İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan sevdalı İran mollaları...  

Ermənistan nədir? O, bölgədə nəyi həll edir? Aydın deyilmi ki, bu bölgənin əsas “aktorları” ilk olaraq Rusiya (hələki!) və qardaş Türkiyə, daha sonra isə bizim Azərbaycandır? Üstəlik, məgər aydın deyilmi ki, hələ müvəqqəti olaraq problemlər yaşansa da, Türkiyə və Azərbaycanın siyasi faktor kimi bu geosiyasi arealda təsiri artmaqda davam edəcək?..

Ona görə də Ermənistanla xüsusi, “sıx münasibətlər” qurmağa can atmağa dəyərmi? Yoxsa bununla Tehran indidən bölgədə özünün hazırki anti-Qərb konfiqurasiyasıyla yanaşı, həm də gələcək anti-türk geosiyasi arxitekturasın qurmağa çalışır?..

Yaxud Belarusu götürün. Bu “izqoy” ölkə nəyi həll edir? Onun idbar-xortdan “siyasi lideri” Kremlin kölgəsində baş girələməkdən savayı nə bilir? Axı İran MDB, KTMT və Avrasiya İttifaqı kimi formatlarda təmsil olunmayıb ki, durub deyəsən bəs, onun Belarusbaşının “sözünə və mövqe”yinə ehtiyacı vardır!..

Doğrusu, Pezeşkianın son səfərlərinə diqqət edəndə ağlıma gələn ilk fikirlər bunlar oldu. Bilirsiniz, bir siyasi müşahidəçi, həm də şimallı azərbaycanlı kimi gizlətmirəm ki, indiki İran prezidentilə bağlı müəyyən ümidlərim var.

Amma otuz ildən çoxdur ki, siyasi analitiklik edirəm və elə də təcrübəsiz deyiləm.

Ona görə də hər dəfə Məsud bəy haqqında yazanda qeyd edirəm ki, nəticələrlə tələsmək, çox uzağa gedən ekstrapolyasiyalar qurmaq lazım deyil.

Ona görə ki, prezident Məsud Pezeşkian nəsə istəyə bilər, amma gəl, bütün bunları gerçək etməkçün gücü və iradəsi çatacaqmı, ən əsası da İran mollaları, onların SEPAH-ı buna imkan verəcəkmi? Bəli, məsələ -problem də elə bundadır.

Ermənistan səfəri zamanı hansısa güclü bir narahatlıq yaradan bəyanat-filan olmadı, hiss olundu ki, Pezeşkian maksimum dərəcədə ölkəsinin, əslindəsə mollaların mövqeyini yumşaltmağa çalışır, amma yüz faiz də “hə” deməyə də ehtiyat edir, sanki bir az ikibaşlı danışır, bölgədə digər aktorların peyda olmasından ölkəsinin əndişələndiyini qabartmağa cəhd edir.

Aydın məsələdir ki, bunlar mollaların ona verdiyi direktivdir və Məsud bəy sadəcə, bunu icra etməyə məcburdur: guya ki, Avrasiya İttifaqıyla İranın sərhədinə çox böyük təhlükə yaranıbdır! Guya ABŞ şirkəti bura gəlsə, İranın “suverenliyinə” böyük təhlükə yaranacaq, onlar iş-güclərini atıb bütün günü Tehrana qarşı kəşfiyyat aparacaq!..

Sanki indi Ermənistanda amerikalılar yoxdur. ABŞ-ın ən böyük səfiliklərindən biri İrəvandadır, doğrudanmı onun bütün heyəti yalnız ermənilərə viza verməklə məşğuldur? Mən hələ son illərdə Ermənistana guya onun “sərhədlərini qorumaq” üçün gələn avropalıları demirəm, halbuki neçə-neçə ciddi nəşr onların çoxunun güc strukturlarının keçmiş  əməkdaşları olduğunu yazırdı.

Həm də cəmi bir-iki ay bundan əvvəl aydın olmadımı ki, hətta İsrailin Mossadı az qala, Tehranın içindədir! Hələ bir durub böyük-böyük hansısa “qırmızı sərhəd” haqqında danışır, Bakıya az qala, cadu üfürürlər ki, guya bunlara təhlükə nə vaxtsa yalnız bu istiqamətdən gələcəkdir: bəli, nahaq yerə demirlər ki, xain xoflu olar, çünki mollalar gözəl başa düşür ki, əbədi olaraq belə olmayacaq, bir gün İranda “islam” adı altında gizlənən fars şovinist hegemoniyasına da son qoyulacaqdır və bunu şimallı azərbaycanlılar etməyəcək.

Özləri də gözəl bilirlər ki, Bakının Tehrana qarşı heç bir məkrli planı olmayıb və indi yoxdur. İranlı mollar üçün sadəcə, Azərbaycanın dövlət kimi mövcudluğu da təhdiddir, problemdir. İranı gec-tez cənublu türklər özləri azad edəcək.

Daim onu da qeyd etməyi çox vacib bilirik ki, şimallı-cənublu türklərin bir millət kimi farslarla heç bir problemi yoxdur, ən azı ona görə ki, yüz illər ərzində bircə dəfə belə olsun, İranda fars -türk etnik qarşıdurması və münaqişəsi yaşanmayıbdır, hətta indi fars şovinizminin bir ideologiya kimi başında duran heç də yalnız farslar deyil. Məsələn, hazırki dini lider – Seyyid Əli Xameneyi farsdırmı? Hələ onu demirik ki, İranda indinin özündə yüksək rütbəli dövlət adamlarının çoxu cənublu türklərdir və bunu düşünərkən böyük qırğız -türk yazıçısı Çingiz Aytmatovun məşhur əsərindən detal yada düşür...

Əlbəttə, demirik ki, Pezeşkianın İrana səfəri tamam mənasız idi. Yox, hazırda baş nazir Paşinyan, insafən, ölkəsini Rusiyanın təsir dairəsindən çıxarmaq üçün çox çalışır.

Ermənistan cəmiyyətinin müəyyən seqmentləri, xüsusən də baş nazir  N.Paşinyanın “beşinci kolon opponentləri” iddia edir ki, guya Yerevan Moskvadan uzaqlaşarsa, tamamilə müsəlmanların, əsasən də “düşmən türklərin” əhatəsində qalacaqdır.

Əlbəttə, ermənilərin bu “şübhə”lərini dağıtmaq lazımdır və biz də bu məsələni İranın öhdəsinə buraxmamalıyıq, çünki indiki Tehranın səmimiyyətinə qəti inanmaq olmaz, mollalar Ermənistanla Azərbaycan və Türkiyə arasında əbədi düşmənçiliyin qalmasında maraqlıdırlar.

Bizə gəldikdə isə daim qeyd edirik ki, siyasətdə şərait bəzən düşmənləri də dost edə bilir. Hətta indinin özündə Bakıda separatçı ermənilərə qarşı keçirilən məhkəmədə şahidlər elə faktlar deyir ki, adamın tükləri biz-biz olur.  

Amma neyləmək olar? Paşinyan göstərmək istəyir ki, özünün və ölkəsinin Azərbaycana, Türkiyəyə və türklərə münasibətini dəyişmək istəyir. Biz məkrli, kinli millət deyilik, daim bizə qarşı bir addım atana doğru iki addım atmışıq. Həm də demək olar, ən böyük işimizi görmüşük, ölkəni tamamilə erməni separatçılarından təmizləmişik. Heç inanardınzmı ki, bir gün onların liderləri Bakıda mühakimə olunacaqlar?

Amma bunlar artıq reallıqdır. Həm də Paşinyan həqiqətən də çalışır. Bu adama qarşı daha kimi qaldırmırlar? Odur ki, İrəvanın Kremlin kölgəsindən çıxması bizim də maraqlarımıza cavab verir. Yox, heç kim demir ki, əl-ələ verib yenə də “Azərbaycan-Hayastan” oxuyaq.

Yox, bir əsrdə ermənilər neçə dəfə xəyanət etdilər bizə və biz də hər dəfə unutduq bunları. Ona görə çox böyük problemlər, dəhşətli acılar yaşadıq.

Xüsusən də siyasət unutqanlığı qətiyyən sevmir, amma o, həm də reallıqları nəzərə ala bilmək sənətidir. Burada nə əbədi dostlar, nə də əbədi düşmənlər olmur. Dostunun çox olmasını istəyirsən? Çalış güclü və daim də ayıq-sayıq ol, necə deyərlər, yüz dəfə sına, bir dəfə inan...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR