İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan sensasion xəbərdarlıq - Türkiyə 10 il sonra, Azərbaycan isə...

Qardaş ölkənin lideri əhalinin artımında azalma olacağını anons etdi; bizi də bu təhlükə gözləyirmi?

“Türkiyənin əhalisi on ildən sonra artımdan azalmağa doğru gedəcək, bu, respublika üçün ciddi təhdid təşkil edir”. “Yeni Müsavat” xatırladır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Ölkəmizi və millətimizi əhali baxımından narahatedici bir gələcək gözləyir. Hətta ən nikbin proqnozlar belə göstərir ki, 10 il sonra Türkiyənin əhalisi artmaq əvəzinə azalacaq”, - deyə Ərdoğan ötən şənbə İstanbulda çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, bu, müharibədən də böyük təhlükədir: “Biz əhalinin artımını təmin etmək üçün bir sıra tədbirlər görmüşük, lakin unutmamalıyıq ki, bu məsələ təkcə maddi stimullardan ibarət deyil, burada bir sivilizasiya baxışı da önəmlidir”.

2024-cü ilin sonuna olan məlumata görə, Türkiyədə 17 yaşadək uşaqların və yeniyetmələrin sayı 21,8 milyon nəfər təşkil edib ki, bu da ölkə əhalisinin 25,5%-nə bərabərdir. Bu məlumatı Türkiyə Statistika İdarəsi (TÜİK) açıqlayıb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, ötən ilin sonunda ünvanlı qeydiyyat sisteminə əsasən, respublikanın ümumi əhalisi 85,6 milyon nəfər olub. Uşaqların və yeniyetmələrin 51,3%-i oğlan, 48,7%-i isə qız olub. Müqayisə üçün qeyd edək ki, BMT-nin məlumatına əsasən, 1970-ci ildə Türkiyə əhalisinin 48,5%-i uşaqlardan ibarət olub. 1990-cı ildə bu göstərici 41,8%-ə düşüb.

Proqnozlara görə, 2030-cu ildə Türkiyədə uşaqların əhalidəki payı 22,1%-ə, 2040-cı ildə 17,9%-ə, 2060-cı ildə 16,9%-ə, 2080-ci ildə 15,2%-ə, 2100-cü ildə isə 14,5%-ə qədər azalacaq.

Məlumdur ki, əhali sayı, onun gənc yaşı genofond və milli təhlükəsizlik məsələsidir.

Bəs Azərbaycan üçün də azalma təhlükəsi varmı?

Mövcud statistika göstərir ki, ölkəmizdə təbii artım templəri getdikcə zəifləyir, doğum sayı azalır, əhali qocalır. Belə ki, Dövlət Statistika Komitəsinin 2024-cü ilin sonunda yaydığı məlumata görə, Azərbaycan əhalisinin ümumi sayı 10 milyon 200 min nəfər təşkil edir. Lakin son 5 ildə təbii artım tempində nəzərəçarpacaq yavaşlama müşahidə olunub. 2018-ci ildə ölkədə doğulanların sayı 145 min nəfər olmuşdursa, 2023-cü ildə bu göstərici 121 minə düşüb. Ölüm halları isə 2023-cü ildə 62 min nəfər təşkil edib. Bu da təbii artımın cəmi 59 min nəfər civarında olması deməkdir  - əvvəlki illərlə müqayisədə 15 faizlik geriləmə.

Son 20 ildə Azərbaycanda 65 yaşdan yuxarı əhalinin sayı 2 dəfədən çox artıb. Əhalinin qocalması fonunda əmək qabiliyyətli və gənc nəslin payı azalır. Mütəxəssislər qeyd edir ki, bu vəziyyət gələcəkdə həm əmək bazarı, həm də sosial təminat sistemi üçün ağır yükə çevrilə bilər.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

 Üzeyir Şəfiyev 

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Son 22 il ərzində Azərbaycan əhalisi cəmi 26,44 faiz artıb. Bununla yanaşı, ahıl insanların sayı 99,4 faiz artıb ki, bu da olduqca ciddi göstəricidir. Bu o deməkdir ki, Azərbaycanda təbii artımda ləngimə baş verir. Hətta 2023-cü ilin statistikasında təbii artımda 15 faizlik azalma qeydə alındı. 2024-cü ilin statistikasında da bu tendensiya davam etdi. Bəzi iqtisadçılar hesab edir ki, ölkəmizdə təbii artımla bağlı hələ ciddi narahatlığa əsas yoxdur. Amma rəsmi statistikaya baxanda real mənzərəni aydın görmək mümkündür.

Ümumiyyətlə, təbii artımda azalma qlobal tendensiyadır. Təkcə Türkiyə və Azərbaycanda deyil, bir çox ölkələrdə bu müşahidə olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı çıxışlarında əlavə məqamlara da toxunur. O bildirir ki, Qərb mərkəzli qüvvələr Türkiyə cəmiyyətində təbii artımın azalması üçün məqsədli layihələr həyata keçirirlər. Ərdoğan LGBT, gənclər arasında ailə qurmağa marağın azalması və evliliyə motivasiyanın aşağı düşməsi kimi amilləri əsas hədəf olaraq göstərir. Bu baxımdan baş verənləri “kənardan müdaxilə” kimi qiymətləndirir. Baxmayaraq ki, Türkiyə əhalisi 87 milyon nəfərə yaxındır, Ərdoğanın bu narahatlığı səbəbsiz deyil. Çünki ölkənin artan geosiyasi nüfuzu fonunda gənc və keyfiyyətli insan potensialına ehtiyac var. O da fərqindədir ki, ölkədə demoqrafik ləngimə və əhalinin qocalması müşahidə olunur. Ona görə də bu məsələ ilə bağlı narahatlığını açıq şəkildə ifadə edir. Bu, onun ilk çıxışı deyil - son dövrlər bu istiqamətdə dəfələrlə mövqe bildirib.

O ki qaldı Azərbaycana, ölkəmiz də qlobal dünyanın bir parçasıdır. Qloballaşan cəmiyyətdə insanlar daha çox eqosentrik həyat tərzinə meyl edirlər, daha çox özlərini düşünür, ailə və uşaq qayğılarını çəkmək istəmirlər. Təbii artımda ləngimə Azərbaycan cəmiyyəti üçün heç vaxt bu qədər xarakterik olmayıb. Həm Sovet dövrünə qədər, həm də Sovet dövründə bizdə təbii artım hər zaman yüksək olub. Ailə planlaşdırmasında çoxuşaqlı ailə modeli üstünlük təşkil edib. Bu, həm də Azərbaycan cəmiyyətinin ənənəvi xüsusiyyətlərindən biri idi. Elə bil cəmiyyətin daxilində “kimin daha çox uşağı varsa, üstünlük qazanır” yarışı vardı. Sovet dövründə isə müharibədən sonrakı dövrdə əhali artımını stimullaşdırmaq üçün demoqrafik təşviq siyasəti aparılırdı. Məsələn, “Qəhrəman ana” adı, uşaqpulu və sosial müavinətlər mövcud idi. Bu sosial dəstəklər ailələrin iqtisadi durumuna təsir göstərdiyi üçün ailələr çoxuşaqlı olmaqda maraqlı olurdular.

Lakin müstəqillikdən sonra cəmiyyətimiz qlobal dünyaya açıldı və insanlar gördülər ki, inkişaf etmiş ölkələrdə çox uşaq trendi yoxdur. Əvəzində “az, amma keyfiyyətli” prinsipi üstünlük təşkil edir. İndi müşahidə edirik ki, ailələr əsasən 2 uşağa üstünlük verirlər.

Bir müddət əvvəl Milli Məclisdə də bu məsələyə toxunuldu. Müzakirələrdə çoxuşaqlı ailə statusunun 5 uşaqdan 3 uşağa endirilməsi təklif edildi. Məncə, bu çox müsbət təklifdir və qanunvericilikdə təsdiqlənsə, yaxşı olar. Əgər çoxuşaqlı ailələrə şamil olunan imtiyazlar 3 uşaqlı ailələrə də tətbiq edilərsə, Azərbaycanda da insanlar daha çox 3 uşağa üstünlük verə bilərlər. Bununla yanaşı, müxtəlif ölkələrdə tətbiq olunan dəstək layihələri Azərbaycanda da həyata keçirilə bilər".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR