Onlayn ictimai-siyasi qəzet
21-ci əsrin yenilikləri sanki dələduzların, oğruların çörəyinə yağ sürtməyə hesablanıb. İşləri asanlaşıb, camaatı soymaq üçün üsulları artıb. Əvvəl cibgirlik, oğurluq, qarət kimi “primitiv”, “sıradan” üsullar vardı. İndi şeytanın ağlına gəlməyən üsullar icad ediblər. Adamlara zəng edib, süni intellektlə uşaqlarının səsini təqlid edir, pul göndərmələri üçün dil tökürlər. Məsələn,- “ata, mənə bu hesaba təcili pul göndər, pis vəziyyətdəyəm”,- deyən “övlad”a hansı ata-ana “yox” deyər? Yaşlı adamlar da inanır, hesaba pul göndərirlər, kartlarını oğurlatdırırlar, şəxsi hesabları kiberdələduzlar tərəfindən ələ keçirilir. Təkcə budurmu? Hər gün onlayn alış-verişlərdə nə qədər insan aldadılır, pulları ələ keçirilir, dələduz maklerlər tərəfindən bir ev 10 nəfərə satılır və sair və ilaxır.
Ötən həftə bir olay da mənim başıma gəldi. İş qrafiki ağır olan çoxları kimi mən də onlayn alış-veriş səhifələrindən birindən gödəkçə sifariş etdim. Yanvar ayında bir çox mağazalar endirim etdikləri üçün burdakı endirim də məni təəccübləndirmədi: 55 manata gödəkçə, çatdırılma ilə birgə 58 manat. Pulu öncədən hesablarına göndərdim (əks halda sifarişi qəbul etmirdilər), çatdırılma günü və saatını razılaşdıq. Həmin gün vatsap üzərindən yazanda isə nömrəmi bloka atıb, özümü də xərçənglərin qışladığı yerə göndərdilər. Digər nömrələrinə yazıb, hesab soranda isə lüğətdəki ən ağır söyüşləri söyüb, oradan da blok etdilər. Sonra nə oldu? Məlum oldu ki, 100 manata qədər dələduzluğa görə cəza düşmürmüş deyə onlarla bağlı edilən heç bir şikayətin faydası yoxdur. Üstəlik, adamları tapmaq mümkün deyil. 3 manat verib bir nömrə alırlar. Hər adam aldadıldıqdan sonra da nömrəni dəyişirlər. Və maraqlısı budur ki, səhifəsindən video oğurladıqları xəz dəri malları mağazası da işi araşdırmaq üçün polisə verib (onlarla da əlaqə saxladım). Polis də araşdırıb və deyib ki, bu hesabın sahibləri Almaniyadadır, yaxalamaq mümkün deyil.
Mən də dələduzlara aldanan biri kimi öz müəllif efirimdə bu haqda danışdım. Səhifə haqda məlumat verdim, insanlara başqa növ dələduzluqlardan danışdım. Nə baş verdi, təsəvvür edirsiz? Şərhlər arasında dələduzdan çox aldanan şəxslər təhqir olundu. Səviyyəsi plintusdan aşağı olan bəzi beyinsizlər iddia etdi ki, günah oğruda deyil, qapını bağlamayan ev sahibindədir. Hətta içlərində “tamahkarları aldatmaq günah yox, savabdır” kimi həyasızlığı da müdafiə edənlər də çıxdı. Azərbaycanda insanların kasıb yaşadıqları üçün bu yollara baş vurmasına haqq qazandıranlar tapıldı. “Bu hakimiyyət insanları elə çarəsiz duruma salıb ki….” Bla, bla, bla…Demaqoqiyanın ən ucuzu… Deyə bilərsiz ki, 10-15 nəfər adam dələduza haqq veribsə, bundan uzaqgedən nəticələr çıxarmaq lazım deyil, cəmiyyətimiz bütövlükdə belə deyil. Amma mən deyirəm ki, burada alternativ fikrə yer yoxdur. Dələduza, oğruya, camaatın pulunu atana haqq vermək dünyanın heç yerində yoxdur, olmamalıdır. Bizim kənddə oğruya, dələduza dələduz deyirlər…
Sonra da yadıma sosial şəbəkədə populyarlaşan bir yaşlı qadının videosu düşür. Demək, eks məhbus olan bu qadından müsahibə alırlar və o da deyir ki, fəxr edirəm ki, “maşennik”liyə görə tutulmuşam. Sonra da özünə haqq qazandırır ki, “ərimi ha öldürməmişəm, insan alverinə görə həbs olunmamışam. Kişilərlə birgə bələdiyyə torpağı satmışam, insanları aldatmışam. Kişi kimi həbs yatmışam”.
Bax belə bir ölkədə yaşayırıq. Bizim torpaqlarda təmiz, namuslu həyat tərzi keçirənlərə “lox” deyirlər. İmkanı olduğu halda dələduzluqdan imtina edənlər, daha az pula da qane olanları ən yaxşı halda “yaşamağı bacarmayan”, ən kobud formada isə “axmaq” adlandırılır. Son illər ölkədə dələduzluğa görə artan cinayət faizi insanı heyrətə düşürür. Çoxu bir yolunu tapmağa çalışır ki, əziyyət çəkmədən, başqalarının cibinə girərək yaşasın, dolansın. Əsaslandırma da hazırdır: bacarana can qurban. Yeməyənin malını yeyərlər… Dünyanın ən həyasız arqumenti. Əgər buna arqument demək olarsa…
Bax, belə bir duruma gəlib çatmışıq. Artıq kibercinayət, onlayn dələduzluq gündəlik həyatımızın bir qorxusudur. “Bacaran uşaq”lar çoxaldıqca bizim həyata inamımız azalıb. Üstəlik, ətrafda onlara haqq qazandıranların gündən-günə artdığı bir cəmiyyətdə…
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ