İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızını uçqundan xilas edib, ürəyi dayandı: Gecənin dəhşətini görən Nilay böyüyüb belə oldu – Müsahibə + Fotolar

“Nəvəm deyirdi ki, pul göndərin, valideynlərim Rusiyadan qayıtsın. Psixoloqların köməyi ilə ona ana və atasının rəhmətə getdiyini dedik. Bir müddət onların yoxluğu ilə barışmadı, qışqırdı, ağladı”.

Bunu Musavat.com-a açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan 1992-ci il təvəllüdlü Günay Əliyevanın atası Zahid Babazadə deyib.

Zahid 1.jpg (78 KB)

Zahid bəy Nilayın babasıdır. Nilay Gəncə hadisələrində anası Günay Əliyevanı, atası Adil Əliyevi, eləcə də ata nənəsi Afaq Əliyevanı itirib. İndi Nilay birinci sinifdə oxuyur. O, nənə və babasının himayəsindədir. Zahid bəy deyir ki, dəhşətli hadisə baş verən zaman Nilay 1 yaş yarımlıq olub.

“Nilayın anası hamilə idi. Partlayış zamanı həm özü, həm də uşağı həyatını itirdi. Yeznəm isə partlayışda sağ imiş. Nilayın xilas edib, sonra Günayın arxasınca gedəndə həlak olub. Biz düşünürük ki, onun ürəyi partlayıb. Çünki partlayış zamanı o sağ olub. İndi yeganə ümidimiz Nilaydır. Partlayışdan sonra Bakıya köçdük. Orada bir il yaşadıq. Əvvəl Nilaya demişdik ki, valideynlərin Rusiyadadır, gələcəklər. Bir dəfə müəlliməsinə dedi ki, pul verin, anamı, atamı Rusiyadan gətirək. Müəlliməsi bunu eşidib çox ağladı. Və qərara gəldik ki, həqiqəti açıb deyək. Nəvəmlə psixoloji söhbətlər aparıldı, valideynlərinin həlak olmasını psixoloqların köməyi ilə dedik. Bir müddət pis oldu, qışqırdı, ağladı.

Zahid 2.jpg (66 KB)

Başa düşdük ki, Nilay tam dəyişib. Buna görə də Gəncəyə qayıtdıq, burada nəvəmi məktəbə yazdırdıq. Bundan sonra hər şey yoluna düşdü”.

“O qızımın yadigarıdır. İngilis dilində təhsil alır. Nilaydan gözləntilərim böyükdür. Hadisələri, valideynlərinin yoxluğunu psixoloqun köməkliyi ilə ona izah etdik. Dedi: “onsuz ki, mən bilirdim. Demirdim ki, siz üzüləcəksiniz. Erməni evimizi dağıtdı, onları zəlil qalsın”. Mən onu, o da məni qoruyur.

Zahid 3.jpg (64 KB)

Qızımın bombalanan evi ilə bizim yaşadığımı mənzil arasında 10 dəqiqəlik yol var. Gecə yuxudan ayıldıq, evimiz silkələndi. Divandan yerə düşdük. Onda yoldaşım Rusiyada idi. Hadisədən 15 dəqiqə sonra qızımgilə çatdıq. Mən çatanda artıq Günay, yoldaşı və valideyni keçinmişdi. Danışdıqca elə bil ki, onları yaşayıram. O ev elə uçmuşdu ki... Bomba arxa tərəfdən düşmüşdü, əşyalar evin önündən çölə tökülmüşdü. Yataq otağından əsər- əlamət yoxdur.

Atasının sağ olduğunu Nilay dedi. Bir dəfə uşaqlarla oynayanda ədyalı onun başın atdılar. Boğuldu və qışqırdı. Dedi: “nənə, atam məni götürüb torpağın üstünə tulladı, qaçdı və qışqırdı”. Bu sözləri uşaqdan öncə ətrafdakılar da demişdilər. Adil birinci uçqun vaxtı sağ olub. Orada adamlar elə vəziyyətdə idilər ki, heç özlərinin özlərindən xəbərləri olmurdu. Qışqırırdılar, öz səslərini eşitmirdilər.

Həmin evin yanından bir daha keçməmişəm. İndi məni həyata bağlayan Nilaydır”.

Şahanə Rəhimli
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR