İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ruskoyazıçnı”ların küçəsində BAYRAMDIR   

Rus dili aşiqlərinin, rus sevdalılarının, “ruskoyazıçnı aziklərin” gözü aydın olsun. Aylardır yuxuları ərşə çəkilmişdi, narahatlıqdan valerian valerian dalınca... Biz milli kanallardan, öz platformalarımızdan “Azərbaycanda rusdilli təhsil qadağan olunmalıdır, rus bölməsinə qəbul dayandırıılmalıdır” dedikcə bunlar öz dədə-babalarının dili ilə bizi söyürdülər, şəklimizi qara halqaya alıb, erməniyə demədikləri sözləri bizə deyirdilər. Necə deyərlər, qızlar ağlayır, oğlanlar isə əlavə mənbə axtarışına çıxmışdılar... Bir də görürdün, necə əsəbləşirdilərsə, “çuşki”, “djındırlar” deyərək, hamımızı söyür, necə deyərlər, “nerviləniyordular”. Nə var, nə var bunlara demişdik ki, manqurt olmayın, öz dilinizi sevin, köləlik etməyin... O günsə o yanan ürəklərinə su sərpildi...

İyulun 17-də ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verildi. Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv edilir. Həmin tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər. Yəni, şərtlər daha da asanlaşdırılıb, seçimlər daha da çoxaldılıb.

Təbii, proses davam edir. Rusdilli bölmələrə qəbulun dayandırılması bir günün işi olmaya bilər. Radikal qərardır, xüsusən də Putinin bir neçə gün əvvəl “Rus dilinin qorunması ilə bağlı” qanun qəbul etdiyini nəzərə alsaq. Hansı ölkədə rus dilinə təhlükə olsa, Putin ora müdaxilə edəcəkmiş. Necə, hansı əsasla, bəlli olmasa da, göz dağı sayılırdı əslində. Azərbaycan rəhbərliyinin məhz bu ərəfədə rusdilli məktəbləri bağlaması, rus bölməsinə qəbulu dayandırması demarş, Putinə meydan oxuma da sayıla bilərdi. Bəzən bu cür sərt gedişlər üçün zaman tələb olunur və ya proses sancılı keçir. O baxımdan da qərarı dövlətə buraxaq. Amma millət, cəmiyyət olaraq da öz tələblərimizi səsləndirməkdə davam edək. Çünki bu, millətin gələcəyi, inkişafı, milli özünüdərki üçün olduqca vacib bir addımdır.

Amma məni bu prosesdə nə narahat etdi, bilirsizmi? İlk növbədə Rusiya ilə aramızda gedən gərgin, soyuq savaş zamanı rus dilini az qala ana dilindən üstün tutan “ziyalıların” dilə gəlməməsi, susqun qalması. Heç biri o aşiq olduqları rus dilində o ölkənin ziyalılarına, təbliğatçılarına – oxucuları, tamaşaçıları... olan ruslara izah etmədilər ki, sizin tutduğunuz yol yanlışdır. Biri özündə cəsarət tapıb demədi ki, bəs Rusiya hakimiyyəti Azərbaycana münasibətdə yanlışa yol verir. Halbuki bunu prezident bütün tribunalardan açıq şəkildə söyləyir. Siz dəstəklədiyiniz hakimiyyətdən, prezidentdən artıqsınız? O, münasibətləri gərginləşdirməyə gedəcək qədər millətin, dövlətin mənafeyini qoruyur, amma siz Rusiyadakı biznesinizi, satılan kitab, baxılan filmlərinizi təhlükəyə atmamaq üçün susursuz. Xeyir ola? Təkcə Azərbaycan Yazıçılar Birliyinin sədri Anardan rus deputata bir etiraz cavabı oxudum. Qalan hamısı “görmürəm, eşitmirəm, danışmıram” havasındadılar.

Rusun “ziyalısı” bizi “aul” adlandırır, Solovyovu ən ağır sözlərlə təhqir edir, deputatları çağırış edir. “Diasporalarını məhv edin, özlərini qovun, çünki cinayətkardılar, iş adamlarının obyektlərini də bağlayın” deyirlər. Bəs Rusiyada yüz minlərlə, milyonlarla auditoriyası olan tanınmışlar niyə susur? Məsələn, “Bakılı oğlanlar”ın Bəhram Bağırzadəsini susmağa nə vadar edir? Axı sözügedən komanda Rusiyada kifayət qədər böyük auditoriyaya malikdir, pərəstişkarları var. Onların tanınmış simalarının Rusiya hakimiyyətinə, xalqına ünvanlanan bir videorolik çəkməsinə kim mane ola bilər axı? Çingiz Abdullayev, Ayaz Salayev, Fərhad Bədəlbəyli, Vado Karovin.... Nə qədər desəz, sadalamaq olar. Niyə susublar? Roma papasından artıq katolik olmaq nəyə lazımdır? Kritik anlarda dövlət adına, millət adına mövqe bildirməyən ziyalının “ziya”sı kimə lazımdır? Ümumiyyətlə, varmı o ziya, o işıq, o fərqindəlik?

Anlayıram, indi onlar özlərini qələbə qazanmış kimi hiss edirlər. Hətta əminəm ki, bir-birlərinə zəng edib, təbrik də edirlər az qala. Bizə də acıq verircəsinə, “əcəb oldu, öz davanız özünüzə qaldı” deyirlər. Amma mən də burdan, bu yazıdan üzümü onlara tutub deyirəm ki, çox sevinməyin. O sevdikləri rus dilində deyirəm, “Будет и на нашей улице праздник» (bizim küçədə də bayram olacaq),müğənni Layma Vaykulenin mahnısı ilə desək, «Еше не вечер». (Hələ axşam deyil) Belə strateji, böyük proseslər bir qədər zaman alır. 2020-ci ildə rus əsgəri Qarabağa girəndə çoxları deyirdi ki, onlar burdan çıxmayacaq. Amma nəinki çıxdı, izi-tozu da qalmadı. Özü də bir güllə atmadan. Sülh sazişinə qarışa bilmirlər, Zəngəzur dəhlizinə qarışa bilmirlər. Donquldana-donquldana qalıblar... Bir gün görəcəklər ki, dünyaya hökm etdiklərini düşündükləri rus dilinin də gücü Azərbaycanda yox dərəcəsindədir.

Görəcəyik, gözəl günlər görəcəyik, cocuqlar. Nazim Hikmətin ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR