İnsanlara hürriyət, millətlərə istiqlal!

Eldar Əzizovdan Bakı ilə bağlı təhlükəli anons - iki ilə...

Şəhərin icra başçısı illərlə yığılan problemləri etiraf etdi, leysan vaxtı tunelləri bağlamağa çağırdı; Natiq Cəfərli: “Qəribə üsullarla problemlərin həllini düşünürlər, amma...”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov mediaya verdiyi açıqlamaları ilə gündəmə gəlib. “Yeni Müsavat” xəbər verir ki, yerli KİV-in müraciətinə cavab olaraq, Eldar Əzizov leysan yağışları nəticəsində şəhərdə yaşanan problemləri  şərh edib.

E.Əzizov deyib ki, leysan barədə əvvəlcədən xəbərdarlıq alınmışdı: “Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib. Bu isə onu göstərir ki, şəhər infrastrukturu, ilk növbədə kanalizasiya sistemi yeni yanaşmaları zəruri edir”.

Onun sözlərinə görə, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib: “Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək. Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

Xatırlatmaq yerinə düşər ki, illərdir Bakıda hər yağış, qar yağması və ya güclü küləyin əsməsi sadəcə iqlim hadisəsi olmaqdan çıxaraq, şəhərin gündəlik həyatını iflic edən fəsadlara səbəb olur. Yağış sularının küçələri gölə çevirməsi, kanalizasiya sisteminin daşıb daşqınlara yol açması, nəqliyyatın hərəkətsiz vəziyyətə düşməsi, piyada yollarının keçilməz hala gəlməsi artıq paytaxt sakinləri üçün adi bir hadisəyə çevrilib. Qışın sərt küləkləri, binaların fasadında baş verən dağıntılar və yolların sıradan çıxması kimi infrastruktur problemləri bu mənzərəni tamamlayır.

Bütün bu problemlərin ən son nümunəsi isə bir neçə gün öncə, yəni aprelin 16-da başlayan güclü leysan oldu.

Bir neçə saat davam edən yağış nəticəsində şəhərin müxtəlif yerlərində küçələr su altında qaldı, dayanacaqlarda insanlar çıxılmaz vəziyyətə düşdü, məktəbə, işə getmək mümkün olmadı. Hətta bəzi yerlərdə mənzillərə və ticarət obyektlərinə su dolduğu, fövqəladə xidmətlərin gecikmələrlə müdaxilə etdiyi müşahidə olundu. Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərdi ki, Bakı şəhərinin infrastrukturu bu cür hava şəraitinə hazır deyil.

Bəs icra başçısının “bu cür hallara ən azı daha 2 il hazır olmalıyıq” etirafına paytaxt hazırdırmı? Əgər aprelin 16-da baş verən leysan tez-tez baş verərsə, Bakını nələr gözləyəcək?

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun açıqlamasında əslində etiraflar var. Düzdür, bunun səbəbini izah etmir, amma məlum olur ki, Bakının su və kanalizasiya sistemi, onun infrastrukturu şəhərin yükünü çəkə bilmir. Bu günə qədər nədən bu infrastrukturun yenilənməsi ilə bağlı tədbirlər görülməyib, bunu da açıqlamırlar. Məlum olur ki, bundan sonra hansısa işlər görüləcək, bir-iki ilə bu işlərin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra da Bakı şəhərində yağmurlu hava şəraitində hansısa problemlərin olacağını istisna edirlər. Ən azından bu infrastruktur işləri bitəndən sonra.  Buna qədər isə çox qəribə üsullarla, yağış yağanda yolları bağlamaqla hansısa problemlərin həll ediləcəyini düşünürlər. Amma mənə elə gəlir ki, burada bir məsələni də ətraflı danışmaq lazımdır, müzakirə açmaq lazımdır. Bakı Şəhər İcra Hakimiyyətinin buraxdığı səhvlər, edilən yanlış qərarlar haqqında danışmaq və müzakirə aparmaq lazımdır, bu çox vacibdir. Amma bir şeyi də etiraf etmək lazımdır ki, Bakı şəhər təsərrüfatı bir mərkəzdən, yəni Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunmur. Elə su-kanalizasiya sistemi onlara aid deyil, yaxud da yol çəkilişi, infrastrukturun qurulması onlara aid deyil. Yəni nəqliyyat sistemi də onların səlahiyyətində deyil. Bakı Şəhər İcra Hakimiyyətinin funksiyaları daha məhduddur, şəhər təsərrüfatının tamamını əhatə etmir. Ona görə də çoxdan müzakirə olunan bir məsələni yenidən gündəmə gətirmək lazımdır”.

İqtisadçı qeyd edib ki, bu problemin birdəfəlik həlli üçün böyük şəhər bələdiyyəsinin yaradılması, şəhər təsərrüfatının bir mərkəzdən idarə olunması, şəhər hökumətinin seçkilər vasitəsilə formalaşması, məsuliyyət və səlahiyyət bölgüsünün aparılması lazımdır: “Bütün bunlar olmalıdır ki, belə tipli hadisələr olanda yalnız Bakı Şəhər İcra Hakimiyyəti günahkar qalmasın. Yəni bütün qurumların səlahiyyət və məsuliyyəti ortaya çıxsın. Əgər bu işlər bir mərkəzdən idarə olunsa, təbii ki, bütün suallar, iradlar, tənqidlər də həmin böyük şəhər bələdiyyəsinə yönələcək. Necə ki, Türkiyədə, Gürcüstanda və bir çox digər ölkələrdə bu sistem çoxdan formalaşıb - böyük şəhər bələdiyyəsi şəhər təsərrüfatına birbaşa cavabdehlik daşıyır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR