Onlayn ictimai-siyasi qəzet
Azərbaycandan qəbul etdiyi “top”u erməni seçicilərin üstünə atan baş nazir təhlükəli proseslərə başlayır - Bakıdan xəbərdarlıq
Ermənistanın baş naziri Nikol Paşinyan indi də referendum mövzusunda söz oyunlarına başlayıb. Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu davamlı şəkildə bəyan edən Paşinyanın sülhün əldə olunması üçün əməli addımlar atmaması bir yana, üstəlik, özünü sığortalamaq üçün cəhdlər göstərməsi də diqqətdən yayınmır.
Ermənistanın baş naziri bu günlərdə bildirib ki, əvvəlki bütün konstitusiya referendumları xalqın iradəsini əks etdirmir. N.Paşinyan deyib ki, Ermənistanda xalqla hüquqi sistem arasında uçurum var. Musavat.com xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən “Ədalətə nail olma vasitəsi kimi məhkəmə” adlı konfransda çıxış edərkən deyib. “Mənim qiymətləndirməm əvvəllər necə idisə, indi də elədir: əmin oldum ki, hüquqi sistemdəki boşluqlar həm də o faktla bağlıdır və ondan qaynaqlanır ki, əslində bütün konstitusiya referendumlarında cəmiyyətin müəyyən bir qavrayışı və inamı mövcud olub - yəni rəsmi şəkildə qeydə alınmış nəticələr xalqın iradəsini ya əks etdirmir, ya da tam şəkildə ifadə etmir. Mən bu barədə son vaxtlar müxtəlif məkanlarda tez-tez danışıram və "real Ermənistan" ideologiyasını təqdim edirəm. Bu, çox mühüm bir nüansdır və mən burada fundamental, dərin bir problemi görürəm - yəni ölkədə mövcud olan hüquqi quruluşla xalq arasında orqanik bir bağ problemi mövcuddur", - deyə Nikol Paşinyan qeyd edib.
Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün rəsmi İrəvanın iki tələbə əməl etməli olduğunu bildirib. Ölkə rəhbəri qeyd edib ki, əgər Ermənistan Minsk Qrupunun ləğv olunduğunu elan etməsə, həmçinin Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu konstitusiyasını, həmçinin normativ hüquqi aktlarını dəyişdirməsə, o halda, sülh müqaviləsinin imzalanması mənasızdır. N.Paşinyanın əvvəlcə konstitusiya dəyişikliyinə 2027-ci ildə, yəni 2026-cı ildəki parlament seçkilərindən sonra gediləcəyi barədə anonslar etsə də, sonradan referendumun bir il sonra keçiriləcəyi barədə danışmağa başladı. Amma revanşistlərdən ehtiyatlanan, eyni zamanda Azərbaycanla danışıqlardan hansısa üstünlüklərlə çıxmağa çalışan erməni baş nazir vaxtaşırı “val”ı dəyişməklə hakimiyyətinin də ömrünü uzatmağa cəhd göstərir. Qeyd edək ki, bundan əvvəl Paşinyan bəyan etmişdi ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Amma revanşistlərin hücumundan yayınmaq üçün də dərhal məsələnin referendumla, yəni xalqın səsverməsi ilə həll edilməli olduğunu dilə gətirdi.
Xatırladaq ki, Ermənistanın ilk konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilib. İlk konstitusiyanın qəbulu Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib. Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.
Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar iki dəfə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı müstəqillik bəyannamasinə istinad olduğu kimi saxlanılıb, əl dəyilməyib. İlk konstitusiya dəyişikliyi 2-ci prezident Robert Köçəryanın dövründə, ikinci dəyişiklik referendumu isə 3-cü prezident Serj Sərkisyanın rəhbərliyi altında həyata keçirillib.
Belə ki, 27 noyabr 2005-ci ildə keçirilən referendumla bəzi düzəlişlər edilmiş yeni konstitusiya qəbul edilib. 6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti referendum nəticəsində yenidən konstitusiyada dəyişikliklər edilib və beləliklə də, dövlətin siyasi quruluşu yarıprezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.
Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula (ön söz) və 9 fəsildən ibarətdir. Preambula konstitusiyanın ümumi və məqsədlərini bildirir. Bu isə Ermənistanın konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyprinsiplərini ə əsas verir. Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək. (Modern.az)
Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin ən azı 25 faizi və referenduma qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir.
Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb. Sərəncama əsasən, yeni konstitusiya layihəsi 2026-cı ilin sonuna qədər hazırlanmalıdır. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Amma bu tarix önə də çəkilə bilər.
“Ermənistanda indiyədək konstitusiyaya dəyişiklik üzrə keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib”, - deyən Ermənistan cəmiyyəti ilə qanunçuluq arasındakı uçurum olmasını məhz bununla əlaqələndirən Paşinyan eyni zamanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı ümumxalq referendumunun keçiriləcəyini də anons edir. Hələ mart ayında bu barədə danışarkən demişdi ki, Ermənistan 2027-ci ildə Yeni Konstitusiya ilə bağlı referendum keçirə bilər. “Biz vətəndaşlara yeni konstitusiya təklif edəcəyik və 2027-ci ildə referendum keçirməyi planlaşdırırıq”, - o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirmişdi. Baş nazir həmçinin demişdi ki, İrəvan yaxın gələcəkdə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müzakirələrə başlaya bilər.
Maraqlısı budur ki, Paşinyan həm referendumların nəticələrinin saxta olduğunu deyir, həm də referendum anonsu verir. Revanşistlərin yenidən baş qaldırması şəraitində Paşinyan Azərbaycanın tələbini icra edib, ölkəmizə qarşı ərazi iddialarını konstitusiyadan çıxara biləcəkmi? Yoxsa məsuliyyəti özündən uzaqlaşdırmaq üçün söz oyununu davam etdirir. Kim təminat verə bilər ki, budəfəki referendumun nəticələri qəbul olunacaq? Bəlkə elə Paşinyan revanşistlərin mövqeyinin üstün olacağını bildiyi üçün və gələcəkdə “referendumun nəticələri belə oldu, mən xalqın tələbinə qarşı çıxa bilmərəm” arqumentinin arxasında gizlənmək üçün manevrlər edir. Bütün bunlar hansı qənaəti yaradır? N.Paşinyan sadəcə zaman qazanmaq istəyir, yoxsa başqa niyyətləri də var?
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda konstitusiya dəyişikliyi mütləq olmalıdır: “Bu günə qədər Ermənistanı müxtəlif məsələlərdə aldadan Nikol Paşinyan və onun komandası erməni xalqı üzərindən oyunlar oynamağa çalışır. Bu oyunlar bu gün də davam edir. Nikol Paşinyan yaxşı bilir ki, erməni xalqına qarşı onun tərəfindən yeridilən siyasət nəticəsində Ermənistan çıxılmaz bir vəziyyətə düşüb. Hazırda Ermənistanın üzərində ciddi öhdəliklər var”. Ekspert qeyd etdi ki, Ermənistan Konstitusiyasını dəyişmədiyi təqdirdə nəinki Azərbaycanla sülh müqaviləsi, həmçinin Türkiyə ilə də münasibətlərini yaxşılaşdıra bilməyəcək: “Çünki Ermənistanın Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ölkənin vəziyyətinin daha da pis olmasına gətirib çıxarır. Ermənistan bütün inteqrasiya layihələrindən kənarda qalıb. Bu ölkənin qarşısında duran yeganə şans Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdır. Lakin konstitusiyalarında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları olduğu təqdirdə sülhlə bağlı bu ölkənin atacağı addımlar əsla səmimi görünə bilməz”. T.İsmayılov hesab edir ki, Paşinyan konstitusiyanın dəyişməsi məsələsində gecikib: “İlk başdan bu addımı atmalı idi. Ermənistan çox ciddi formada dövlət sənədlərini dəyişməlidir. İstənilən halda Ermənistanda konstitusiya dəyişəcəyi təqdirdə bu ölkənin taleyi də dəyişəcək. Hər bir halda Ermənistan işğal qoxan konstitusiyadan qurtulmalıdır”.
Görünən budur ki, Ermənistan rəhbərliyi "odla su arasında qalıb". N.Paşinyan revanşistlərin qəzəbindən qorxduğu üçün Azərbaycan ərazilərinə iddianın əksini tapdığı konstiusiyadan imtina etmək cəsarətini nümayiş etdirə bilmir. Ona görə də Bakının onun üzərinə atdığı “top”u o da referendumda səs verəcək erməni xalqının üzərinə atır. Amma anlamır ki, Qarabağdan olan cinayətkarların yenidən İrəvan küçələrinə çıxması, kilsənin hərəkətlənməsi şəraitində sülhü özündə ehtiva edəcək nəticənin qutudan çıxması mümkün deyil. Bu isə real Ermənistan qurmaq arzusunun puça çıxması demək olar. Hər halda, düşünmək üçün vaxt çox qalmayıb.
E.PAŞASOY,
“Yeni Müsavat”
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ