Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyət günləri çərçivəsində aprelin 21-də Azərbaycan sənətkarlarının iştirakı ilə qala konsert təşkil olunub.
Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, Toktokul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında keçirilən konsert mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev, TÜRKSOY-u baş katibi Sultan Raev və başqa rəsmilər iştirak edib.
Qırğızıstanlı nazir xatırladıb ki, ötən il Bakıda Qırğızıstan Mədəniyyəti günləri keçirilib. Nazir iki ölkə arasındakı dostluq münasibətlərinin önəmini vurğulayaraq qeyd edib ki, mədəniyyət günləri bu münasibətlərin möhkəmlənməsində müstəsna rol oynayır.
A.Kərimli isə iki ölkənin mədəni, humanitar və başqa sahələrdə qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
Nazir vurğulayıb ki, son dövlər bir çox sahədəki əlaqələr dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin təməlində inkişaf edir:
“Xüsusilə, mədəniyyət sahəsində əlaqələrimizin daha fa inkişaf edəcəyinə inanırıq. Bu istiqamətdə mədəniyyət günlərinin keçirilməsi ilə kifayətlənməyəcəyik”.
Konsert proqramına Qarabağ" orkestrinin ifasında “Dostluq kompozisiyası” ilə start verilib. Muğam introsu ilə başlanan kompozisiya Azərbaycan xalq çalğı alətləri, simfonik orkestr və qırğız milli alətinin ifası ilə davam edib.
Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzularına “Fantaziya"Azərbaycan Dövlət Rəqs Ansamblının müşayəti ilə təqdim olunub. Daha sonra rəqqaslarımız “Nəlbəki”, “Qaytağı”, "Uzundərə" ni məharətlə təqdim ediblər.
Əməkdar artist Şirzad Fətəliyev (balaban) Ələkbər Tağıyevin “Sən gəlməz oldun”əsərini səsləndirib.
Gecədə xalq mahnılarına da yer verilib.
Xalq artisti, xanəndə Teyyub Aslanov “Şuşanın dağları” xalq mahnısını ifa edib.
Səxavət Məmmədov, Nurlan Cəbizadə və Atay Oqonbayev “Maş botoy” (komuz) Tofiq Quliyevin “Qaytağı”, Əməkdar artist İnara Babayeva qırğız bəstəkarı Kalıy Moldabasanovun “İssık göl” əsərlərini ifa ediblər.
Əməkdar artist Xəyyam Mustafazadənin Üzeyir Hacıbəylinin “Sevgili canan”, Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynovanın (duet) Bəhram Nəsibovun “Qarabağ” əsərini səsləndirməsi gecəyə xüsusi rəng qatıb.
Proqramda aşıq musiqisinə də yer verilib. Aşıq Samirə və Aşıq Əli Rza Qobustanlının “Gözəldir" və qırğız xalq mahnısı “Komuzçu” nu səsləndirib.
Estrada musiqimizi isə “Qaya” vokal ansamblı təmsil edib. Onlar Oqtay Kazıminin “Ey həyat” və Vasif Adıgözəlovun “Mən gəzirəm” mahnılarını ifa ediblər.
Milli musiqimizlə yanaşı, Nərgiz Kərimovanın Muratbek Beqaliyevin “Qırğızıstan” əsərini ifa etməsi qırğız dinləyicilərin xüsusi sevincinə səbəb olub.
Sonda Nərgiz Kərimova, Fatimə Cəfərzadə və Xəyyam Mustafazadənin birgə ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” (sözləri Nəbi Xəzrinin) mahnısı gecəyə sözün əsl mənasında damğa vurub. Dinləyicilər sənətkarları ayaqüstə alqışlayıblar.
Qırğız tamaşaçılar gecənin sehrindən çıxa bilmədiklərini, bu təəssüratları uzun müddət unuda bilməyəcəklərini bildirdilər:
“Azərbaycan mədəniyyətini çox sevirəm. Bakıya səyahət etməyi arzulayıram. Konsert möhtəşəm idi. Sənətkarlara çox təşəkkür edirəm. Ürəklə çıxış etdilər.
Çox bəyəndim. Azərbaycan mədəniyyətini kəşf etdim və çox sevdim. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, azərbaycanlı sənətkarları tez-tez görmək və eşitmək fürsətim olar”.
Tamaşaçılar arasında azərbaycanlılar da var idi. Qürbət eldə Azərbaycan nümayəndə heyətini ürəklə salamlamağın, Azərbaycan musiqisini eşitməyin yaşatdığı duyğuları 60 ildir Qırğızıstanda yaşayan Sənəm Matkabayeva Musavat.com-la bölüşdü:
“Çox təsirlənmişəm. Sözlə ifadə edə bilmirəm. O qədər sevindim ki?! Azərbaycan musiqisini eşitmək xoş oldu. Rəqqaslar da əla çıxış etdilər. Bu gecə üçün hər birinə təşəkkür edirəm”.
Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ