Onlayn ictimai-siyasi qəzet
Aşağıda oxuyacağınız hadisə şanlı məmləkətimizdə baş verib. Özü də dünən. Uydurma deyil, məhkəmə sənədlərində də əks olunub. Deməli, Naxçıvan şəhərində arvadına pul verməyən kişi həbs edilib. Arvadı polisə şikayət edib, polis də onu həbs edib. Sanarsan Norveçdir, Amerikanın hansısa ştatıdır, insan hüquqları, qadın haqları fontan vurur. Halbuki hadisə dünənə qədər bayırda hürən itə görə onun yiyəsinin həbs olunduğu Naxçıvanda yaşanıb.
Demək, 1960-cı ildə Şərur rayon Təzəkənd kəndində doğulmuş Q.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib.
Təqsirləndirilən şəxsin həyat yoldaşı onunla bağlı polisə şikayət edib. Q.B. isə məhkəmədə özünü günahkar görməyib. O, qeyd edib ki, evinin tələbatlarını qarşılamağa çalışır, amma yenə də həyat yoldaşı S.B.-nı razı sala bilmir. Həyat yoldaşı onunla bağlı yenə də qonşuların yanında deyir ki, guya evə baxmır. Bu sözlər də onu əsəbləşdirir. Son hadisə zamanı - axşam saatlarında yorğun halda evə gəlib, yeməyini yeyib dincələn zaman S.B. yenə ondan pul istəyib, o isə hirslənərək "pul yoxdur, fəhlə adamam, hardan pul tapım?" deyərək yatmağa gedib.
Məhkəmədə təqsirləndirilən şəxsin həyat yoldaşı, şikayətçi S.B. ərini xəsislikdə ittiham edib. Bildirib ki, illərdir ki, övladlarının qayğısını çəkməyə çalışır, işlədiyi dövrlərdə daim evin ehtiyaclarını ödəməyə çalışıb. Qadının iddiasına görə, ərinin istədiyi odur ki, kimsə bir qəpik pul istəməsin. Problemləri də əsasən pul üstündə olur. Artıq səbrinin tükəndiyini deyən S.B. hadisə baş verən gün yenə ərindən pul istəyib, əvəzində kişi onu söyərək təhqir edib. O da DİN-nin 102 xidmətinə zəng vurub. Polis gələndə Q.B. onlara da müqavimət göstərib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib və 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Necədir? Bəlkə bu hadisəni oxuyub, deyəcəksiz ki, “hər ailə bir dövlət kimidir, içəridəki sirləri bilə bilməzsiniz”. Amma məsələ o qədər bəsit deyil. Son illər Azərbaycanda ailə institunu çökdürən ən mühüm səbəblərdən biri də burda gizlənib. Həmcinslərim olsa da, haqqı deməliyəm. Qadınların böyük əksəriyyəti ərlərinə, bəzən də nişanlısı, sevgilisinə sözün böyük mənasında bir pulqabı kimi yanaşır. Bir çox qadına elə gəlir ki, kişi onların çıraqdakı cinidir. Çırağa əllərini sürtən kimi ər içəridən çıxıb, sahibəsinin bütün əmrlərini yerinə yetirəcək və ya yetirməlidir. Əslində isə elə bir dünya yoxdur və olmamalıdır. Əgər sən özünü normal, sağlam, savadlı, bacarıqlı... bir fərd olaraq görürsənsə, yeri gələndə kişi ilə rəqabətə girə bilirsənsə, əksər sahələrdə hüquqların bərabərdirsə, onda öz arzularının açarı da özün olmalısan. Necə deyərlər, öz cinin özün olmalısan. Hə, deyə bilərsiz ki, kişi öz qadınını işləməyə qoymursa, bəs onda? Yəni, kişi əgər belə bir tələblə çıxış edirsə, qadın da buna razılaşıbsa, o zaman burda məsələ yoxdur. Ər-arvad anlaşanda bu şərtləri də danışmalıdılar. Qadın ailədə hansı öhdəlikləri yerinə yetirir, əvəzində nə kimi istəkləri, tələbləri var və sair...Nəyi, nə qədər, nə zaman istəyə bilər...
Amma mən baxıram, son zamanlar xüsusən televiziyalarda “mən kasıb kişi ilə ailə qurmaram” deyən manısların, tanınmışların, bloger-mloger tayfasının “dərin fəlsəfi” müsahibələri aləmi götürüb. Yəni, “kasıb kişi niyə adam olur?” fikri yavaş-yavaş şüurlara sızdırılır. Dolayısı ilə qadınlar özlərini satın alınacaq bir mal kimi bazara çıxarırlar az qala: “Mən gedərəm o oğlana, onun pulu çox olsun”. İllərdən 2024, Allahın əcnəbisi süni intellekt əsəri ilə dünyaya meydan oxuyur. Bizim Fatmanisələr deyir ki, kişi mənim istəklərimi yerinə yetirə bilmirsə, o, niyə kişidir ki? Baxırsan, çoxu da oxuyub, Allah heç qoymasa, diplomludur. Amma oxumuş cahillərdir– intellekt sıfır, dünyagörüşü yerlərdə.
O zaman mən də soruşuram: bu təfəkkürdə olan hatunlar, sizin öz bədənini satan həyat qadınlarından fərqiniz nədir? Bilirəm, ağır oldu, amma reallıq budur. O, daha ucuza satır, siz daha baha qiymətə? Bu tiplər utanmadan, yekə-yekə auditoriyadan hayqırırlar ki, kişi olan yerdə mən niyə hesab ödəməliyəm? Mən niyə kişiyə hədiyyə almalıyam? Ya da mən maşınımı dəyişə bilmirəm, kişi də bunu etmirsə, o, mənim nəyimə lazımdır? Mənim dırnağım, şellaqım-qaynağım, botoksum-bədən şəkilləndirməm... ahım-şahım... bütün bu xərclərimi kişi ödəmirsə, mən niyə onunla birlikdə olmalıyam?
Bax, yuxarıda əri pul vermədiyi üçün polisə şikayət edən naxçıvanlı qadının da hikkəsi budur. İşləmək, ailənin yükünü bərabər çəkmək, çəkə bilmirsənsə qane olmaq yox, ayağını yerə dirəyib, evə polis çağırmaq. Əslində onu da müəyyən mənada başa düşürsən. Açır televizoru, hər yerdən bu cür manıslar fışqırır, sponsorlarının hesabına lüks həyat yaşayan, səsi olmayıb da, bədəni ilə bir yerə gələnlər. Və sonuncular hər yerdədirlər: musiqi, yemək, moda, ailə-məişət verilişlərində. Üstəgəl də ekspert qismində. Ordan da ağıl verirlər, yol göstərirlər. Baxanın da ağlı-savadı, səviyyəsi yoxdursa, düşür təsir altına, sonra da ərinin canına... Həmişə demişəm, deyəcəm də: bu ölkədə bir çox rüşvətxor kişilərin arxasında həm də tamahkar, acgöz qadınlar dayanır. Bu məmləkətdə “get, nə yolla olursa olsun, gətir” deyən qadınlar çox olduqca, heç nə düzəlməyəcək.
Səviyyəsinə, düşüncəsinə hörmət bəslədiyim bir qadın bu günlərdə nədən təsirlənmişdi, bilirsizmi? Qızı restorandakı bir məclisdə hesab ödədiyi üçün. Qadın gözü dolaraq bunu hər kəsə danışırdı ki, əri məclisdə ola-ola niyə qızı hesab ödədi? Sevinmək, qürurlanmaq, “qızım işləyib qazanır, heç kimin əlinə baxmır” demək əvəzinə, ana bunu özünə dərd etmişdi. Əminəm ki, o qadının qızı əri tərəfindən döyülsəydi, söyülsəydi, bu qədər təsirlənməzdi. “Arvadını döyməyən kişi var? Guya hansımız döyülməmişik ki? Əsas odu, ailəsinə-uşaqlarına baxır” deyəcəkdi. Necə deyərlər, and içərəm, amma sübut edəmmərəm. Bilmirəm, bəlkə də bizim problemimiz hələ də belə düşünən analardan qaynaqlanır? Qadınların iqtisadi müstəqilliyi onları ailədən uzaqlaşdırmır, əksinə, ailəyə daha faydalı olduqları üçün qürurlu edir. Evdə maddi qayğılar azalır, stres azalır, sevgi çoxalır, rahatlıq artır... İlin-günün bu vaxtında balaca qızların əlinə mikrafon verib, küçələrə salan TV rəhbərləri! Lütfən “ailədə qadın kişidən çox qazananda nə olur?” tipli sorğular keçirməyin. Ayıbdır, vallah! Yaşadığımız ildən, dünyanın işıq sürətilə inkişafından ayıbdır. Bir tərəfdən qadın haqları, insan bərabərliyi, ailədə tarazlıq deyib, o biri tərəfdən “qadın kişidən çox qazananda ailədə rahatlıq pozulur” kimi gerizəkalı fikri cəmiyyətə yaymayın. Ailə müştərək anlayışdır, kiçik dövlətdir, onun qayğılarının həll edilməsi üçün ərlə arvadın hansı faizdə pul xərcləməsi onun uzunömürlülüyünə, səadətinə əsla və əsla təsir göstərmir, göstərə də bilməz.
Hədiyyədir, jestdir, sürprizdir... Bunlar ikili münasibətlərdə heç də ancaq kişinin üzərinə düşməyib. Sayılmaq, əzizlənmək, dəyərli hiss etmək kişinn də haqqıdır. Sabah kişilər “mənə hədiyyə almır” deyib, qadınları polisə versə, qanunlar çarəsiz, boynu bükük qalacaq. Məndən söyləməsi. Sonra demədi deməyin!
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ