Onlayn ictimai-siyasi qəzet
Hər cür ailə münaqişəsi barədə oxumuşdum, eşitmişdim, amma beləsini görməmişdim. Goranboyun Qarasüleymanlı kəndində qayınata gəlininə qumbara atıb.
Qarasüleymanlı kənd sakini 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun övladının sağlamlığında ciddi problemlər olub. Gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə bir neçə dəfə münaqişə yaşanıb və gəlini evi tərk edərək Bakıda verilişlərin birində çıxış edərək problemlərindən danışıb. Yenidən barışan ailədə bu dəfəki münaqişə faciə ilə nəticələnib. Qayınata gəlininə qumbara ataraq onu öldürmək istəyib. Gəlinin vəziyyəti ağırdır. Hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Təsəvvür edin, ailə münaqişəsidir, qayınata nədənsə narazıdır və nəvələrinin, hətta öz arvadının da olduğu həyətə qumbara atır. Daş yox, zibil yox, Ağadadaş sayağı balta da yox, birbaşa qumbara. Camaatımız artıq “planka”nı yüksək tutmaq üçün yarışa girib. Məni bu hadisə ilə bağlı yayılan xəbərdəki bir cümlə dəhşətə düşürdü: “Qayınata partlayıcını səbəbsiz yerə həyətə atıb”. Elə-belə, ekşn üçün, həyəcan üçün, adrenalin üçün. Qumbaranı hardan alıb, bu “qara gün” üçün üçün harda saxlayıb, bəlli deyil. Sadəcə o, bəllidir ki, artıq cəmiyyət olaraq aqressiyamız sərhəd tanımır. Bir çox bəlalarımız da məhz bundan qaynaqlanır. Aqressiyamızın dozasını gündən-günə artırırıq. Şüursuzluğumuz bəzən onlarla insana problem yaradır. Şüursuzluq demiş, bu gün Ucarın Qulubənd kəndi ərazisində 14 avtomobilin iştirakı ilə baş verən qəzanın dəhşəti hamımızı bürüyüb. 1 ölü, 12 yaralı, maşınların içində sıxılıb qalmış vətəndaşlar. Qəza niyə zəncirvari olub, xəbəriniz varmı? Çünki ilk baş verən qəzaya tamaşa etmək üçün insanlar öz maşınlarını yolun kənarında saxlayıb. Bəli, hava qaranlıq olub, yoldan keçən sürücülər maşını sağa çəkib qəzaya tamaşa edən zaman arxadan gələn bir yük maşını onları vurub. Beləcə, bir-birinə girən 14 maşın... Bax, faciəyə az qala tum çırtlaya-çırtlaya baxan insanların öz faciələrini özlərinin yaratması... Dəfələrlə başımıza gəlib: yolda qəza baş verən kimi dəhşətli tıxac yaranır. Çünki hər keçən maşın saniyələrlə bu qəzaya baxır, hətta ərinmir, telefonunu çıxarıb çəkir, canlı yayım edir, maşınını saxlayıb, yerə düşür... Bu dəfə ucarlılar bu “xəbərçilik eşqi”nin ucbatından zəncirvari qəzaya səbəb olublar.
Qayıdaq qumbaralı qayınataya. Xəbərdə deyilir ki, qumbara atılan ailədə ciddi problemlər olub. Hətta bu problemlərə görə gəlin daha öncə telekanallara da çıxıb. Elgizlər, zaurlar, lalələr, ağbirçəklərin çözməyə çalışdıqları ailə-məişət proqramları olur ha, bax onlar. Biri orda bayılır, o birisi burda ayılır, saçyolmalar, hamı bir-birinin üstünə qışqırır, hoppanır. Hələ bəzi qonaqlar olur, danışandan sonra özləri öz başlarına döyürlər. Aparıcı da yerişinə haram qatmadan, yavaş-yavaş onlara yaxınlaşır ki, bəs niyə belə edirsiz? Yaxşı edirsiz e, amma düz etmirsiz-filan. Bax, bu ailə də o verilişlərdən mədət umurmuş. Bir dəfə efirə çıxıb, faydası olmayıb. Qayınata da düşünüb ki, sizi ancaq qumbara düz yola gətirər və beləcə “düşmən cavab atəşi ilə susdurulub”.
Zarafat bir tərəfə, amma cəmiyyətdəki bu aqressiya sizi narahat etmirmi? Bu, təkcə qumbaralı qayınata xəbərindən qaynaqlanan sual deyil. Məktəbdə uşaqlar bıçaqlaşır, məktəbin qabağında analar saçyoldusuna çıxırlar, nəqliyyatda camaat bir-birinə bıçaq çəkir, ailədə isə Allah göstərməsin nələr-nələr baş verir. Heç kim deməsin ki, insan varsa, problem də var. Ya da bunu insanların ağır maddi problemləri ilə əlaqələndirməsinlər. Bunlar səbəb yox, bəhanələrdir. Əsas səbəb isə odur ki, insanımızın qarşısında pis nümunələr bəs deyincədir. Xalq artisti əsəbləşən kimi əlinə balta alıb, camaatın üstünə cumursa, efirdən evlərə aqressiya “buket”i göndərilirsə, ancaq şiddət, dava-şava, qəddarlıq səhnələri ilə dolu filmlər yayımlanırsa, siz insanlardan nə gözləyirsiz? Axşam saat 5-7 arası yerli kanallar arasında bir “gəzişmə” edin, hamısında qırğın-qiyamətdir. Ana övladı söyür, ər arvada şıllaq atır, baldız saçını yolur... Bir bağırışırlar, bir çığırışırlar.. deyirsən, indi müharibə başlayacaq. Bu dava-dalaş bizim həyatımızın normasına çevrilib, olmazsa olmazıdır az qala. Uşaqlar hələ dilləri söz tutmamış telefonda, kompüterdə şiddət xarakterli oyunlar oynayırlar. Elə böyüyür, elə formalaşırlar. O halda qumbara atan qayınataya da təəccüblənməməliyik.
Mən pafoslu-pafoslu “hamı bir-birini sevsin”, “dünyanı yaxşılıq xilas edəcək” tipli cümlələr işlətməyəcəm. Sadəcə, ölkə olaraq, hətta deyərdim, dünya olaraq ağır günlərdən keçirik. Yeni dünya düzəni dediyimiz nəsnə hamını “hop” deyib, udmağa çalışır. Adi sübut: dünyanın sülh umduğu adam – Tramp gələn kimi hər yerə qarmaq atır, “alma da mənə, armud da mənə, hər əlimə də bir nar gərək” deyərək, bir çox ölkələrə ultimatum verir. İşğalçılar birləşir, güclülər zəifləri məhv edəcəkləri ilə hədələyirlər. Belə günlərdə yeganə çarə hər kəsin özünü, mümkünsə, yaxın ətrafını qorumasıdı. Yoxsa ki, əlimizə keçən balta, qumbara, bıçaqla...uzağa gedə bilməyəcəyik. Dünya bizi həzmi-rabedən keçirməmiş biz ayaqda qalmağın bir yolunu tapmalıyıq... Başqa çarə yoxdur.
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ