İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Birliyi yeni "Roma İmperiyası" olmağa can atır: Qərbin strateji hədəfi dünyanı müstəmləkəyə çevirməkdir

Fransa və Hollandiya başda olmaqla, Avropa Birliyinin aparıcı üzvləri maliyyə-iqtisadi böhrandan yayınaraq, ayaqda qalmaq üçün ilk növbədə başqa ölkələrin yenidən müstəmləkəyə çevrilib, istismar olunmasını ən optimal çıxış yolu hesab edirlər... Belə anlaşılır ki, Qərb ölkələri dünyanın yenidən tamamilə əsarətə alınmasına can atırlar, əgər, bu cəhdlərin qarşısını almaq mümkün olmazsa, deməli, yaxın gələcəkdə dünyanın taleyi dəhşətli fəlakət ssenarilərinə tuş gətirilə bilər...

Dünya nəhəngləri arasında davam edən savaş artıq təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, bu savaş bütün dünyanı iki bir-birinə düşmən olan düşərgəyə bölüb. Nəticədə dünya böyük sürətlə qütbləşməyə məhkum buraxılmaqdadır. Və belə neqativ xarakterli qütbləşmə dünyada nə vaxtsa, qlobal savaşa keçid rolunu da oynaya bilər.

Onu da qeyd etmək lazımdır ki, yaxın gələcəkdə dünya nəhəngləri arasında münasibətlərin normallaşa biləcəyi artıq o qədər də inandırıcı görünmür. Çünki hazırda bir-birinə düşmən düşərgələr arasında hərbi-siyasi savaş ifrat dərəcədə dərinləşib, hətta bütün mövcud "qırmızı cizgiləri" çoxdan aşıb. Və belə təəssürat yaranır ki, dünya nəhəngləri məhz bilərəkdən "körpüləri" uçurtmağa üstünlük verirlər.

8a58cf850e2f54017df0c43a618889fb.jpg (240 KB)

Belə anlaşılır ki, yaxın gələcəkdə dünya nəhəngləri qarşılıqlı münasibətləri tənzimləmək niyyətindən çox-çox uzaqdırlar. Onlar hazırda beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlıq barədə demək olar ki, düşünmürlər. Bu baxımdan, hesab etmək olar ki, II dünya savaşından sonra formalaşdırılmış beynəlxalq hüquqi-siyasi sistem deqradasiya mərhələsinə keçmək üzrədir. Üstəlik, yeni beynəlxalq hüquqi-siyasi sistemin yaradılması istiqamətində konsensus ehtimalını da yaxına buraxmaq istəmirlər. Və bu, o deməkdir ki, düşmən düşərgələrin hər birisi özünə daha sərfəli yeni dünya düzəni qurmaq niyyətinə düşüb.

İndi müşahidə olunan əsas proseslər onu göstərir ki, ABŞ və Qərb Rusiya-Çin cütlüyünün yeni dünya düzənində hərbi-siyasi iradə sahibi olmasını istəmir. Qərb hesab edirlər ki, Rusiya və Çin onların beynəlxalq hegemoniya planlarına əsas əngəl törədən faktordur. Əslində, Qərbin bu qənaətində həqiqətdən uzaq nəsə axtarmaq müəyyən mənada, sadəlövhlük olardı.

Çünki Rusiya və Çin Qərbin beynəlxalq hegemoniya planlarına boyun əymək niyyətində deyil. Əksinə, həm Rusiya, həm də Çin yeni dünya düzənində Qərbin ən azından bərabərhüquqlu mövqelərindən uzaqlaşma cəhdlərini birmənalı şəkildə bloklanmasına cəhd göstərir. Və indi dünya nəhəngləri arasında qarşıdurmanın bu qədər amansız xarakter daşımasının əsas səbəbi də məhz bu məqamdan qaynaqlanır.

Ona görə də, ABŞ və Qərbin hazırda əsas hədəfi məhz Rusiya və Çinin siyasi iradəsini mümkün qədər bu dövlətlərin sərhədləri içərisinə sıxışdırıb, daha təsirsiz vəziyyətə gətirilməsinə yönəlib. Qərb siyasi dairələri Rusiya və Çinin beynəlxalq məkandan təcrid olunması məqsədilə bütün mümkün imkanlardan istifadə etməyə çalışırlar. Və bununla da dünyada iki nəhəng dövlətin sıradan çıxarılmasına yönəlik plan üzrə hərəkət edilir.

1647326821_1644327317_b291bf1bf78330b87c6835bb7eb8f573.jpg (53 KB)

Belə anlaşılır ki, ABŞ və Qərb hazırda təkqütblü dünya düzəni qurmağa cəhd göstərir. Halbuki, bu, bütün dünyanın daha təhlükəli vəziyyətə gəlməsinə də səbəb ola bilər. Çünki bütün dünyanın yalnız Qərbdən idarə olunması son nəticədə digər beynəlxalq düşərgənin istismar olunan qütb durumuna düşə biləcəyi anlamına gəlir. Buradan isə belə nəticə çıxartmaq olar ki, əslində, ABŞ və Qərb şəriksiz dünya hegemonluğuna can atmaqla, məhz imperialist siyasi-strateji məqsədlər güdür. Və buna imkan veriləcəyi təqdirdə, dünya bütövlükdə ABŞ-ın patronajlığı altında olan kollektiv Qərbin müstəmləkəsinə çevrilmiş olacaq.

Göründüyü kimi, hazırda baş verən hadisələr, cərəyan edən proseslər müəyyən mənada, həm də bütün dünyanın gələcək taleyini həll edə bilər. Xüsusilə də, bir önəmli məqamı da nəzərə almaq lazımdır ki, Qərb dövlətlərinin kifayət qədər ciddi tarixi müstəmləkəçilik təcrübəsi var. Çünki həmin ölkələrin mütləq əksəriyyəti vaxtilə Afrikada, Avstraliyada, Cənubi Amerikada, hətta Asiyada bir çox ölkələrə və xalqlara qarşı müstəmləkəçilik fəaliyyəti göstərməklə yanaşı, həm də dəhşətli soyqırımlar da törədiblər. Və indi Qərb ölkələrinə növbəti dəfə belə imkanların verilməsi bütün dünyada böyük faciələrə yol aça bilər.

Məsələ ondadır ki, zaman irəliləsə də, dünya müasirləşib, inkişaf etsə də, Qərb ölkələrinin müstəmləkəçilik və istismarçılıq ənənəsi, siyasi-ideoloji yanaşma tərzi qətiyyən dəyişməyib. Əksinə, Qərbdə bəzi ölkələr hələ də dünyanı qaranlıq keçmişə qaytarmaq niyyətlərinə və ümidlərinə sadiq qalıblar. Xüsusilə də, Fransa və Hollandiya kimi ölkələrin timsalında buna tamamilə əmin olmaq mümkündür. Hər halda, bu iki ölkə müasir dövrdə hələ də dünyanın bəzi regionlarında mövcud olan müstəmləkələrini qoruyub, saxlamağa nail olub. Və hazırda bu iki ölkə müstəmləkə ölkələrin azad yaşamaq hüququnu tanımaq deyil, onların sayını daha da artırıb, istismar etmək barədə düşünürlər.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Onu da qeyd etmək lazımdır ki, Fransa və Hollandiya müstəmləkəçilik və istismarçılıq siyasi-ideoloji hədəflər baxımından Avropa Birliyi daxilində "avanqard" rolunu da oynayırlar. Bu iki ölkə Avropa Birliyinin siyasi-iqtisadi alyansdan imperialist hədəflərə can atan quruma çevrilməsi üçün strateji iradə mərkəzi kimi davranır. Yəni, Avropa Birliyi indi Fransa və Hollandiyanın siyasi təsiri ilə dünyada imperialist hədəflərin əsas daşıyıcısına və təmsilçisinə çevrilməkdədir. Və son vaxtlar bu imperialist hədəflər Avropa Birliyinin siyasi kursunda dünyanın digər hissəsinə qarşı müstəmləkəçilik, istismarçılıq meyillərini daha ön plana çıxarıb.

Belə anlaşılır ki, Avropa Birliyi hazırda müasir "Roma İmperiyası"na çevrilmək istiqamətində israrla irəli hərəkət etməyə can atır. Fransa və Hollandiya başda olmaqla, Avropa Birliyində artıq bəzi üzv ölkələr hesab edirlər ki, maliyyə-iqtisadi böhrandan yayınaraq, ayaqda qalmaq üçün ilk növbədə başqa ölkələrin yenidən müstəmləkəyə çevrilib, istismar olunması ən optimal xilas yoludur.

Yəni, Qərb ölkələri dünyanın əsarət alınmasına can atırlar. Əgər, bu cəhdlərin qarşısını almaq mümkün olmazsa, deməli, yaxın gələcəkdə dünyanın taleyi fəlakət ssenarilərinə tuş gətirilə bilər. Və bu halda, bütün dünya Qərbin, xüsusilə də, ABŞ və Avropa Birliyinin ortaq müstəmləkəsinə çevrilməsinin qaçılmazlığı istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Politoloq: “Hakan Fidanın səfərində də biz eyni prosesi müşahidə edirik”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR