İnsanlara hürriyət, millətlərə istiqlal!

Çax-çuxunuz olur?

Dünyanın heç bir ölkəsində, heç bir millətində insanlar bizdəki kimi bir-birindən rahatlıqla maaşlarını, qazanclarını soruşa bilmirlər. Bir italyanı, bir fransızı, bir polyakı düşünün... Heç zaman bir çay süfrəsi arxasında oturub, bir-birindən “ayda nə qədər qazanırsan?”, “çax-çuxun var?”, “paket də alırsan, nə qədər?” tipli sual soruşmaz.

Amma bizdə insanlar heç bir kompleks keçirmədən, bunun etik olmadığını düşünmədən israrla, bəzənsə həyasızcasına bir-birindən maaşının, aylıq qazancının, gəlirlərinin məbləğini soruşur. Dəfələrlə yaşamışam: israrla soruşurlar. İzah edirsən ki, qonarar sistemi ilə çalışıram. Başlayırlar rəqəmlər təxmin etməyə: filan qədər olar da yəqin... İzah edirsən ki, stabil deyil. Az qala bunun yerinə sən utanırsan bu izahatı verəndə, amma o, utanmır. Sanki sən bunun vergiləri hesabına formalaşan büdcədən maaş alan deputatsan, bunun hüquqlarını qorumaq üçün bu işdə çalışırsan və ya buna borclusan hesabat verməyə... Halbuki bir müstəqil media orqanında çalışırsan və sənin qazancının buna heç bir aidiyyatı yoxdur.

Amma az-çox təxmin etmək olar ki, insanımız niyə bu qədər bir-birinin qazancı ilə maraqlanır. Çünki bu ölkədə öz halal maaşı ilə dolanan adam azdır. Müəllim maaş alır, amma hesab edir ki, ona verilən konfet kağızıdır. Və başlayır əlavə pul qazanmaq üçün şagirdləri özəl məşğələyə cəlb etməyə. Beləcə, qurur öz özəl biznesini. İş yerinə də az qala işdənkənar dərnək kimi yanaşır. Ya da həkim. Büdcədən maliyyələşən xəstəxanada, poliklinikada çalışır. Amma əsas gəlir yeri ora deyil. İşdən sonra, məsələn, saat 3-dən sonra çalışdığı özəl klinikadır “çörək ağacı”. Ona görə də sən xəstəsi olaraq dövlət xəstəxanasında saatlarla onun qəbuluna düşməyi gözlədiyin zaman o, vaxtı öldürür, fərqli-fərqli işlərlə məşğul olur. Saat 3-də də köməkçisini, tibb bacısını göndərir sənin yanına ki, bəs həkim sizi bu gün burada qəbul edə bilməyəcək.

Saat 4-də filan klinikaya yaxınlaşın. Təbii ki, 40-50 manatlıq özəl qəbul məbləğini də ödəməklə. Elə bilirsiz, biz jurnalistlərin içində hamı təmiz çalışır? Maaşı az qala konfet kağızı hesab edən reketlər düşürlər obyektlərin canına, ayrı-ayrı məmurların üstünə... Kimdən nə gəldi qoparırlar, beləcə dolanışıqlarını təmin edirlər. Məhz belə əxlaqsızların ucbatından sən qonarar-maaş deyəndə bunu eşidənlərin gülməyi tutur. İzah edə bilmirsən ki, onlar jurnalist deyil, bazar alverçisidir. Ya da onun məşğul olduğu jurnalistikadırsa, sən tamam başqa sahədəsən...

Dövlət işində çalışan ayrı, özəl sektorda çalışan bir ayrı... Böyük əksəriyyətinin “dövlətin malı dənizdir, onu yeməyən donuzdur” kimi bir şüarı var iş yeri ilə bağlı. “Mən kimdən əskiyəm?”, yaxud, “Bu ölkəni mənmi düzəldəcəm?” tipli təsəllilər öz yerində. Hələ buna baxmayaraq, utanmadan bir də şikayət edirlər. “İmkanım olsa, bir gün bu ölkədə qalmaram, dabanıma tüpürüb qaçaram” deyirlər. Adamın keçdiyi yola, fəaliyyətinə, öz sahəsində yaratdığı cəhənnəmə baxır, şoka girirsən. Ay ləyaqət yoxsulu, sən öz sahənin yaxşı olması üçün nə etmisən ki, hələ bir şikayətlənirsən də... O dabanına tüpürəndən sonra qaçmaq istədiyin ölkədə sənin kimilərə yer yoxdur axı. Onlar o quruluşu, o ölkəni vicdanlı işçilərin, mütəxəssislərin sayəsində qurublar-yaradıblar... Yaratmayıblar ki, sənin kimi dələduz gəlib, buranı da bərbad günlərə qoysun.

Yəni gerçəkdən çoxuna elə gəlir ki, o düzəni mükəmməl olan Avropa ölkələrində insanlar əllərini göyə açıb, bunların gəlişini gözləyirlər. Adamlar o sistemi, o idarəetməni qurmaq üçün illərini sərf ediblər. Avtobusuna minəndən bilet tələb etmir, girişdə aparat qoyub, vicdanın varsa, o bileti alacaqsan. Yoxdursa, anidən bir bilet yoxlayan avtobusa daxil olub, səni cərimələyəcək. Həm də biletin 10 qat artıq məbləğində. Orda bilet yoxlayana “mən ölüm, sən öl” deməklə işini aşıra bilmirsən. Və yaxud da “aparat xarab idi”, “mən özəl güzəştlərə sahib vətəndaşam” bəhanəsi də keçmir. Çünki o, sənin həsədlə baxdığın quruluşu həmin nizam-intizamla qurub. Güzəştsiz yasaqlar, sərt qayda-qanunlarla. Mən Amerikada olanda bizim səyahətimizi təşkil edən bir sürücünü yol polisi saxladı.

Piyada keçidindən keçmək istəyən qadına yol vermədiyi üçün. Həmyerlimiz vəziyyəti nə qədər izah etməyə çalışdısa, polis israrla qəbul etmədi. Hətta mübahisə etmək üçün əlini maşının sükanından çəkməsinə belə icazə vermədi. Əks halda, əllərini arxadan qandallayacağı ilə hədələdi. Təsəvvür edin – polis izah edir ki, mən səni qanunsuz saxlamamışam, sırf sənədini yoxlayıb, “ilişdirmək” üçün “sağa çək” deməmişəm. Amma sən də qanuna və mənə qarşı düzgün davranış qaydalarına riayət etməlisən.
Ona görə də elə cəmiyyətlərdə heç kim bir-birinə “çax-çux olur?”, “maaşdan əlavə nə qədər qazanırsan?” tipli suallar vermir.

Sən amerikana, avropalıya bu sualın məntiqini izah edə bilməzsən. Çünki onun lüğətində elə bir məntiq yoxdur...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR