Onlayn ictimai-siyasi qəzet
Sən demə, bu ölkədə Baləli deyilən bir meyxanaçı varmış. Özü də nəinki varmış, həm də çox iddialı imiş. O gün xəbər saytlarından birində oxudum ki, hansısa verilişə qonaq olanda deyib ki, ali təhsilim olmasa da, istənilən universitetdə dekan işləyə bilərəm. Aşağı yeri də yoxdu ha – müəllim, laborant yox, məhz dekan... İndi deyə bilərsiz ki, deyib-deyib də. Savadsız adamdı, şou biznes verilişidi, soruşublar, bu da qalmaqal çıxsın deyə deyib. Amma yooox... Osmanlı qardaşlarımız demişkən, o qədər uzunboylu deyil.
Çünki Baləli Azərbaycan reallığıdır, sizsiz, bizik, Məmməddi, Xeyransa xaladır. Bu ölkədə əksər insanlar düşünmürlər ki, özümü inkişaf etdirim, hansısa mərtəbəyə yüksəlim. Baxırlar pis nümunələrə, sonra da düşünürlər ki, niyə ona olar, mənə yox? Heç kim inciməsin, əgər savadsız adamları universitetlərdə dekan, professor, ölüsü, dosent olaraq görürlərsə, düşünürlər ki, mən də edərəm. “Mənim ondan nəyim əskikdir?” – bu cümlə bizim cəmiyyətdə stimul, motivasiya, rəqabət xarakterli cümlə deyil. Həyasızlıqda yeni mərhələdir bir çox hallarda. Ali məktəblərdə balaəlilər çoxdur, həm də hədsiz dərəcədə çox. Bir çox savadsız adamlar balaəlilərin əlinin altında işləyəndə cəmiyyətin də mizan tərəzisi pozulur. Başqası da baxır həmin balaləlilərə və düşünür: savadsızlıq desən - məndə, həyasızlıq desən - məndə, nadanlıq desən - məndə, həddimi bilməmək desən- o da məndə... O zaman niyə də yox? O zaman niyə hərəkətə keçmirəm?
Ölkə bütün sahələrdə pis nümunələrlə doludur. Ona görə də heç kim özünü yaxşıya bənzətmək istəmir. Savadsız, vulqar, abırsız adamların el dilində desək, qabağa getdiyini düşünüb, onun kimi olmaq istəyirlər. O gün söyüş söyməklə, həyasızlıq etməklə ad çıxarmış bloger canlı yayımda etiraf etdi ki, elə bu abırsız canlı yayınlarında aldığı hədiyyəyə görə həftədə 2 min manat pul qazanır. Ölkədə orta aylıq əməkhaqqı 345 manatdır. Milyonlarla insan intizarla gözləyir ki, görəsən maaşlar saathesabı hesablansa, qazancları nə qədər artacaq. Bu yerdə vulqarlıq abidəsi olan birisi çıxıb deyir, həftədə 2 min, ayda 8 min pul qazanıram. Bunu eşidən gənc qız oxumaq istəyər, gənc oğlan peşə sahibi olmaq istəyər? Ciyildəyə-ciyildəyə oxuyan manıs deyir ki, aylıq qazancım 100 mindir, amma xərcim də çoxdur... Ölkədə həyasızlığa hörmət qoyulub, həyasızlara pul qazandırılırsa, kimə demək olar ki, oxu, öyrən, peşə sahibi ol. Heç kim də deməsin ki, bütün bunlar müvəqqəti dövrdür, pislər ələnəcək, yaxşılar qalacaq. Ömrümüz getdi, amma bu ələnmə bitmədi. Necə deyərlər, proses o qədər uzun çəkdi ki, hərə bir cür dəli oldu.
Heç uzağa getməyin, ölkənin ən qədim ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin eks rektoru Abel Məhərrəmov illər öncə müğənni Röyanın sirli yollarla o univeritetin hüquq fakültəsində təhsil almasına necə münasibət bildirmişdi, yadınızdadır? Demişdi ki, burda nə var, bütün xalq Röyanın arxasınca gedir... Elə beləcə də demişdi, niyə gedir, hansı xalq gedir, bəlli deyildi. Yəni, bir dənə “hə” deginən, universiteti bağlatdırım səninçün...Həmin məntiqlə bütün manıslara, palatka müğənnilərini də universitetə qəbul etdirək – məntiqlə xalq arxalarınca gedir də. Biz də boşuna 10 il özəl məşğələlərə uşaq göndərməyək, pulumuz cibimizdə qalsın. Və düşünün, bunu rektor demişdi, hansısa savadsız meyxanaçı yox. Evdə darıxmasınlar deyə ərlərinin universitetdə işə düzəltdiyi xatunlar sonra min bir yolla dissertasiya müdafiə edib, ali dərəcə alır, sonra elə həmin universitetdə bizim gənclərimizə dərs deyirlərsə, bu ölkədə hər şey olar. O gün eşitdim ki, universitetdə kurs işlərini belə pulla yazdıran, hər semesterdə kəsirlərinin sayı 3-dən az olmayan, Nizamininin “Leyli və Məcnun”unu Füzulininkindən, tamamlığı təyindən ayıra bilməyən bir tələbə yoldaşım universitetdə dərs deyir. İndi deyərsiz ki, özünü inkişaf etdirib, oxuyub, düzəlib. Mənsə deyirəm ki, xeyr, universitetə ödənişli əsaslarla, bir qədər də əzbərçiliyi hesabına 230 balla daxil olan adamın bu illər ərzində özünü nə qədər inkişaf etdirsə də, elmlər doktoru olacağına heç kim məni inandıra bilməz. O elmi işi də yüz faiz hansısa savadlı yetimə yazdırıb, onun müdafiəsi üçün də yenə xeyli “tərləyib”. Bu cür adamlar dəyişmir, dəyişə bilmir. Onların mayası, xəmiri belədir. 7-sində nədirsə, 70-də də o olurlar.
İndi bu qədər reallıqdan sonra Baləlini qınamağa haqqımız çatırmı? Amma səmimi... Əlinizi vicdanınıza qoyun... Baləli hansı “elm adamımızdan” əskikdir? Ya da... Baləlini dekan etdirən dünya bizə nə etməz ki?
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ