İnsanlara hürriyət, millətlərə istiqlal!

Əllərində üzüklər, qolunda bilərziklər... - Sevinc TELMANQIZI YAZIR...

Trampın Zelenskini Ağ Evdə təhqir etdiyi, jurnalistlərini də Ukrayna prezidentinin üstünə saldığı bir gündə... yurdumun gözəl məktəblərindən birində müəllimələrlə direktor arasında da ciddi dava düşüb. Davanın biabırçı səs yazısı da yayılıb. Demək, səs yazısında Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyla müəllimlərin mübahisəsi yer alıb. Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.

Ərinmədim, səs yazısına sona qədər qulaq asdım. Bilirəm, təəccüblənəcəksiz, amma direktorda zərrə qədər də günah görmədim. Niyə? Direktorun ad günü olduğu üçün müəllimələr işi-gücü atıblar, 10-20-30 manatdan pul yığıblar ki, buna 600 manatlıq qızıl əşya hədiyyə alsınlar. Hətta pul çatmadığı üçün uşaqlardan test pulu adına 1 manatdan yığdıqları pulları da qoyublar onun üstünə. Axırda da direktor bu hədiyyəni bəyənməyib. Bəyənməməklə də qalmayıb, hamısını təhqir edərək, “dilənçi payı”, “yas pulu yığırsız” deyərək, göndərib xərçənglərin qışladığı o yerə... Və beləcə başlayıb, gənclər demiş, “razborka”.

Dialoqda aşağıdakı hissə məni lap valeh elədi:

Direktor: Mən siyahını(hədiyyə pulu üçün yığılan siyahı) görüb nə hala düşmüşəm? Nəfəsim gəlmirdi eee. Bildiyiniz ölürdüm. Ölüb qalırdım burda...

Müəllimələrdən biri: Ay müəllimə, uşaqların bir manatlarını(test üçün yığılan pullar) da qoyurduq ora. Siz bunu bilirdiz axı...

Direktor: Mən müəllimə olsaydım, direktor üçün 20 manatdan yığılsaydı, buna qarışmazdım...Ayıbdır eee.

Müəllimələrdən biri: Bəyənmirdizsə, taxmazdız. Yas pulu, dilənçi pulu deyirsiz. Nə dərəcədə doğrudur? 600 manata idi ee onun qiyməti. Bunu sizinlə məsləhətləşmişdik. Əvvəlcədən bilməsəydiz, deyərdik hə. Bunu ilk gündən sizə deyə-deyə, məsləhətləşə-məsləhətləşə eləmişik axı...

Düzünü deyin, hansı daha gərgin mübahisədir: Trampla, Venslə Zelenskininki, yoxsa müəllimələrlə Lamiyə xanımınkı? Film kimidir eee.

Azərbaycanın təhsil ocaqlarından birində müəllimələr canfəşanlıq edib, direktora qızıl hədiyyə alıblar. Sonra da başlayıb qırğın-qiyamət. Çox səhv ediblər, həm də başlarından böyük. Əcəb olur onlara! Sabah direktor çıxıb desə ki, mən ümumiyyətlə, pul yığımına, mənə hədiyyə alınmasına etiraz etmişəm, olacaq qəhrəman. Hələ lap qabağa gedib dirəşsə ki, “dilənçi” sözünü də özümə demişəm - yəni, mən sizinçün dilənçiyəm, hədiyyə alırsız? – onda olacaq lap gözümüzün işığı. Bəli, gözümüzün qabağında hansı mənzərə var? Müəllimələr yığışıb direktora qızıl hədiyyə alıblar, o da istəməyib, imtina edib. Ya vəlvələdən, ya zəlzələdən, bizə dəxli yoxdur. İmtina edib, geri qaytarıb, bu söhbət də böyüyüb.

Adına müəllimə deyilən qadınlar müəlliməlikdən başqa hər şeylə məşğul olublar məktəbdə. Uşaqlardan 1 manatdan yığdıqları test pullarını da ora əlavə ediblər. Çox nahaq yerə! Nə haqla? Siz dövlətdən kiminsə boyun-boğazını bəzəmək üçün, pul yığmaqçün maaş alırsız? İşinizin adı nədir? Pul yığırlar, hədiyyə alırlar, sonra da təhqir olunduqları üçün bunun müzakirəsini açırlar. Utanmadan gizli şəkildə bu mübahisəni səsyazmaya alırlar, sonra da yayırlar. Sanki hünər ediblər. Ortada dərs yox, təhsil yox, uşaq yox. Alver var, alver! Bazar söhbətləri var! Ziyalı mühitidir məktəb, Allah qoymasa. Ziyalının “z”sindən xəbəri yoxdur o səsini eşitdiyim qadınların. Az qala o “məsum direktoru” da öldürürmüşlər siyahını qabağına qoymaqla.

O məsumu da məsum ilan vursun, nənəm demişkən. Hikkəni təsəvvür edirsizmi? Demək, direktor ilk gündən bilirmiş ki, bunun ad günü şərəfinə pul yığılır. Allah kəssin belə hədiyyəni. Xəbəri varmış ki, Pirallahının kasıb müəllimələri bu prosesə qoşulur. İndi biri 10 manatdan verib, bir başqası 20 manatdan, o birisi də 30 manatdan. Xanım əfəndi də hədiyyəni bəyənməyib ki, bu nədir, mənimçün 10 manatdan yığırsız? Yas puludur bu? İlin-günün bu vaxtı 600 manatlıq qızıl zinyət əşyasını direktora bəyəndirə bilməyiblər.

Biz deyəndə ki, məktəblərimiz alver yuvasıdır, bəzi müəllimələr üstümüzə şığıyırdı. “Siz evdə 2 uşağın öhdəsindən gələ bilmirsiz. Biz burda....” Bla, bla, bla.... Biz deyəndə ki, siz dərs keçmirsiz deyə biz maaşımızın yarıdan çoxunu özəl məşğələlərə sərf edirik, az qalırdıqlar, top-tüfənglə üstümüzə gəlsinlər. Daha neçə səs yazısı, gizli çəkiliş ortaya çıxmalıdır ki, məktəblərdəki bu bazar ortadan qalxsın? Xəbəriniz var ki, 8 marta görə bütün məktəblərdə şıdırğı alver gedir? 20-30-40-50 manatdan, ya da Allah nə verdisə, atışırlar, yığırlar, təbrik edirlər...

Azərbaycanın təhsil sistemi, xüsusən də bu məktəblər “atışmaq, yığışmaq, almaq, vermək” azarından qurtulammadı. Gənə kimi yapışıb təhsil sisteminin üstünə. İldə bir neçə bayramda, bir də direktorların, bəzi sinif rəhbərlərinin “mamasından olan gün” bu həngamə başlayır. Təhsil nazirimiz nə düşünür bu haqda? Bir çarə tapacaqmı? Yoxsa, bu yazılmamış qanunlara şəkk gətirməkdənmi qorxur? Bilmirəm. Çünki nazir zati aliləri bir dəfə demişdi ki, məktəblərdə hədiyyə bizim vaxtımızda da olub, indi də var, yenə də olacaq. Əmanət kimi, nəsildən-nəslə ötürülən yadigar kimi, toxunulmaz miras kimi...

Mənim təklifim budur ki, daha iş işdən keçib. Nazirlik direktora, müəllimələrə, direktor müavinlərinə hansı məbləğdə hədiyyə alınmalıdır, onun məbləğini də müəyyənləşdirsin. Məsələn, direktora 1000 manatdan aşağı hədiyyə olmaz, sinif rəhbəri 500, adi müəllimə 300, bədən tərbiyəsi müəlliməsi 150... Təxminən belə, mən rəqəmləri elə-belə yazdım. Uca nazirliyimiz özü rəqəmlərə düzəliş edər. Yoxsa, Allah qorusun, bir də bu sayaq siyahılar direktorların qabağına gəlsə, ölüb qalacaqlar orda. Lamiyə direktor nə deyirdi: “Siyahını görəndə ölüb qalırdım orda. Bildiyiniz ölürdüm..." Ölməsin direktorlar, boyun-boğazları boyunbağısız, qolları bilərsiksiz, barmaqları üzüksüz qalmasın... Məktəblərimiz də, direktorlarımız da yaşasın.

O türk xalq mahnısı səslənir fonda: əllərində üzüklər, qolunda bilərziklər... Oy, oy, Əminə(Lamiyə), nədir bu gözəlliklər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR