrindən bir parça əsasında hazırlanıb.

Təkcə bu fraqment sovet dönəminin ilk vaxtlarındakı mühitin necə dəhşətli olduğunu göstərir.

S.Rüstəmin nəql etdiyi hadisə 1938-ci ildə baş verib. Bir gecə saat 3-də şairin evinə zəng gəlir və onu Azərbaycan SSR-in faktiki rəhbəri Mircəfər Bağırovun yanına çağırırlar. Tuthatut illəri olduğundan, gecə vaxtı “orqanlar”a aparılanların ən yaxşı halda Sibirə göndərildiyindən xəbərdar olan ailədə ağlaşma-şivən qopur. S.Rüstəm hazırlaşır, halallaşır və MK-ya gedir. 4-ə işləmiş onu Bağırovun yanına ötürürlər. Birinci katib onu susqun halda qarşılayır, pauzanı uzadır, onu niyə çağırdığını demir. Şair əmin olur ki, onu da “xalq düşməni” elan edəcəklər və “çekistlər” içəri girib onu NKVD-nin zirzəmisinə aparacaqlar. Nəhayət, Bağırov sözü açır, qorxudan sarılıq tutmaq üzrə olan şairə deyir ki, sənin deputatlığa namizədliyini Qubadan vermişəm, təbrik edirəm.

Birinci katibin kiminsə namizədliyini irəli sürməsi mandatın cibdə olması demək olsa da, S.Rüstəm birtəhər özünə gəlir və evinə zəng vurub deyir ki, salamatlıqdır.

Daha sonra Bağırov ona deyir ki, indi “qoca”nı (Məmməd Səid Ordubadi) da gətirəcəklər, görək, o mənim gecə zarafatıma necə tablaşır. Bir azdan qocaman ədib də rəngi ağarmış halda Bağırovun kabinetinə daxil olur, ayaq üstə güclə durduğundan divara söykənir. Bağırov üzünü ona və S.Rüstəmə tutaraq deyir: “İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!”

Ordubadi dözmür, dizlərini yerə atıb Bağırova yalvarır. O, Həştərxanda Bağırovla birlikdə sürgündə olduğu vaxt aralarında yaranmış ailəvi dostluğa işarə edir, birinci katibi oğlu Volodyanın canına and verir ki, onunla işi olmasın.

Volodyanın adı gələndə Bağırov özünü saxlaya bilmir, gülür. Çünki Volodya Həştərxanda Məmməd Səidin qucağında böyüyübmüş.

Bağırov yazıçıya zarafat etdiyini deyir və əlavə edir ki, onun da namizədliyini Culfadan irəli sürüb, deputat olacaq.

Ölüb-dirilmiş Ordubadi küsür, deyir, bu zarafata görə Volodyaya şikayət edəcək.

Dövrana, o boyda vəzifə yiyəsinin zarafatına baxın. Gecə saat 3-də ölkənin iki şair-yazıçısını yanına çağırır və infarkta səbəb olacaq zarafatlar edir.

Şair də, yazıçı da Əzrayıl görmüş kimi qorxur. Heç günahsız olduqları belə onları ovutmur, çünki bilirlər: elə bir dövrdür ki, insanların günahlı-günahsız olduqlarına baxmaycaqlar, üstlərinə damğanı vuracaq, müdafiə haqqı vermədən ya divara söykəyəcəklər, ya da yük qatarına oturdub Sibirə göndərəcəklər.
Güman ki, Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşviqi, Abbas Mirzə Şərifzadəni, Yusif Vəzir Çəmənzəminlini, Bəkir Çobanzadəni, onlarca başqalarını gecə ilə həbs edəndə onlar da qorxublar, amma heç kəs onlara bunun zarafat olduğunu deməyib və adamları günahsız olsalar da, ağır şəkildə cəzalandırıblar.

Minlərlə insanın taleyi donos yazanın perosunun ucunda, müstəntiq və prokurorun düzüb-qoşduğu ittihamnamənin sətirlərinin içində, yuxarıdan gələn əmrə “oldu” deyəcək hakimin toxmağının altında, “yoldaş Bağırov”ların iki dodağının arasında imiş.

O zamanlar hər respublikanın öz Bağırovu olub və hamısı da minlərlə adamı, partiya kadrlarını, ziyalıları bir kəlmələri ilə məhv ediblər. Ermənistanın “Bağırov”u olan Xanciyanın bəxti heç gətirməyib, onu Tiflisdə Beriya öz kabinetində güllələyib – məhkəməsiz-filansız, söz güləşdirdiyinə görə.

Daha sonra güllələyənlərin özlərinin güllələnməsi dövrü yetişib. Onların bir xeylisi öz layiqli cəzalarını alıblar. Canını qurtaranlar isə daha çox olub.

Bilindiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətini devirən yerli bolşeviklərin çoxu sonradan güllələnib, amma onları heç də 1920-ci ildə Azərbaycan xalqına xəyanət etdiklərinə görə yox, Stalinin komandasında olmadıqlarına, Kirova, Zinovyevə, Buxarinə meylləndiklərinə, özlərini “leninçi qvardiya”dan saydıqlarına görə güllələyiblər.

Bir partiyadakı iki fraksiyanın birində olmaq edam cəzasına layiq görülür. Bu qədər vəhşilik, absurd, hədsizlik olarmı? Mədəni dünyada heç vaxt ola bilməzdi, amma Lenin və Stalinin rəhbərlik etdiyi SSRİ-də olub.

“Rəhbərin zarafatı” silsiləsindən bir məşhur əhvalat da var. Müharibə illərində Kremldə MK-nın şöbə müdirlərindən biri (şərti adı İvanov olsun) dəhlizdə Stalinlə rastlaşanda rəhbər ona deyirmiş: “Yoldaş İvanov, sən hələ burdasan? Hələ aparmayıblar?”

İvanov divara sıxılır, yazıq-yazıq baxır, eləcə gülümsəyirmiş. Hər belə dialoqdan sonra o, evinə gedir, gecəni yata bilmirmiş, qorxurmuş ki, indicə gəlib aparacaqlar. Stalinlə İvanovun bu mükaliməsi 5-6 dəfə təkrar olunur. Nəhayət, müharibə bitir, qələbəyə həsr olunmuş ziyafətlərin birində Stalin qədəhini götürüb ayağa qalxır və deyir: “Biz o ağır illərdə heç vaxt ümidimizi itirmədik, nikbinliyimizi qoruduq, hətta bəzən zarafatlaşdıq da. Elə deyilmi, yoldaş İvanov? Necə zarafat etdiyimiz yadındadırmı?”

İvanov necə desən ki, bu zarafatlara görə artıq xəstəlik tapıb.

P.S. İndi təsəvvür edin ki, bu gün hansısa yazıçı-şairi, rəssam-rejissoru gecə saat 2-3-də dövlət başçısının yanına çağırırlar. Heç biri qorxmaz. Əksinə, düşünərlər ki, bu xeyirliyədir, ya vəzifə təklif olunacaq, ya da nəsə təltif-filan olacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR