İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmalənin çini çaydanı...bizə neylədi?

Qırağa durun, uca xalqımız yenə qəzəblənib. Bu bayram günlərində biz jurnalistlər də qalmışıq çarəsiz, sakitləşdirəmmirik camaatımızı. Yeyirlər yağlı aşdan, paxlavadan, bu biri tərəfdən də bu hadisə... təzyiq qalxır kəllə çarxa... Ürəyiniz üzülməsin, nə olub, deyim. Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub. Tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb. Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.

Bu, birinci dəfə deyil. Bundan əvvəl də uca xalqımız təhsili öz həyatının ali məqsədi hesab edən tələbələrimizə bu cür mahnıların dinlədilməsini ciddi bir faciə ilə qarşılamışdı. Bir neçə dəfə belə qalmaqallar yaşanıb. Qalmaqal deyəndə ki... Sosial şəbəkədə donquldanıb-deyinib, sonra da getmişik işimizin dalınca. Bilməyənlər üçün xatırladım ki, K.Günəşlinin ifa etdiyi mahnı “Çini çaydan” adlanır. Sözləri də təxminən belədir ki, “ürəyim səni sevdi, qəlbim əsim-əsimdi, özgə gəlsə neylərəm, sən gəl özün, bəsimdi”. Sonra da gəlir nəqərat ki, “ay çini çaydan, çini neylər mənə, yarım yar olsa gülü neylər mənə?”. Arxasınca da raqqıdı-çıqqıdı, rakatatuka-tukataraka... Faciə varmı? Yoxdu. Hər halda mahnıda narkotikin, oğru dünyasının, əxlaqsız həyat tərzinin təbliği yoxdur. Çünki belə mahnılar da bəs deyincədir “musiqi dünyamızda”. Bu “Çini çaydan” da bildiyimiz toy mahnılarındandır. Açın youtube-da bu mahnını axtarın, 7 ay əvvəl yerləşdirilib, artıq 17 milyon izləyib. Yəni, ölkə əhalisinin sayından da çox. Mən demirəm, şedevrdir və ya çox baxılıbsa, hamımız sevməli, bəyənməliyik. Mən deyirəm ki, nəyi qoyub nəyi axtarırsız? Mən soruşuram ki, Azərbaycan təhsili məhv olan bir ərəfədə yeganə dərdiniz budurmu? Toylarınıza məhz “Çini çaydan” oxusun deyə Kəmalə Günəşlini 10 min manat verib, çağıran siz deyilsiz? Bu, nə saxtakarlıq, bu nə ikiüzlülükdür? Və ümumiyyətlə, toyda, şənlikdə oynanılan hansısa mahnıya görə insanları tənqid etmək, aşağılamaq nə deməkdir? Toyda, şənlikdə insan istəyir ki, ritm olsun, mahnı sümüyə düşsün, vəssalam. Təbii, sözləri əxlaqsızlıq, yaramazlıq təbliğ etmirsə...

Yuxarıda mahnının sözlərini yazdım. Əslində mahnı ciddi məntiqsizlik toplusudu: “Çini çaydan neylər mənə?” Düşünəndə absurda düşürsən. Ümumiyyətlə, çaydan adama neyləyə bilər ki? Amma bu qədər dərin düşünəcək bir şey də yoxdur. “Mənə bişir bir qayğanaq, gözəl, mənə bax, bax” tipli xalq mahnılarımız da var axı. Yaxud kimsə toyda “Bir mənə bax, ay eyvandakı. Yandırıb tökürsən, a göy dondakı” mahnısına da ləzzətlə oynayırsa, bu, onu səviyyəsiz etmir. Sadəcə, saz havası, qara zurna, ritm...kiminsə genetik kodlarına yaxındır və zövq alır oynayanda... “Çini çaydan” da eləcə... Böyütməyin siz Allah...

Üstəgəl, bu Kəmalə Günəşin niyə və necə(daha doğrusu, hansı bədən nahiyəsi ilə) məşhurlaşdığını bütün Azərbaycan xalqı bilir axı. “Niqulya xanım? Kəmalə xanım?” dialoqu, yançaqlarını oynada-oynada yeriyən müğənni... Xatırladız? Adam dili ilə etiraf edib ki, bədən şəkilləndirmə əməliyyatından sonra işləri açılıb, pula pul demir, toy-toy dalınca...2 mahnı ilə bütün MDB ölkələrini gəzdiyini, toyları bəzədiyini də özü etiraf edir. Biabırçılıq budur eee. Eşşəyi qoyub, palanı niyə döyəcləyirsiz? Bu manıs o universitetə gələnə qədər siz hardaydız? Onu siz o cür populyarlaşdırmamısız? Telekanallardan düşmür qadın, bütün gün o veriliş sənin, bu veriliş mənim... Çıxır efirə, özünü reklam edir, sonra da gedir işinin dalınca, siz də ona baxıb əl çalırsız. Üstəgəl, diqqətlə baxırsız, daha demirəm harasına...

İndi nə oldu, əsərinizdən niyə razı deyilsiz?

Lənət şeytana, çaydana gələnə qədər siz təhsilimizdə doğrudan da hər şeyin qaydasında olduğunu düşünürsüz? Yəni, o universitetin tələbələri klassik musiqi sədaları altında şərab, meyvə suyu içsəydilər, bu, sizi daha çox məmnun edəcəkdi? Belə o uşaqlara, onların valideynlərinə ürəyiniz yanırsa, gedin maraqlanın, illik təhsil haqqı orda neçədir? 200-250 bal toplayan abituriyent ildə dünyanın pulunu verib, orda necə ali təhsil alır? Universitetin göstəriciləri, məzunlarının uğurları necədir? Maraqlanın da, maraqlanın... Xəzər Universitetində illik ödəniş 4000-5000 manat arasında dəyişir. Canınız yanırsa, gedib ona etiraz bildirin. Yoxsa ki, çaydan belə gəldi, Kəmalənin çinisi belə getdi... Lətifəsiz siz? İmkan olsa, özünüzə hörmət qoyun, məncə... Amma yenə də özünüz bilərsiz...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR