Onlayn ictimai-siyasi qəzet
Xəzərin o biri qıyısında imzalanan bəlgələr diplomatik akt olmaqla yanaşı, qardaş ulusların yaddaşına vurulan yeni möhürdür. Bəlli olduğu üzərə, avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə bəlgələrin imzalanması törəni olub, o cümlədən, “Birgə Bəyanat” qəbul edilib.
Xəzərin o tayında imzalanan bütün bəlgələr qutludur və əslində, digər dost, qardaş ölkəkərimizin də çıxarlarına uyğundur.
Bununla belə, doğal olaraq, bizim diqqətimizi, işğaldan azad edilmiş bölgələrimizlə bağlı məsələlər daha çox cəlb etdiyini də deməliyik. Örnəyi, Arxadağ–Füzuli qardaşlaşma bəlgəsi – bu, həm də, iki ürəyin, iki yığvalın qardaşlaşması olub, iki dövlətin qardaşlığının üfüqünü genişlədir. Əgər bir vaxtlar Oğuz elinin obaları bir-birinə qonşu idi isə, bu gün müstəqil dövlətlər həmin qardaşlığı yeni müstəviyə – daha doğrusu, göyüzünə daşıyır...
Türkmənistanın Füzulidə ucaldacağı məscid də təkcə daş divar və minarələrdən ibarət olmayacaq; o məscid bir ruh məbədi, türkmən xalqının Azərbaycan torpaqlarındakı dostluq, qardaşlıq və Xəzər qonşuluğu möhürü, sarsılmaz bağların bəngü nişanəsi olacaq.
Avazada yalnız Türkmənistan-Azərbaycan bəlgələri imzalanmadı, həmçinin, başqa bir qardaşımız – Özbəkistan daxil olmaqla, üçtərəfli görüşlər oldu, imzalar atıldı.
Yeri gəlmişkən, işğaldan azad olunmuş torpaqlarımıza uzanan qardaş köməyi olaraq hələlik ən son türkmən töhfəsini vurğulayırıqsa, ilk töhfənin də özbək qardaşlarımıza aid olduğunu qədirbilənliklə bir daha vurğulayırıq. - Söhbət, Füzulidə tikilmiş Mirzə Uluqbəy adına möhtəşəm məktəbdən gedir. Üstəlik, Xankəndində fəaliyyət göstərən özbək tikiş fabrikini də qardaşlıq məhəbbəti ilə burada qeyd edirik. – Bax, bunlar Qarabağın dirçəlişində qardaş əlinin izi, könül payının parlaq təcəssümüdür. Orada işləyən yüzlərlə insan, oxuyan yüzlərlə gənc əmək və təhsil qazanclı olmaqla birgə, həm də qardaşlıq məktəbi keçir.
“Ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub”. - Prezident İlham Əliyevin sözləri sadə bir açıqlama olmayıb, ulu türk qardaşlığının xarakteridir.
“Yanında olmaq” siyasətin, diplomatiyanın fövqündədir. Bu, yüzillərin çağırışı, yaddaşın buyruğudur. Türkmənistandakı imzalar sanki üç dövlətin başçıları tərəfindən deyil, tarixin özü və qut gələcək tərəfindən atıldı!
Birliyin gücü – ruhun ucalığındadır.
Azərbaycan, Türkmənistan və Özbəkistanın çiyin-çiyinə atdığı yeni addım Türk dünyasının bütövlüyünə, bölgənin barış və inkişafına açılan qapının özüdür. Bizim digər ikitərəfli, üçtərəfli formatlarımız da var və əlbəttə, Türk Dövlətlər Təşkilatımız var!
Haşiyə: Bu sətirlərin yazarı bundan 13 il öncə Atatürk Mərkəzində təşkil etdiyi “Qarabağ - Türk dünyasının ortaq problemi” adlı uluslararası konfransı, ondan sonra “Qarabağ - qəlbimizdə və qələmimizdə” adlı uluslararası layihəni məmnunluqla xatırlayır. – Necə deyərlər, dama-dama göl olar, axa-axa sel olar… – Budur, Dəmir Yimruq, Polad iradə və vətəncanlı altun ürəklərlə azad olunmuş Qarabağda, belə demək olarsa, tikinti-quruculuq yarışı gedir… Bəli,
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Uzun sözün qısası, adı-sanı, mövzusukeçən layihələr göstərir ki, Qarabağın bərpası Azərbaycanın iç işi olmaqla yanaşı, qardaş köməkləri ilə daha da zənginləşir, geniş üfüqdən daha üstün – üfüqötəsi qazanır. – Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası Qarabağda təhsil, maarif, mədəniyyət ocaqları qaladıqdan sonra, Türküstandakı digər qardaşımız Türkmənistan da ruhaniyyət ocağı - məscid tikir.
Bütün bunlar Türk dünyasının ortaq yükü, ortaq qürurudur. Qardaş əli Qarabağa uzananda, Qarabağın da nəfəsi Türküstanı isidir...
Bəli, Xəzərin o tayındakı Zirvə görüşü, əslində, yeni bir siyasi və iqtisadi xəritənin elanıdır. Daşımaçılıq, keçid (tranzit), enerji, logistika, mədəniyyət və humanitar əməkdaşlıq – bunlar sadəcə ayrı-ayrı əməli çalışma sahələri deyil, ortaq gələcək quruculuğuna xidmətdir.
Burada imzalanan bəlgələr yalnız üç dövlətin maraqlarını yox, bütün bölgənin yığvalını olumlu yöndən dəyişdirə biləcək mahiyyətdədir. Türküstan çöllərindən Xəzərə, Xəzərdən Qafqaza, Qafqazdan Avropaya qədər açılan bu yol barış, tərəfdaşlıq və birlik yoludur.
Dənizlə çöl birləşəndə, Xəzərlə Türküstan qucaqlaşanda, orada tarix də, gələcək də işıqlanır.
Dövlətimiz və ortaq keçmişdən ortaq gələcəyə aparan ulu yolumuz zaval görməsin!
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ