İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağzı “skoçlanan” təhsilimiz

Biz deyirik, məktəblərdə uşaqlara dərs verin, onları robotlaşdırmayın, testin əsirinə çevirib, əzbərçi etməyin. Biz israr edirik ki, şagirdlərlə müəllimlər arasında ünsiyyət artsın, övladlarımızın nitq qabiliyyəti formalaşsın, üç cümləni bir-birinin ardınca ifadə edə bilsinlər. Bunlar uşaqların ağzını dərsdə “skoçlayırlar”. 4-5 gündür ölkədə bu mövzu müzakirə olunur.

O gün bir müəllimənin əlinə stulu alıb, uşağın təpəsinə çırpdığı mənzərəni ürək ağrısı ilə izlədik. Bir həftə əvvəl başqa bir zorakılıq mənzərəsi – uşaq sözə baxmır, müəllim vurur. Heç kim buna “təhsil nazirinə qarşı kampaniya başlayıb, ona görə bu videolar artıb” kimi bəhanə qoşmasın. Kim müəllimlərə”"hurrey” komandası verib ki, cumun uşaqların üstünə. Var ki, edilib ki, paylaşılır bu mənzərələr. İndi də bu uşaqların ağzını “skoçlamaq” məsələsi.

Bakının Nərimanov rayonunun 178 saylı tam orta məktəbinin 3 A sinfinin şagirdlərinin valideynləri övladlarının ibtidai sinif müəllimləri tərəfindən döyülərək ağızlarının skoçlandığını iddia edirlər. Bu barədə həmin sinifdə oxuyan şagirdlərin valideynləri Baku.ws-ə şikayətlərində bildiriblər. Qeyd edilib ki, uşaqları sinifdə müəllimləri Xatirə Rüstəmova tərəfindən alçaldılıb və ağızlarına yapışqan kağız vurulub. Müəllimə də deyib ki, bu, oyun idi: “Çalışıram ki, zəif oxuyanları qabağa gətirim. Mən bu barədə direktora da izahat yazıb vermişəm. KSQ yazdırırdım. Uşaqlara başa saldım ki, suallar kompüterə yazılır. Heç kim heç kimə heç nə deməsin. Onlar da əvvəlcə dedilər "baş üstə". Sonra isə bir-birindən soruşdular. Sinifdə qışqıra-qışqıra danışıblar. Sakitliyə əməl etməyiblər. Onda mən demişəm ki, uşaqlar gəlin "qaradinməz" oyunu oynayaq. Əlimlə ağzımıza vururuq ki, guya ağzımızı bağladıq və "qaradinməz" oyununa başladıq. Səs salan, başqalarına mane olan uşaqların ağızlarının bir tərəfinə yapışqan vurmuşam. Hamısını da izah etmişəm. Zarafatyana etmişəm. Özləri də gülüşüblər. Uşaqlar buna pis olmayıblar. Oyun kimi etmişəm. And olsun Allaha ki, uşaqlarla aramda problem yoxdur. İndiki valideynlər bir az çətin məsələdir".

Ömrünüzdə belə kreativ izahat eşitmişdiz? Təzyiqi, skoçu-filan qoyun qırağa, qadın elə şirin-şirin izah edib ki, (bu izahatın səsli versiyasını da telekanallardan birində dinlədim. Müəllimə nağıl danışırmış kimi danışırdı), adamı yuxu basır. Dediyim kimi, elə bil nağıldır. Ya da dolayısı ilə folklorumuzun yenidən təbliğatı. Uşaqlar “qaradinməz oyunu” nədir bax, onu öyrəniblər. Hələ bu harasıdır? Sabah sinfin ortasında bir quyu qazacaqlar, uşaqları da təpəsi üstə salacaqlar onun içinə, adını da qoyacaqlar ki, bəs Məlikməmməd nağılını təbliğ edirdik. Uşaq “ay yandım” deyən kimi kəndiri çəkirdik yuxarı. Allah haqqı, çox pis zibilə düşmüşük, özümüzün xəbərimiz yoxdu.

Bəzən müəllimələri qınayanda böyük bir müdafiəçi ordu çıxır ortaya - ələkçinin qıl verənləri sayılır bu zatlar – başlayırlar ağıl verməyə ki, bəs siz evdə 2 uşağınızın öhdəsindən gələ bilmirsiz, bəs bu yazıq müəllimə 5 saat ipə-sapa yatmaz 30-35 uşağı necə sakitləşdirsin? Onların da əsəbi var, onlar da insandır, bəzən dözməyə bilərlər... Bu “arqument”ə cəmi bir cavab var: yorulublar, əsəbləri imkan vermir? Çıxsınlar işdən. İşləməsinlər, ya da əsəb müalicəsi alsınlar. Biz valideynlər onlara can əmanət edirik, canımızdan can olan övladlarımızı. Özlərini belə bir psixoloji yükün altına girməyə hazır hesab etmirlərsə, girməsinlər. Şəxsən mən yaşımın 21-də əlimdə qoşa qırmızı diplomla istədiyim məktəbdə dil-ədəbiyyat müəllimi işləyə bilərdim. Təyinatımı da Bakı məktəblərindən birinə vermişdilər. Özümü tanıyırdım və bilirdim ki, belə bir yük mənimçün deyil. Halbuki individual məşğələlərdən qazana biləcəyim pul, hazırlıq kurslarında günortadan sonra iş imkanları... Bir düjün imkanlar vardı. Gücümü hesabladım, dözüm, əsəb durumumu götür-qoy elədim və yolumu bu sahədən salmadım. Bəzən bacarmadığın yükün altına girməmək də bir müdriklik, böyüklük tələb edir.

Təhsilimiz onsuz da qaradinməz günündədi. Qosqoca məktəb otaqları direktorlar tərəfindən dədə malı kimi müəllimlərə kirayəyə verilir. Mən işdən axşam saat 7-8 radələrində çıxıram, yolumun üstündə də bir neçə məktəb var. Axşam 8-də məktəb otaqlarının işıqları niyə yanır, biləniniz varmı? Yuxarı sinif şagirdlərinin valideynləri sinif rəhbərlərinə uşaq dərsə gəlməsin deyə niyə aylıq ödəniş ödəyirlər? Uşaq 1-ci sinfə “bismillah” edib girən kimi niyə sinif müəlliməsi aylığı 60-70 manat olan
məşğələyə cəlb edir onu? Ona görə də imkanı olan kimi xaricdə oxumağa gedən uşağın ilk reaksiyası bu olur: sən demə, təhsil bu imiş. Bu günə qədər mən təhsilin imitasiyasını yaşamışam.

Səhifə-səhifə təhsil sistemindəki neqativlərdən yazaram, sadəcə köşə yazısındakı yer məhduddur. O baxımdan da yenə sözümüz, üsyanımız, etirazımız – adını nə qoyursuzsa qoyun – konkretdir: bu uşaqlardan nə istəyirsiz? Dərs keçə bilmirsiz, anladıq. Maaşınız azdır, onu da başa düşürük. Bəs niyə döyürsüz, niyə ağızlarını bağlayıb, başlarına stul çırpırsiz bu uşaqların? Axı onlar sizin uğursuz seçimlərinizin, sosial problemlərinizin səbəbkarı, lənət şeytana, boks yastığınız deyil. Özünüz ağzınızı hər mənada skoçlamısız deyə uşaqları da bu günə qoymalısız? Məncə, bu suallar ətrafında bir düşünün...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR