Onlayn ictimai-siyasi qəzet
Ötən həftə kütləvi zəhərlənmənin qeydə alındığı “Venesiya” şadlıq sarayındakı bu hadisə restoranlarda qidanın təhlükəsizliyi məsələsini aktuallaşdırıb. Şadlıq evinin administratoru Nəbi Baxşəliyev deyib ki, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.
“Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır”, - deyə administrator əlavə edib.
Amma bu ilk hal deyil. İstər Bakıda, istər bölgələrdə toylarda zəhərlənmə faktlarına rast gəlinib. Əsasən salatdan zəhərlənmə qeydə alınır. Bu isə məhsulların keyfiyyətsizliyini yenidən gündəmə gətirir. Əslində sahibkar da, qidanı şadlıq saraylarına verənlər də cinayət məsuliyyəti daşıyır. Çünki zəhərlənmədən insan həyatını itirə də bilər.
Halbuki toy sahibi xərc çəkir, şadlıq evinə böyük məbləğdə vəsait ödəyir, həyatında bir dəfə bu şad günü yaşayır, 200-300 qonaq çağırır, nəticədə kütləvi zəhərlənmə qeydə alınır. Ona görə də iş adamlarının fəaliyyəti, şadlıq saraylarının xidmətinə nəzarət gücləndirilməlidir...
Belə halları necə önləmək olar?
Ləman Süleymanova
Həkim-dietoloq Ləman Süleymanova mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə onu qeyd etmək istərdim ki, bu kimi hallar, yəni qida zəhərlənməsi, keyfiyyətsiz məhsullardan istifadə, gigiyena qaydalarına əməl olunmaması - təkcə şadlıq saraylarında deyil, eyni zamanda bir çox tanınmış restoran və kafelərdə də müşahidə olunur. Belə obyekt sahibləri çox təəssüflər olsun ki, yalnız yüksək qazanc əldə etmək niyyətində olurlar. Lakin onlar unudurlar ki, bu qazancın arxasında insan həyatı dayanır. Onlara etibar edib xidmət alan müştərilərin sağlamlığı ilə oynamaq vicdani və hüquqi baxımdan çox ciddi məsuliyyətdir”.
Ləman Süleymanova zəhərlənmələrin başlıca səbəbini bu cür izah edib: “İlk növbədə obyekt sahibləri işə başlamazdan əvvəl obyektlərinin mətbəx hissəsini ən yüksək standartlara uyğunlaşdırmalıdırlar. Mətbəx hər bir iaşə obyektinin əsasını təşkil edir və buradakı şərait birbaşa təqdim edilən qidanın təhlükəsizliyini müəyyənləşdirir. Mətbəx yalnız görünüşcə deyil, funksional baxımdan da ideal vəziyyətdə olmalıdır. Burada təmizlik əsas prinsip kimi tətbiq olunmalı, istifadə olunan bütün avadanlıqlar - soba, soyuducu, qabyuyan maşınlar, ventilyasiya sistemləri və digər cihazlar - texniki baxımdan saz vəziyyətdə olmalı və mütəmadi olaraq yoxlanılmalıdır. Havanın dövriyyəsi və otaq temperaturunun stabil qalması da xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, mətbəxdə qida məhsullarının, o cümlədən içməli suyun düzgün və təhlükəsiz şəraitdə saxlanılması üçün bütün zəruri texniki vasitələr təmin olunmalıdır. Su filtrləri, soyuducular, xüsusi saxlanma şkafları, temperaturlu kameralar və digər avadanlıqlar daim işlək vəziyyətdə saxlanmalı, gündəlik dezinfeksiya işləri aparılmalıdır. Ərzaqların saxlandığı yerlər sanitar-gigiyenik qaydalara tam uyğun olmalıdır. Bu, həm məhsulun temperatur rejiminin qorunması, həm də çirklənmədən uzaq tutulması baxımından vacibdir. Hər bir ərzaq növü üçün müəyyən olunmuş temperatur standartlarına ciddi şəkildə əməl olunmalıdır".
Həkim ikinci mühüm məsələ kimi ərzaq məhsullarının keyfiyyətini qeyd edir: “Hər bir ərzaq təzə və istifadəyə yararlı olmalıdır. Keyfiyyətsiz və ya son istifadə müddəti bitmiş məhsullar dərhal mətbəxdən uzaqlaşdırılmalıdır. Ümumiyyətlə, heç bir ərzaq məhsulu 2 gündən artıq saxlanılmamalıdır. İstər yağlar, istər ət məhsulları, istərsə də meyvə və tərəvəzlər - hamısı təravətli və standartlara uyğun olmalıdır. Eyni zamanda yeməkləri hazırlayan şəxslər şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər. Əlcəklərdən istifadə olunmalı, əllər tez-tez yuyulmalı, maska və önlük geyinmək adi iş rejiminin tərkib hissəsi olmalıdır”.
Dietoloq-həkim bildirir ki, qida zəhərlənmələrinin əsas mənbələrindən biri salatlar və müxtəlif növ turşulardır: “Məsələn, hazırda hava çox da isti olmasa da, yay fəslinin yaxınlaşdığı bir dövrdəyik və bu, artıq təhlükə siqnalı verir. Mövsüm keçidlərində, xüsusən də yazdan yay aylarına keçiddə orqanizmin müqaviməti zəifləyir, qidalar isə daha tez xarab olur. Belə vəziyyətlərdə isə qida zəhərlənmələri özünü göstərir. Salatlarla bağlı xüsusi narahatlıq doğuran hallar da var. Təəssüflə deyirəm ki, bəzi şadlıq saraylarında artıq "ənənə" halını almış bir praktika mövcuddur: məsələn, ayın 5-də toy planlaşdırılırsa, artıq 3-4 gün, bəzən bir həftə əvvəldən salatların hazırlanmasına başlanılır. Hazırlanmış salatlar soyuducuda saxlanılır, toy günü çıxarılıb süfrəyə verilir. İstifadə olunmayan hissəsi isə təkrar soyuducuya qoyulur. Bu, son dərəcə təhlükəlidir. Çünki otaq temperaturunda cəmi 15 dəqiqə qaldıqdan sonra salatların içində patogen bakteriyalar sürətlə inkişaf etməyə başlayır. Bu məhsulu sonradan soyuducuya qoymaq və yenidən istifadə etmək isə birbaşa zəhərlənmə riskini artırır. Bu dövrdə, yəni yazdan yaya keçid mərhələsində orqanizmin həssaslığı artır, qidaların da keyfiyyəti tez dəyişir. Bu səbəbdən də bütün iaşə obyektlərinin sahibləri, rəhbərləri bu məsələlərə xüsusi həssaslıqla yanaşmalıdırlar.
Heç bilirsinizmi, restoran və şadlıq saraylarında ət məhsulları hansı şəraitdə saxlanılır? Xüsusilə hisə verilmiş ətlər və kabablar əksər hallarda düzgün temperatur rejimində saxlanılmır. Halbuki bu məhsulların saxlanma şəraiti xüsusi diqqət tələb edir. Əks halda, mikroorqanizmlərin inkişafı baş verir və insan həyatı üçün təhlükəli vəziyyət yaranır".
Ləman Süleymanova zəhərlənmənin inkubasiya dövründən və ona qarşı ilk yardımdan da söz açıb: “Qida zəhərlənmələrinin inkubasiya dövrü çox qısadır, adətən 1-2 saat ərzində simptomlar başlayır. Ən əvvəl başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, ishal müşahidə olunur. Əgər vəziyyət ağırlaşarsa, bədən temperaturu yüksəlir. Bu artıq orqanizmin zəhərlənməyə qarşı müdafiəyə keçdiyindən xəbər verir və zəhərlənmənin ciddiliyini göstərir. Belə hallarda insanlar ilk növbədə ev şəraitində ilkin müdaxilə tədbirləri görməlidir. Sodalı su içmək, qusmanı stimullaşdırmaq vacibdir. Həmçinin hər 10 kiloqram çəkiyə 1 tablet olmaqla aktivləşdirilmiş kömür dərmanı qəbul edilməlidir. Məsələn, insanın çəkisi 80 kiloqramdırsa, 8 həb qəbul etməlidir. Bol su içmək və dərhal həkimə müraciət etmək zəruridir".
Daha bir ciddi məsələ: “Şadlıq saraylarında yeməklər ardıcıl şəkildə və çox miqdarda təqdim olunur. Hər şey bir-birinə qarışır, əvvəlcə ağır ət yeməkləri, sonra desertlər, tort, dondurma və sairə. Bu, insanın qida sisteminə uyğun olmayan bir yanaşmadır. Orqanizmi bu qədər yükləmək, həzm sisteminə belə güclü təzyiq göstərmək düzgün deyil. Ona görə də yemək menyusu elə tərtib edilməlidir ki, həm dad baxımından zövq verici olsun, həm də sağlamlığa uyğun gəlsin. Əvvəlcə yüngül qidalar - meyvə və tərəvəzlər, salatlar təqdim olunmalı, daha sonra əsas yeməklərə keçid edilməlidir. Təəssüf ki, bizdə bu sıralama tam əksinə həyata keçirilir. Ağır yeməklərdən sonra meyvə verilir, bu isə həzm sisteminə zərər verir, zəhərlənmə riskini artırır. Halbuki yeməkdən əvvəl qəbul edilən meyvə qidanın mənimsənilməsini asanlaşdırır və ümumi həzmi yaxşılaşdırır. Bütün bunlar həm də zəhərlənmələrin qarşısını almağa kömək edir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ