Onlayn ictimai-siyasi qəzet
Yadımdadır, 90-cı illərdə - xarici filmləri seyr etməyin az qala lüksə çevrildiyi zamanlarda “Retro” verilişi vardı. Həftədə bir dəfə, səhv etmirəmsə, şənbə günləri oturub hamımız gözləyirdik ki, bu veriliş başlasın Ayaz Salayev danışsın, qurtarsın və biz o filmə baxaq. Bəzən təkbaşına, bəzənsə Həmidə Ömərova ilə birgə aparırdı verilişi. Bəli, biz səbirsizliklə gözləyirdik ki, nəhayət Ayaz Salayev danışıb bitirsin, biz filmə baxaq. Çünki çox çətinliklə danışırdı, əziyyət çəkirdi, özünə də, bizə də əzab verirdi. İndi illərdən 2025-dir və biz yenə oturub gözləyirik ki, Ayaz Salayev danışıb bitirsin, bizi təhqir etməyi dayandırsın... Yenə əziyyət çəkir Azərbaycan dilində danışanda, rus intonasiyası ilə danışır, söz ehtiyatı zəifdir, rus dilində düşünür, onu beynində sinxron tərcümə edib, sonra danışır. Söz tapmayanda “oy, ujas” deyir, bəzən də aqressivləşir, səsini qaldırır, Azərbaycan məktəblərinin məzunlarını aşağılayır...
Son bir neçə gündür ölkədə müzakirə olunan məsələlərdən biri rusdilli məktəblərlə bağlıdır. Az qala cəmiyyət olaraq iki hissəyə bölünmüşük: mən də daxil olmaqla bir qisim hesab edir ki, rusdilli məktəblərə qəbul dayandırılmalıdır, hazırda bu dildə təhsil alanlar öz orta təhsillərini bitirməlidir, amma rusdilli məktəblərə artıq qəbul elan edilməməlidir. Başda Ayaz Salayev olmaqla isə ölkənin rusdilliləri hesab edir ki, rusdilli məktəblər bağlana bilməz, əks halda, cəmiyyətdə savadsızlıq baş alıb gedər. Elə belə də deyirlər: dəhşət olar, fəlakət olar, cəmiyyət məhv olar. Oy mama, oy ujas, oy tragediya...
Başlayırlar Sovet dövründə təhsil almalarından, qurtarırlar rusdilli məktəblərdə təhsil alanların daha səviyyəli olmasında. Fakt isə ortadadır. Azərbaycan bölməsində keçid balı 500 olan fakültələrə rusdilli məktəblərin məzunları 200 balla keçə bilirlər. Heç bir yüksək göstərici, nəticə, uğur yox. Ancaq boş-boş sözlər var. Sovet dövründə kim harada oxuyub, rus dilində hansı dissertasiyanı müdafiə edib. Mənə nə? İndi dövr fərqlidir. Məktəbə birinci sinifdən rus dilində başlayanların şüurunda da, yanaşmasında da fərqliliklər var, millilikdən uzaqdırlar. Başqa ruhda, başqa yanaşma ilə böyüyürlər. Heç kim öz iki-üç dostunu, qonşusunu gözümüzə soxmasın: bizim bir qonşu vardı, rus bölməsini bitirmişdi, elə vətənpərvər idi... Bir-iki nümunə ilə bu məsələni çözmək mümkün deyil. Lənət şeytana, biz niyə hansısa manqurdlara izah etməliyik ki, ölkədə konstitusiya ilə, qayda-qanunla ana dil Azərbaycan dilidir, əsasdır. Və bizim vətəndaş olaraq haqqımızdır ki, rusdilli məktəblərin dövlət hesabına (oxu: mənim vergilərim hesabına) maliyyələşməsinə etiraz edək. Ayaz Salayev mənə o qəzəbli müsahibəsində bir cümlə dedi: Azərbaycandilli məktəblərin olmasına qarşı deyiləm! Lütf etdi, jest etdi, şərəf verdi, yoldaş Salayev! Kalibrli rejissorumuz təəssüf ki, Azərbaycan dilində təhsil alanlara nifrətini heç cür saxlaya bilmirdi. Türk dili Azərbaycan dilinə zərər vurur kimi bir absurd fikri müdafiə edirdi. İranda Pezeşkian türk dilində şeir deyəndə qorxuya düşənlərlə burada “türk dili bizim dilimizə təhlükədir” deyənlər eyni mahiyyətdədir. Halbuki dünən Cənubi Azərbaycanda türk dili günü idi. Uşaqlar xorla öz doğma dilimizdə “Bu qala daşlı qala” oxuyurdular. Bizim rusbaşlar çaştuşka oxuyub, əllərini bir-birinə vuranda baş verirdi bu.
Özlərini gizlədə bilmirlər, emosiyalarını saxlaya bilmirlər söhbət milli düşüncədən, milli dilimizdən, milli təfəkkürümüzdən gedəndə. Onların vətən sevgisi, vətən üçün ekran qarşısında tökdükləri göz yaşları da saxtadır. Çünki daxillərində bir rus nökərliyi var. “Oy, Sovet vaxtı necə xoşbəxt idik, mağazadan sovetski kalbasalar, sosiskalar alırdıq” deyib ağzının suyunu axıdanların elə mahiyyəti sosiskadan uzağa getmir. 20 yanvarı, 26 fevralı niyə yaşamışıq, bilmirlər, nə qədər insanımızı rus ordusu öldürüb, tankın altında qanına qəltan edib, unudurlar. 2024-cü ilə qədər rus sülhməramlılarının Qarabağda nə hoqqalar çıxardıqlarını unutmuşdular. Mina basdıran erməni silahlılarını necə öz maşınları ilə müşayiət edirdilər. Balıq yaddaşlı rus sevdalıları!!! Onlara görə nə qədər insanımız ölüb, neçə ailələr darmadağın olub... Rusdan uzaqlaşmağın əsas yolu onun dilini təhsilimizdən uzaqlaşdırmaqdır. Kim rus dili öyrənmək istəyir, ödənişli əsaslarla açılacaq rusdilli məktəblərə getsin, orda təhsil alsın... Bu qədər sadə... 2*2=4.
Tez-tez “manqurt” ifadəsindən istifadə edirik. Bu, ölməz Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsərində dilimizə gətirdiyi bir tapıntıdır. Necə yaranıb, bilirsizmi? Əslində bu manqurt əfsanəsi romanda az qala onun dəyərində bir hissədir. Joloman Juanjuanların işgəncəsi nəticəsində həm öz kimliyini, həm ata-anasını, həm uşaqlığını, həm də insanlığını unudub. Onu artıq bir manqurt adlandırmaq olar. Çünki sahibinə bir köpək kimi bağlıdır. Nayman-Ana isə oğlunu tapmaq istəyir. Buna görə də onun izinə düşür. Amma oğlu ilə qarşılaşanda məlum olur ki, oğlunun ona heç bir hissi yoxdur. Ruhsuz bədəni, donuq baxışları var. Anası səbirlə, şəfqətlə, oğlu nəsə xatırlayar deyə dayanmadan keçmişdən danışır, onun yadına oxuduğu laylaları, bayatıları salmaq istəyir, onu evə aparmaq arzusu ilə çırpınır. Nayman-Ana nəinki Jolomanı evinə apara bilmir, özü də çöllükdə canını tapşırır.
Romanda Manqurt obrazının daha bir örnəyi isə Qazanqapın oğlu Sabitcandır. Onun da durumu eynidir. O da atası sayəsində yüksək təhsil alıb. Amma mənən bivec adamdır. Onu nə atasının, nə doğulduğu Boranlının, nə də ölkəsinin taleyi narahat edir.
Tanış gəldi? Yüksək təhsil, yüksək qazanc, iş yeri var, sahibinə it kimi sadiq bir yanaşma da var– amma milli ruh yoxdur, insanlıqdan isə heç danışmağa dəyməz... Bu sayaq tiplər hər zaman rus dilindən, rus pedaqoqlardan, ədəbiyyatçılardan misal gətirirlər. Birini də mən deyim, mənzərə aydın olsun. Məşhur rus pedaqoqu Uşinski deyir ki, “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcək”. Bəli, bunu mən demirəm, “sizinkilər” deyir, sizin sevimlilər.
Bəli, yenə Ayaz Salayev və ayazkimilər danışır. Biz gözləyirik ki, o, nəhayət özünə də, bizə də əzab verməyi dayandırsın və biz filmə baxaq, həyatımıza baxaq, ölkəmizin yenidən şəkillənməsinə, rusbaşlardan və rus sevdalılardan təmizlənməsinə baxaq. Sussa, sussalar, bütün bunların hamısını edəcəyik...
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ