Onlayn ictimai-siyasi qəzet
Bura Bakıdı, burda küçə ilə getmək artıq lüksdür. Ayağını yoldan çək, Azparkingin “özəlləşdirdiyi” asfaltın üstünə düşə bilərsən. Sürücülərin başına elə bir oyun açıblar ki, nə qanun var, nə məntiq. Bu sistemin adı Azparking olsa da, işin içindəki Azadlıqdan əsər-əlamət yoxdur. Şəhərin istənilən küçəsinə çıxın – Yasamal, Nəsimi, Səbail, hətta Binəqədi. Gözünüzə ilk dəyən nə olacaq? Yol kənarlarında parkomatları xatırladan bir qurğu və qarşısında ağzını açıb cəriməyə hazır “müfəttiş” tipli şəxslər. Nəyi əsas götürürlər? Heç nəyi. Çünki hüquqi baza yoxdur.
Marketin qabağında dayan, cərimə gəlir. Artıq “qonşunun toyu var, çörək almağa düşüm” dövrü bitib. Marketin qabağına maşınını bir dəqiqə saxlayıb, azparkinqin sisteminə daxil olmadınsa, qılıncının altından keçmədinsə, bir neçə saat sonra telefonuna 20 manatlıq cərimə bildirişi gələcək: “Siz ödəniş etməmisiniz”. Nəyin ödənişini? Dövlətin çəkdiyi asfaltın üstündə niyə sənə pul verək? Axı bu yer nə vaxt Azparkingə satıldı?” Vətəndaş deyir ki, Azparking kart göstərir, amma qarşılığında heç bir xidmət YOXDUR. Nə təhlükəsizlik var, nə də avtodayanacaq mədəniyyəti. Əksinə, bəzi yerlərdə sürücüləri şantaj edən fərdi şəxslər peyda olub – “ya pulu ver, ya da cərimə yazılır”. Market e, market! Bazarlıq etməyə getdiyin yerdə 1 saatı 1 manat olan parkinq “xidmətləri” var. Üstəlik, başını belə aldadırlar: 1 saata qədər ödənişsizdir. Sən də tələm-tələsik marketdə alış-veriş edirsən ki, heç olmasa, bu zəhrimara qalmış parkinqə pul ödəməyəsən. Bah! 1 saatı 5 dəqiqə keçdinsə, artıq 2 manat ödəyirsən... Təsəvvür edirsiz həyasızlığı? 5 dəqiqəyə görə 1 manat...
Ən ciddi anormallıq isə budur ki, sahibsiz yer kimi görünən ərazilər “satılıb” – Halbuki bu yerlər bələdiyyəyə və ya dövlətə məxsusdur. Azparking MMC – dövlət qurumu deyil. Amma dövlət yolunda bizdən pul yığır. Bu, hüquqi baxımdan absurd və qanunsuzdur. Şikayət mexanizmi YOXDUR. Cərimə gəlirsə, ödəməlisən. Səbəb soruşmaq üçün kimə müraciət edəsən? Bəzən şikayətini yollayırsan, 1 aya yaxın araşdırma gedir, sonra yenə səni haqsız çıxarıb susdururlar. Məhkəmə sistemi normal qurulsa, bəlkə hansısa nəticə hasil olar. Qanunvericilikdə dəqiqlik yoxdur. Parlament bu məsələni illərdir müzakirə etsə də, bir nəticə YOX. Amma cərimələr artaraq gəlir.
Yaxşı, bəs istismar necə qurulub? Sistem çox sadə işləyir. Dövlət yolunu zəbt edirlər, bir şirkətin adına qeyd edirlər və deyirlər: “Burda parklamaq pulludur.” Sürücülər alternativ yer axtarır – amma hardan tapsın? Yasamalda, Nizami küçəsində, Tərlan şadlıq sarayının ətrafında, əksər marketlərin qarşısında, hətta uşaq poliklinikasının qarşısında belə Azparking hökm sürür. Kimdən icazə alıblar? Şəhər planı hardadır? Dövlətin torpağında kassa qurmaq və gündə milyonlar yığmaq – bu, biznes deyil, rüşvətin sistemə salınmış formasıdır.
Bəs bu milyonlar hara gedir? Yuxarıda da yazdım. Azparking MMC – Dövlət yox, kommersiya marağıdır. Azparking MMC hüquqi şəxs kimi 2021-ci ildə yaradılıb və onun Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq etdiyi bildirilir. Amma şəffaf maliyyə hesabatları ortada yoxdur. Sürücülərdən toplanan pulların nə qədəri dövlət büdcəsinə gedir, nə qədəri BNA-ya çatır, nə qədəri Azparking MMC-də qalır… bu suallara heç bir rəsmi cavab yoxdur.
Vergilər Nazirliyinin açıq reyestrinə görə, Azparking MMC-nin qeydiyyatı və rəhbər şəxsləri bəllidir, amma bu şəxslərin kimə bağlı olduğu, hansı siyasi və ya iqtisadi klanla əlaqəli olduğu cəmiyyətə qapalıdır. Bu da ciddi korrupsiya şübhələrini doğurur. Üstəlik, ortada dolaşan şayiələrə görə, yığılan pulların böyük faizi Azparking işçilərinin maaşına gedir. Yaxşı, bu işçilərin maaşı 300-400 manat, amma gündəlik dövriyyə 100 min manata yaxındırsa, ortaya qaranlıq suallar çıxmırmı?
Baxın, yol kənarlarında əllərində terminal gəzdirən “nəzarətçilər” var ha, onların rəsmi maaşı 300-400 manat civarındadır. Amma bu şəxslər gündə onlarla maşından nağd və ya kartla ödəniş toplayır. Bir ərazidə gündəlik ortalama 200 maşın parklanırsa, bu təkcə bir küçədə minlərlə manat gəlir deməkdir. Gündəlik Bakı üzrə bu tip yerlərin sayı təxminən 300-dən çoxdur. Gəlin, ərinmədən kiçik bir hesablama aparaq. Orta hesabla parklama ödənişi 1 manatdırsa, Bakı üzrə ortalama günlük maşın sayı 100.000 ədəddirsə, bu, gündəlik gəlirin 100.000 manat, aylıq gəlirin isə 3 milyon manat olması anlamına gəlir. Gördünüzmü, dama-dama göl oldu, “bərəkətinə qurban olduğum”.
Bu pulların şəffaf uçotu yoxdur. İctimaiyyətə nə hesabat verilir, nə də sərfiyyat açıqlanır. Pul kimin cibinə gedir? – Sual açıq qalır. Bəzi hüquqşünaslar qeyd edir ki, Azparkingin fəaliyyəti Konstitusiyanın 29-cu maddəsinə ziddir – yəni mülkiyyət hüququnun pozulmasıdır. Dövlət əmlakını qanunsuz zəbt edən hər kəs məsuliyyət daşımalıdır, amma bu sahədə heç kim məsuliyyət daşımır.
Biz niyə susuruq? Niyə xalqın cibindən çıxarıb cibinə saldıqları bu qanunsuzluğu “sistem” adı ilə uduruq? Azparking deyilən bu “pulqapan” struktura bu qədər sakit reaksiya verməyə nə haqqımız var? Bəlkə artıq küçələrimizə, torpaqlarımıza, hava haqqımıza da “ödəmə” tələb olunmağa başlayacaq?
Gözləyək? Yoxsa danışaq? Və ya ən vacibi: danışmaqla nələrsə həll olunacaqmı? Danışmasaq, cərimələri daha da artıracaqlarmı, bizi daha çox soyub soğana çevirəcəklərmi? Ağlımda dəli suallar… Cavab isə yoxdur…
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ