Onlayn ictimai-siyasi qəzet
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Fairmont Baku" hoteldə "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci forum keçirilib.
Musavat.com xəbər verir ki, tədbir medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsi məqsədilə təşkil olunub.
"Konstitusiya və Suverenlik İli"ndə media gündəmi panel sessiyasını Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimova açıb:
"Bilirsiniz ki, bu ili Cənab Prezident "Konstitusiya və Suverenlik İli" elan edib. Hər bir ölkənin konstitusiyası onun üçün çox vacibdir. II Forumun ilk panelində iştirak edən hər kəsə təşəkkür edirik".
İlk olaraq söz Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Anar Eyvazova verilib:
"Dəvət üçün təşəkkür edirəm. Medianın İnkişafı Agentliyinə belə bir tədbir təşkil etdiyi üçün xüsusi təşəkkür edirik.
Azərbaycan Ordusu öz peşəkarlığını yüksək səviyyədə göstərib. Biz indiyə qədər ordumuzun dəfələrlə uğurlu əməliyyatının şahidi olmuşuq. Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra ordumuzun daha da gücləndirilməsi, müasir silahların alınması istiqamətində uğurlu fəaliyyət göstərildi. Bir sutkadan da az keçən antiterror əməliyyatında ordumuzun peşəkarlığına bir daha hər kəs şahidlik etdi. Təsadüfi deyil ki, Cənab Prezident 20 sentyabrı Suverenlik Günü elan etdi. Bütün bunların ictimaiyyətə çatdırılması üçün tədbirlər keçirildi.
Biz media nümayəndələri ilə birlikdə fəaliyyət nəticəsində bütün bunlara nail oluruq. Biz qanunvericiliyə daim əməl etməliyik. Burada dövlət və hərbi sirri qorumağın vacibliyini xüsusilə vurğulayıram. Bizə dəstək olduqları üçün media nümayəndələrinə xüsusi təşəkkür edirəm. Biz keyfiyyətli işimizi davam etdirəcəyik".
Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov bildirib ki, Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə sahibdir:
"Bizim media ilə münasibətlərimiz daim diqqət mərkəzindədir. Media çox aktiv rol oynayır, müxtəlif məsələlərin işıqlandırılmasında böyük rol oynayır. Hər birinizə təşəkkür edirik".
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ləman Hüseynzadə:
"Hörmətli media nümayəndələri, hər birinizi salamlayıram. Çox əlamətdar ildir. Həm "Konstitusiya və Suverenlik İli"ni qeyd edirik, həm də bu il mediamızın 150 illik yubileyidir.
Məhkəmə qərarlarının icrası istiqamətində böyük işlər görülür. Məhkumların hüquqlarının qorunması nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir.
Medianın İnkişafı Agentliyinə təşəkkür edirik ki, belə bir tədbir keçirir, biz media ilə daha yaxından əməkdaşlıq edirik. Əslində görülən işlər çoxdur".
Azərbaycan Respublikası Ombudsman Aparatının mətbuat katibi Araz Əsgərli bildirib ki, Ombudsmanın fəaliyyəti çoxşaxəlidir:
"Media informasiya üzərində işləyir. İnsan hüquqları üzrə yanaşmalar fərqlidir. Bunu hamımız yaxşı bilirik. Media haqqında qanuna dəyişikliklərlə bağlı bir sıra təkliflər elə Ombudsman tərəfindən verilmişdi və onlar da həllini tapıb. Ölkəmiz haqqında düzgün məlumatları çatdırmaq olduqca vacibdir. Bu məsələdə xüsusən diqqətli olmaq lazımdır.
Biz həmkarlarımızın daim dəstəyini görürük. Bizim fəaliyyətimiz daim davam edir. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi mövcuddur. Kifayət qədər müraciətlər edilir. Biz istənilən formada əməkdaşlığa media ilə açığıq.
İnsan hüquqları daim qorunmalıdır. Burada medianın böyük rolu var. Bəzən bilməyərəkdən verilən məlumatlarda şəxslərin hüquqları qorunur. Diqqətli olmağımız vacibdir".
Panel sessiyası sual-cavablarla yekunlaşıb.
Cavanşir Abbaslı
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ