İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim Çimnaz dərdimiz - Sevinc TELMANQIZI YAZIR...

Aktrisa Çimnaz Sultanova dünyasını dəyişən gün bir jurnalist olaraq şok yaşadım. Cəmiyyət birdən-birə kin-nifrət qusmağa başladı. Tanıyanlar tanımayanlara, tanımayanlar isə tanıyan kimi yaxın ətraflarına mərhum sənətçinin açıq-saçıq fotolarını yollamağa başladılar. Sonra sosial şəbəkədə bir kampaniya, ölənin dalınca danışmaq yox ha, daş atma, qəzəb püskürmə başladı. Birincisi, məni bu olayda cəmiyyətimizin sözügedən ölüm hadisəsinə diqqəti təəccübləndirdi. Bir tərəfdə erməni separatçıların məhkəməsi başlayırdı, o biri tərəfdə Rusiyanın üzərimizə həyasızcasına gəlişi, Trampın yaxınlaşan ayaq səsləri... Amma bizim camaatımız danışırdı ki, o aktisa filan müsahibəsində özünü Azərbaycanın ən ehtiraslı qadını adlandırıb. Dünənə qədər mən də bu aktrisanı tanımırdım. Amma məlum olur ki, tanıyan varmış və az qala fürsət gözləyirmişlər ki, dünyasını dəyişsin və ona zəhərlərini töksünlər. Lap tutaq ki, elə bir yersiz cümlə işlədib. Özü bilər, ailəsi bilər... Bunun cəmiyyət olaraq bizim həyatımıza nə aidiyyatı var axı?

Birincisi və ən önəmlisi, bir adam dünyasını dəyişib. Ağır bir xəstəlikdən həm də. Əsrimizin bəlası olan xərçəng onu da yaxalayıb. Müalicəsi nəticə verməyib, kemoterapiyaya özü getməyib və sair və ilaxır. Yəni, qadın narkotikin dozasından, ya da əxlaqsızlıqla məşğul olarkən həyatla vidalaşmayıb. Adam qətlə yetirməyib, yetim pulu yeməyib, ölkədə zərərli vərdişlərin yayılmasında iştirak etməyib. Rüşvətxor, kasıb haqqı yeyən, başqalarının hesabına qaz vurub qazan dolduran biri də olmayıb. O zaman bu qədər nifrət niyə?

Hə, bəyənmirdiz? Tam normal. Heç də hər kəs sağlığında kor Fatma, öləndə badam gözlü olmalı deyil. Aktrisalığını bəyənməyə, davranışlarını, danışıq tərzini həzm etməyə, yaydığı fotolardan da qıcıq ola bilərsiz. Bura qədər hər şey anlaşılandır. Amma onu həyatındakı cümlə xəyanətlərə bais biri olaraq görənlər sadəcə cılızlıq edirlər. Biri utanmadan deyir ki, evdə uşaqlarım var, mən niyə onun yasına getməliyəm? Bir başqası yenə qızarmadan deyir ki, mən ona rəhmət oxumayacam... Hə, bax, məhz budur qeyri-insanlıq. Çünki Allah da, mentalitet də, insanlıq da sizə ölən şəxsin, xüsusən də ağır xəstəliklə mübarizədən məğlub çıxmış bir qadının arxasınca atıb-tutmağa icazə vermir. Ölənə ya rəhmət dilə, ya da sus. Üçüncü variant qəbuledilməzdir.

Üstəgəl, bu qədər ikiüzlülük də mənə qəribə görünür axı. Guya bəh-bəhlə mahnılarına oynadığınız, toylarınıza 10-15 min manat verib çağırdığınız müğənnilərin hamısının ətəyində namaz qılmaq lazımdır? Geyimlərini görməmişik, yoxsa özlərini aparmalarını? Amma and içərəm, sübut edəmmərəm: hamınız uşağınızın toylarında o müğənniləri görməyi istəyərsiz. Bir dəfə həmin müğənnilərdən birinin – Röyanın prodüsserinə zəng edib, bir qazi toyu üçün rica etdim. Dedi, vaxt yoxdur, həmin günə toy var. İsrar etdim ki, bəs onun ən böyük arzusudu Röya onun toyunda oxusun. Prodüsser də qayıtdı ki, bu ölkədə ailə quran bütün gənclərin arzusudu ki, onun toyunda Röya oxusun... Di get! Röya toylara çarşabla çıxır, xəbərimiz yoxdur?

Vulqar geyimə qalanda açın kanalları, açın sosial şəbəkələri həmin müğənnilər, aktrisalar Madonnaya, Cenifer Lopezə bu sahədə dərs keçər. Bədəninin az qala bütün əzalarını tanıyırıq. Yaşları artdıqca daha çox soyunan, daha çox vulqarlıq edən müğənnilər, aktrisalar azdır bu ölkədə? Mən də soruşuram: onlar barəsində niyə belə bəh-bəhlə aşağılayıcı sözlər yazmırsız, demirsiz? Çünki pulları var, çünki adamları var, çünki bir telefon zəngləri ilə sizi aldığınız nəfəsə görə peşman edərlər.

İllər öncə bir köşə yazarımız tanınmış müğənnilərdən biri haqda köşəsində eyham vurmuşdu. Adını tam çəkib də, adının qarışdığı rəzil olayı xatırlatmamışdı ha. Sadəcə adı ilə bağlı bir söz oyunu oynamışdı. Qadın geyinmişdi xəz dərisini, şığımışdı redaksiyaya və bar-bar bağırırdı: “Hanı o oçkarik” deyə. Bütün redaksiya qadına sübut edəmmirdi ki, köşədə söhbət səndən getmir. İsrar edib durmuşdu ki, mən fıştırığımı tanıyıram, o fıştırığı çalanı həbs etdirəcəm. Yəni, arxalı müğənni... arxalı aktirsa... arxalı... insan dağları da dələr, qurd da basar, şir də basıb yeyər.

O ki qaldı, ölən aktirsa yetişən gənc nəslə pis nümunə olur, soyunmağı ilə cəmiyyətin əxlaqını korlayır...iddialarına. Siz Allah, bəsdir! Əlinizdəki telefonla bircə dəfə Tiktokun Azərbaycan seqmentində gəzişmə etsəz, gənc nəslin necə əldən getdiyini görəcəksiz. Telekanalların o səviyyəsiz ailə-məişət verilişlərində, manısların çıxdığı əyləncə proqramlarında ailə də əldən gedir, əxlaq da, dəyərlər də. Bəh-bəhlə oturub onlara baxanda heç demirsiz ki, bunlar bizim ölkəni məhv edir. Üzdəniraqların, özünü satışa çıxaran əxlaqsız tiktokerlərin canlı yayımında oturan on minlərlə insan yad planetdən gəliblər? Sizsiz də onlara hədiyyə atan, yolda onları görəndə şəkil çəkdirən, onları populyarlaşdırıb, sosial şəbəkədən efirə dartıb çıxaran. Bu günə qədər o üzdəniraq tiktokerlərin hamısını mən telekanalların efirində görmüşəm. Bizim bəzi siyasətçiləri o telekanallara buraxmırlar ki, sənin dediklərin ziyandır, amma o bambılıları sosial media fenomeni olaraq ekrandan soxurlar gözümüzə. Üstəgəl, onlara ağıllı-ağıllı sual verib, fikir də soruşurlar. O zaman harda unudulur ədalət, cəmiyyətin əxlaqı?

Ona görə də Mövlananın o gözəl sözlərini qulağımıza sırğa edək: ya göründüyünüz kimi olun, ya da olduğunuz kimi görünün... Vaz keçdim, siz heç görünməyin... Siz susanda, görünməyəndə daha gözəl olursuz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR