İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaliblə Qalanın bəlalı hekayəsi - Sevinc TELMANQIZI YAZIR...

Nə hikmətdirsə, son vaxtlar ictimai qınağa səbəb olan hadisələrdə ədalət az-çox öz yerini tapır. Məsələn, qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədova verilən ittiham məlum olub. Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib. İttiham öz təsdiqini taparsa təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xətai rayon Məhkəməsində Qalib Məmmədovun müdafiəçiləri tərəfindən verilən ev dustaqlığı ilə bağlı vəsatət rədd edilib və onun barəsində 1 ay müddəti həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğluda məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib.

Hə, bayram günündə hamımızın qanını zəhər edən o hadisə... İnsanlar evində oturduqları halda gecənin bir aləmində buldozer qatır evi qabağına. Nə sənə, nə mənə... İçəridə adam olduğunu bilə-bilə xəsarət yetirir onlara. Əslində buna qanun çərçivəsində cavab verilməməsi, günahkarların cəzalandırılmaması absurd olardı. Amma biz yetimlər öyrəşməmişik axı. O qədər belə haqsızlıqlar səssiz-səmirsiz ötüşdürülüb ki... Uzaqbaşı görmüşük ki, şirkətdə arabanın beşinci təkəri missiyasını yerinə yetirən birini günah keçisi elan etsinlər. Bu məsələdə də ilk növbədə buldozer sürücüsünü həbs etmişdilər, xatırlayırsınızsa. Biz də hay-həşir saldıq ki, bəs Fatmagülün suçu nə? Harda qaldı ədalət? Hanı bu əmri verən şirkət rəhbəri, onu niyə tutmursuz? Niyə təkcə sürücünün boğazından yapışdız? Bircə gün keçmədi, sevindirdilər bizi...

Baxmayaraq ki, bu məsələdə hələ də demaqoqiya edənlər var. Məsələn, “buldozer sürücüsü tutulmamalıydı, onun nə günahı var” deyənlər çıxıb ortaya... Pardon, necə yəni, nə suçu var? Adam rəsmən öldürməyə təşəbbüs edib. Nə olsun ki, əmri müdiri verib? Onsuz da bütün cinayətlərdə bir qətli törədən olur, bir də bu qətlin sifarişçisi. Bu halda sifarişçi Qalib Məmmədovdur, qətlə təşəbbüs edən də Qala Eynullayev.

Sabah Qalib Qalaya “get küçədəki bütün qara eynək taxanları öldür” desə, Qala öldürəcəkdi? Bu da eyni şey deyilmi? “Özünü dağdan at” desə, atacaqdı? Lənət şeytana, gecə saat 4-də camaatın evini buldozerin qabağına qatanı necə məsum elan etmək olar axı? Heç kəs deməsin ki, “əmr qulu idi, işsiz qalardı, bəs balalarını kim dolandırardı?” Bu, arqument deyil. Bu, əclaflığa don geyindirməkdir. Bütün əclaf işlərlə məşğul olanların arqumenti də budur: işdən qovulardım axı. Cəhənnəmə qovul. İşsiz qalardın bir neçə gün, amma qatil olmazdın, kiminsə canına, malına qəsd etməzdin. Allah kəssin elə işi! İndi yaxşımı oldu? Həm işsizsən, həm də məhbus!

Üstəgəl, heç kim o binəva balalardan soruşmur ki, sən belə yolla qazanılan pulla dolanmaq, boya-başa çatmaq, təhsil almaq istəyirsən? Niyə onların boğazından belə iyrənc pullarla qazanılan çörək keçirirsiz axı? Niyə onların taleyinə “filan əclafın balası” damğasını vurursuz? Sənə qanunsuz, əclaf bir iş tapşırıblar? İmtina elə, çıx mətbuata! Əmin ol ki, səsinə səs verən tapılacaq. Ol bu xalqın qəhrəmanı! Buldozer sürücüsü maaşı nə olacaq? At-dəvə deyil ki. Uzaqbaşı 700-800 manat maaş alırdın da. Onun əvəzinə başqa iş tapa bilməyəcəkdi bu mətbuat, bu cəmiyyət sənə? Təbii ki, tapacaqdı. Sadəcə, müti olmamaq lazımdır. Və bu hadisə də əslində digərlərinə dərs olmalıdı. Heç vaxt iş yerlərinizdə sizi qanunsuzluqlara, alçaqlıqlara, cinayətə vadar edəndə susmayın! Etiraz edin, çıxın. Qosqoca ölkədir, Allah da böyükdür, bir yerdən çörək tapacaqsız yenə...

Amma mənimçün bu presedent həm də nə anlama gəldi, deyimmi? Demək ki, istəyəndə etmək olur. Demək ki, qanunsuzluq baş verən kimi onun cəzasını vermək mümkündür. İradə varsa, digər qanunsuzluqlar da yerindəcə həll oluna bilər axı...

Məsələn, indi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayır ki, söküntü işləri müvafiq icazə olmadan aparılıb. Sən ölənlərinin ruhu... Əminsən? Bu ölkədə heç bir vətəndaş icazəsiz köşk belə tikə bilməz. Bağ evi, həyət evi tikənlər bilir. Evi tikirsən, dam qoyulan vaxt “damlayır” müvafiq qurumların müəllimləri... Çünki bilirlər ki, bu ana qədər böyük xərc çəkmisən, nə desələr, edəcəksən. Nə istəsələr, nə qədər istəsələr, verəcəksən. Əgər tikinti qanunsuzdursa, qanın gedir. O halda şəhərin mərkəzində qosqoca bir evi uçururlar və söküntü işindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xəbəri olmayıb? Buna kim inanar? Bu şirkətin rəhbəri Qalib qurd ürəyi yeyibmiş? Ya da elə qurdun özü imiş? Hər halda, araşdırsınlar. Amma kaş ki, istintaq materialları mətbuata da çataydı. Görək şirkət rəhbəri verdiyi pulların, rüşvətlərin siyahısını necə bülbül kimi ötür? Əsl toy onda olacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR