İnsanlara hürriyət, millətlərə istiqlal!

Kimin belə buldozerçisi var?

Bu ölkədə hamının travmalı- ağrılı bir hekayəsi var. Jurnalist olduğunu bilən kimi sənə yaxınlaşıb, başına gələni danışanların sayından bilirəm bunu. Hamı nə zamansa çox pis aldadılıb, haqsızlığa uğrayıb, ilişdirilib, dövlət səsini eşitməyib, zərərçəkən kimi tanınmayıb, ya da şərlənib.... Və sair və ilaxır. İndi olduğum yerə “bir qısmat” istirahətə, müalicəyə gəlmişəm, Allah heç qoymasa... Amma nə mümkün? Yekəbaşlıq çıxmasın, iki addım atan kimi canım məmləkətimin insanı çəkir qırağa. “Xanım, başıma gələni mütləq dinləməlisiz. Bəlkə danışasız efirdə, utanalar?”. Bir qovluq insan hekayəsi ilə qayıdıram Bakıya. Hekayə nə hekayə? Zənn edərsən, Teksasda yaşayırıq, Siciliyadayıq, mafiyanın qucağındadır insanlar, ya da Efiopiya... Özü də baxırsan, sadə adamlardır, uyduracaq fantaziyaları da yoxdur. Nədirsə, onu danışırlar Nə bir kəlmə artıq, nə bir kəlmə əskik... Filmə, seriala mövzu olacaq qədər ağlasığmaz... Çək, reytinq rekordları qırsın...

Deyə bilərsiz ki, dünyanın hər yerində, hər gün insanların başına belə hadisələr gəlir. Amma Azərbaycanda hər hekayənin absurdluğu göz deşir. Təkcə bu gün 3 anormal hekayəni elə öz saytımızdan oxudum. Bir günə bu 3 hekayə bu ölkə üçün belə çoxdur, inanın.

Öncə buldozer hekayəsi. Alatavada evindən köçməyənləri tikinti şirkəti qatıb buldozerin qabağına. Evdəkilərdən birinin ayağı yaralanıb, o birinin kürəyi zədələnib. Gecə 4-ə qədər şirkət pusqu qurub, sonra işığı söndürüb, kanalizasiya xəttini dağıdıb. Hadisə böyüyüb, aləm dəyib bir-birinə. Kimi cəzalandırıblar, bilirsizmi? İş icraçısını, bir də buldozer sürəni... Allahına qurban olum, yurdumun bir buldozer sürəni günlərin bir günündə qərar verib ki, getsin Alatavada birinin evini başına uçursun. Şirkət rəhbərliyindən bir Allahın bəndəsinin adı yox... Proses davam edir. Nəticəni maraqla gözləyirik, Yasamal rayon İcra Hakimiyyətinin reaksiyasını da həmçinin.

Keçək 3 dostun bir həkimi aldatmasına. O, ümumiyyətlə, Şabanın kinolarını xatırladır. Sadəcə, “bizim həkim” Şabahının varlı versiyasıdır. Çünki 3 dələduz bundan nə az, nə çox 20 min manat qoparda biliblər. Həkimdən telefonla məsləhət alıblar, bu da dərman adı deyib, müalicə deyib. Sonra da dostlardan biri həkimi şantaj edib ki, bəs sənin müalicənə görə dostumuz öldü. Dostun biri qoyub, o biri zəng edib. Şantaj şantaj dalınca, məzar daşı, bilet pulu, qan pulu... adıyla 20 min manat alıblar bundan. Bu adına həkim deyilən “savadlı yoldaş” da bir dəfə maraqlanmayıb ki, bu adam gerçəkdən ölüb, ya yox. Handan-hana xəbər tutub ki, bəs öldüyü deyilən adam dəf kimidir. Bəs burda əsas sual nədir, əziz oxucu? 20 min manatı hardandır... bu sual deyil. Adam niyə bu şantaja boyun əyib? Bu qədər sadəlövh ola bilməz. Sadəcə bilib ki, iş polisə-məhkəməyə düşsə, bundan 10 qat artıq “tərləyəcək”. Yoxsa ki, telefonla məsləhət gördüyü dərmana görə kimsə ölübsə, niyə hər cür şantaja boyun əyəsən ki?

Və Ağcabədidə baş verənlər. Bu rayonda 13 yaşlı qızın 24 yaşlı pedofildən dünyaya uşaq gətirməsinin fəsadları davam edir. 24 yaşlı şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrumetmə cəzası alsa da, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib. İndi 24 yaşlı oğlan həmin azyaşlı ilə bir evdə yaşayır və qızın 18 yaşı olanda nikah kəsəcəyini gözləyir. Ağcabədi Rayon İcra Hakimiyyəti hadisəni guya nəzarətə götürüb. Azyaşlının ailəsi qızdan imtina edib.

Demək, utanmadan 13 yaşlı qızı 24 yaşlıya nişanlayan valideynlər hələ də qıraqda qalıb. Bir Allahın bəndəsi onları cəzalandırmır. Üstəgəl, 24 yaşlı nişanlısını(indiki ərini) həbsdən azadlığa buraxırlar ki, ailəsinin başında dayansın... Hələ uşaqlığını tam yaşamamış birini başqasına nişanlı, sonra arvad, sonra uşağının anası edənlər utanmadan geniş-geniş gəzirlər. “Qız evdən çıxdısa, geriyə meyidi qayıdar” zehniyyəti ilə ailə sahibi olanlar 13 yaşında ana olan qızlarını da evdən qovublar ki, bəs get ərinin evinə. İndi də çoxu utanmadan buna haqq qazandırır ki, bəs mənim nənəm də 12 yaşında ərə gedib. Bunu arqument kimi irəli sürənləri adam belə hesab etmirəm. Amma nə anladıq bu olaydan? Bundan sonra bütün pedofillərə yaşıl işıq yandırıldı. Bəli, nişanlanın, cinsi münasibət qurun azyaşlılarla, sonra da evdə bir “kampaniya” keçirin, adı olsun toy. Onsuz da həbs etsələr də, sonra buraxacaqlar ki, ailə başsız qalmasın. Neçənci əsrdi? Hansı zəmanədə, hansı torpaqlarda yaşayırıq? Bu rəzalətlərə niyə “dur” deyən yoxdur”

Bir gün üçün bu 3 rəzalət dolu olay çox deyilmi? Həzm etmək çətindir axı. Hamı bu ölkədə ömrünü travmalı, ağrılı hekayələrlə başa vurmamalıdı axı. Kimi dindirirsən, deyir, “imkanım ola, dabanıma tüpürüb bu ölkədən qaçaram”. Qaçacağı ölkədə onu qızıl boşqabda yedizdirməyəcəklərini bilə-bilə səsləndirir bu arzusunu. Anlayışı da yoxdur ki, nə gözləyir xaricdə onu. Amma deyir, təki burdan qaçım gedim... Niyə axı? Niyə qaçırdırsız insanları öz gözəlim məmləkətindən?

Bunları yazan vaxt youtube-da bir video çıxdı qarşıma. Türkiyəli qardaşlarımız Bakıdan vloq çəkiblər. Adını da qoyublar, “Qafqazın Parisində bir neçə gün”. İçimiz özümüzü yandırır, çölümüz özgəni. Paris e, Qafqaz eee... Parisdə buldozerçinin beyni çönəndə evi qabağına qatıb, uçurur? Allah sizi güldürsün...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

30 Mart 2025

29 Mart 2025

27 Mart 2025

22 Mart 2025

02 Mart 2025

23 Fevral 2025

16 Fevral 2025

09 Fevral 2025

26 Yanvar 2025

25 Yanvar 2025

18 Yanvar 2025

22 Dekabr 2024

11 Avqust 2024

25 May 2024

12 Aprel 2024