İnsanlara hürriyət, millətlərə istiqlal!

Əş-Şaraanın Əliyevdən o ilginc xahişi...

Ekspertə görə, SOCAR-ın Suriyada hansısa yataqda işləməsi üçün bu ölkədə tam sabitlik bərqərar olmalıdır - Bakı regional oyunçu rolunda güclənir

Musavat.com-un xəbər verdiyi kimi, Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əş-Şaraa arasında mühüm görüş olub. Görüşdə ikitərəfli münasibətlərin inkişafı və xüsusilə Suriyanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının cəlbi müzakirə olunub.

London mərkəzli "Middle East Eye" nəşrinin məlumatına görə, görüşdəki müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Suriya tərəfi Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın ölkənin şimal-şərqində yerləşən və hazırda ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətində olan neft və qaz yataqlarının işlənməsində iştirak etməsində maraqlıdır. Suriya hökumətinə yaxın başqa bir mənbə bildirib: “Suriya hər bir regional oyunda tarazlığı saxlamaq istəyir. Neft və qaz yataqlarının istismarında həm Türkiyə, həm də Azərbaycanın iştirak etməsi İsraillə bağlı arxayınlıq yaradacaq”.

Xatırladaq ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: “Əgər "SOCAR Türkiyə"yə ölkələrimizin - Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur".

Suriyanın “Enab Baladi” informasiya agentliyinin məlumatına görə, hazırda ölkədə gündəlik 110 min barel neft hasil olunur. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2010-cu ildə - vətəndaş müharibəsindən əvvəl - 385 min barel idi. Bu gün hasil edilən 100 min barel neft SDQ-nin nəzarətindəki yataqlardan çıxarılır, yalnız 10 min barel isə Əhməd əş-Şaraa rəhbərliyindəki yeni administrasiya tərəfindən hasil olunur.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) 2015-ci il qiymətləndirməsinə əsasən, Suriyanın sübut olunmuş neft ehtiyatları 2,5 milyard barel təşkil edir. Eyni zamanda Suriyada hazırda gündəlik 9,1 milyon kubmetr təbii qaz hasil edilir. Bu rəqəm də 2010-cu il göstəricilərindən - 30 milyon kubmetrdən - xeyli azdır. Yeni hökumət gündəlik 8 milyon kubmetr qaz çıxarır, SDQ-nin nəzarətində isə cəmi 0,1 milyon kubmetr qaz hasil olunur. EIA-nın hesablamalarına görə, Suriyanın qaz ehtiyatları 240 milyard kubmetrdir.

Mart ayında SDQ lideri Məzlum Əbdi ilə Əhməd əş-Şaraa arasında Dəməşqdə imzalanan razılaşma ilə kürd silahlı dəstələrinin Suriya Milli Ordusuna birləşdirilməsi, həmçinin kurdlərin nəzarətində olan yataqların mərkəzi hökumətə verilməsi razılaşdırılıb. Hazırda bu ərazilər hələ də Şaraa qüvvələrinin tam nəzarətinə keçməyib. Planlaşdırmaya əsasən, neftdən gələn gəlirlərin 70 faizi Dəməşqə, 30 faizi isə yerli ehtiyaclara sərf olunacaq.

Haqqin.az-ın təhlilinə görə, Azərbaycanla Suriya arasında dərinləşən əməkdaşlıq İsrailin keçid hökumətinə yönəlik narahatlığını azaltmaq məqsədi daşıya bilər. İsrail rəsmiləri Şaraa administrasiyasını “terrorçu” hökumət kimi xarakterizə etsələr də, Bakının vasitəçiliyi ilə yeni diplomatik kanalların açılması ehtimalı artıq gündəmdədir...

Qeyd edək ki, Suriyanın neftlə zəngin əyalətlərində uzun illər boyu ağalıq edən kürd separatçı qüvvələri neft satışından milyardlarla dollar gəlir əldə ediblər. Hələ 2024-cü ildə "Anadolu" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, qruplaşma daxili və beynəlxalq satışlar vasitəsilə ildə 2,5 milyard dollarlıq Suriya neftini oğurlayır.

PKK/YPG ölkənin Deyr əz-Zor əyalətindəki Əl-Ömər, İzbe, Tanak və Konoko kimi ən böyük neft yataqlarına, həmçinin Həsəkə vilayətində Suveydiya və Rmeilana nəzarət edir. Hər iki vilayət ölkənin əsas neft ehtiyatlarının cəmləşdiyi şimal-şərqində yerləşir.

PKK/YPG terrorçuları texniki infrastruktur və logistika problemləri səbəbindən Şimali İraqa gündəlik minlərlə barel xam neft göndəriblər. İraqda emal olunan neftin bir hissəsi yenidən terrorçu qruplaşmanın işğal etdiyi rayonlara gətirilib. Qalanı isə tankerlə Şimali İraqa daşınıb və orada qanunsuz satılıb. Terror təşkilatı Şimali İraqa verdiyi neftin barelini 30 dollardan satıb.

ABŞ-ın Bəşər Əsəd rejiminə qarşı qondarma “Sezar Aktı” çərçivəsində tətbiq etdiyi sanksiyalara baxmayaraq, PKK/YPG uzun illər boyu Dəməşqin nəzarətində olan bölgələri xam və rafine edilmiş neftin böyük hissəsi ilə təmin edib. Qrup neftin bir hissəsini əməkdaşlıq etdiyi qaçaqmalçıların köməyi ilə tankerlərlə Fərat çayı üzərindən keçirib. Qalanı isə Suriyanın Rakka əyalətinin Tabqa bölgəsindəki tranzit məntəqəsi vasitəsilə göndərilib. PKK/YPG terrorçuları Rakka və Deyr əz-Zor vasitəsilə Əsəd rejiminə gündəlik təxminən 35 min barel neftin barelini 70 dollardan satıblar.

Terrorçuların neftin barelini 30 dollardan tədarük etdiyi Şimali İraqdakı satışdan gündəlik 900 min dollar gəlir əldə edilib. Bu, ildə təxminən 328,5 milyon dollar deməkdir. PKK/YPG Suriyanın Əsədin nəzarətində olan ərazilərə qaçaqmalçılıq yolu ilə neft satışından gündəlik 2,45 milyon dollar, ildə isə 894 milyon dollardan çox gəlir əldə edib. Beləliklə, terror qruplaşmasının Əsəd rejiminə və Şimali İraqa satdığı neftdən əldə etdiyi illik gəlir 1,2 milyard dolları ötüb. Yerdə qalan gündəlik 85 min barel xam neft isə Suriyanın terrorçu qruplaşma tərəfindən zəbt olunmuş ərazilərindəki dilerlərə və qaçaqmalçılara orta hesabla 42 dollar/barrel qiymətə satılıb. Bu satışdan gündə 3,57 milyon dollar gəlirlə illik gəlir 1,3 milyard dollara çatıb. Ümumilikdə PKK/YPG hər il 2,5 milyard dollar dəyərində Suriya neftini mənimsəyib.

Suriyanın yeni hakimiyyəti ilə anlaşma əldə olunsa da, neft yataqlarında istismarın hansı formada davam etdiriləcəyi dəqiq müəyyənləşməyib. Yeni hakimiyyət bütün ölkə ərazisinə və sərvətlərinə nəzarəti tamamən əlində cəmləməkdə qərarlı görünür. Bu baxımdan, Suriyanın balanslı siyasət yürüdərək yataqlara İsraillə yaxın tərəfdaşlıq edən Azərbaycanı da cəlb etməsi təbii görünür. Hansı ki, SOCAR artıq İsrailin ən böyük qaz yataqlarında paylara sahiblənib, başqa bir ərazidə kəşfiyyat işlərinə başlayır.

SOCAR, İsrailin “NewMed Energy” və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin “Leviafan” qaz yatağının yaxınlığında yerləşən “I-6" zonasında kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Eyni zamanda SOCAR layihənin operatoru seçilib.

2025-ci il yanvarın 31-də SOCAR açıqlayıb ki, “Union Energy” şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan “Tamar” layihəsində 10 faiz payın alınması üçün müqavilə imzalayıb. İsrail sahillərində yerləşən “Tamar” yatağı regionun əsas təbii qaz təchizatçısıdır. O, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. “Tamar” layihəsinin operatoru ABŞ-ın “Chevron” şirkətidir.

2025-ci ilin martında Azərbaycan və İsrail arasında SOCAR-ın rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.

İlham Şaban – Caspian Barrel

 İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, hansısa dövlətin Azərbaycan rəhbərliyindən iqtisadiyyatın hansısa sahəsinə yatırım etməsi xahişi normal qəbul edilməlidir: “Bu, əslində bizim ölkəmizə olan inam və hörmətin təzahürüdür. Onu deyim ki, bu cür xahişlər son illər dünyanın müxtəlif coğrafi məkanlarından rəsmi Bakıya gəlir. Amma həmin çağırışlar ilk olaraq siyasi bəyanat formasında qəbul edilir və onların praktikada reallaşması üçün əslində bir neçə mərhələ keçilməlidir. Yəni dövlət öz üzərinə düşən işlərin miqyasını, qoyulacaq investisiyanın miqdarını və əldə edə biləcəyi gəlirləri müəyyənləşdirməlidir. Bunlara başlamamış isə adətən Azərbaycan hökuməti xarici ölkələrdə həyata keçirilməsi planlaşdırılan layihənin risklərini müəyyənləşdirir və əgər ölkələrimiz arasında dostluq münasibətləri, qarşılıqlı investisiyaların qorunması kimi məsələlər etibarlı müstəvidədirsə, onda dövlətin payı olan şirkətlərin ölkədən xaricdəki layihələrdə iştirakı məqbul hesab edilir. Amma bu qərarın verilməsi belə o demək deyil ki, həmin layihələr reallaşacaq. Çünki bundan sonra sırf təsərrüfat subyektləri arasında layihənin kommersiya sazişi üzərində danışıqlar başlayır. Yəni biz bu praktikanı xarici şirkətlərin neft-qaz sənayesinə cəlb edilməsini artıq 30 ildir tətbiq edirik və eyni modulla da xaricdə SOCAR fəaliyyətini aparır və ildən-ilə də genişləndirir”.

Ekspertə görə, SOCAR-ın Suriyada hansısa yataqda işləməsi üçün ölkədə tam sabitlik bərqərar olmalıdır: "Suriyanın hazırkı vəziyyəti qeyri-stabildir. Orada stabillik bərqərar olmalıdır ki, iqtisadi yöndə əməkdaşlıq da gündəmə gəlsin".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna görə, SOCAR-ın fəaliyyət istiqamətlərindən biri kimi Suriyanın seçilməsi əhəmiyyətli ola bilər: “Zatən, son illərdə SOCAR-ın xaricdəki neft-qaz, digər enerji layihələrində iştirakı genişlənir. İsrail də bu sahədə Azərbaycanla əməkdaşlığa maraq göstərir, proses artıq başlayıb. Suriyanın yeni rəhbərliyi Azərbaycanla siyasi əlaqələri sürətlə inkişaf etdirir. Azərbaycan da bu prosesdə maraqlı görünür: Suriyaya humanitar yardımlar göndərilir, müəyyən işlərdə dəstək təklif olunur və sair. Bu baxımdan, Azərbaycanın Türkiyə ilə birlikdə Suriyanın neft yataqlarının istismarında da iştirak etməsi heç də pis olmaz”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR