Onlayn ictimai-siyasi qəzet
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat verir.
Musavat.com bildirir ki, Palatanın sədri Milli Məclisin 7-ci çağırışı qarşısında ilk dəfə Hesablama Palatasının fəaliyyətinə dair Hesabatı təqdim etdiyini söyləyib.
Qeyd edib ki, 2024-cü il üzrə Hesabat hazırlanarkən Hesablama Palatasının audit və qeyri-audit fəaliyyətinin əhatə olunmasına çalışmış, fəaliyyətimiz barədə icmal-statistik məlumatları Hesabata daxil etmişik:
“Bəzi ölkələrin hesabatvermə təcrübəsindən faydalanmışvə Hesabata əlavələr etmişik. Hesab edirik ki, bu əlavələr Hesabatın daha oxunaqlı və anlaşıqlı olmasına şərait yaradır. Hesabatda Hesablama Palatasının qanunla müəyyən edilmiş vəzifələri barədə məlumat da yer alıb.
Burada müvafiq vəzifələrin INTOSAI-ın prinsip, standart və təlimatlarına uyğunluğu əks etdirilmiş, qanunla müəyyən edilmiş 21 vəzifənin hər birinin icra vəziyyəti barədə qısa şərh verilib. Son illər Hesablama Palatası öz fəaliyyətini təsdiq etdiyi strateji sənədlər əsasında qurmaqla, hesabatlılığı da bu sənədlər üzərindən təqdim edir”.
V.Gülməmmədov deyib ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsində vacib mərhələ hesab olunan strateji planlaşdırma institutunun tətbiqi üzrə qabaqcıl təcrübəyə əsaslanaraq, Hesablama Palatası öz işini daha çox son faydalılığın qiymətləndirilməsinə yönəldib:
“Hazırkı strateji plan son 14 ildə ali audit orqanı olaraq Hesablama Palatası tərəfindən hazırlanmış 4-cü strateji sənəddir. Bu sənəd əvvəlki 3 planla müqayisədə daha təkmil və daha uzunmüddətli olmaqla 2021-2025-ci illər üzrə 5 illik dövrü əhatə edir. 4-cü ilini başa vurduğumuz bu strateji plan strateji və risk təhlillərinin nəticələri əsasında hazırlanmışdır.
Planın icrasının təşkili məqsədilə əməliyyat planları, eləcə də fəaliyyət (performans) göstəricilərini özündə əks etdirən monitorinq çərçivələri tərtib edilmişdir. Fəaliyyət göstəricilərinin müəyyən edilməsi zamanı Ali Audit Orqanları üçün Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsindən, həmçinin Strateji İdarəetmə Təlimatından yararlanmışıq. İllik əməliyyat planlarına daxil edilmiş fəaliyyətlər üzrə maliyyə resursları da hesablanmışdır. Bu isə ölkəmizdə 2021-ci ildən aparılan nəticəəsaslı büdcə islahatına dəstək məqsədi daşıyır.
Belə ki, qurumlar praktik olaraq bizim timsalımızda “Strateji planlar necə hazırlanmalı, icra edilməli və izlənilməlidir?” nümunəsi ilə tanış olurlar”.
Palata rəhbəri bildirib ki, illik hesabatda, eləcə də Komitə iclasında Hesablama Palatası və onun Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən görülmüş işləri ayrıca sadalanıb:
“İstərdim ki, plenar iclasda fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və onun nəticəliliyi barədə icmal məlumatları ümumiləşdirilmiş şəkildə təqdim edim. Məlum olduğu kimi,qanunvericiliyə görə fəaliyyətimiz 4 istiqamətdən ibarətdir”.
Vüqar Gülməmmədov ilk olaraq kənar dövlət maliyyə nəzarəti tədbirləri keçirilməsindən bəhs edib:
“2024-cü ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 52nəzarət tədbiri keçirilib. Bu tədbirlərin 45,5%-də audit və yaanalitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Auditlərin əhatə dairəsini icmal büdcənin müxtəlif elementləri, o cümlədən dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları və Naxçıvan Muxtar Respublikasının büdcələrinin gəlir və xərcləritəşkil etmişdir.
Hesabat dövründə auditlərlə dövlət büdcəsinin müxtəlif illər üzrə 8,3 mlrd. manatı, büdcədənkənar dövlət fondları üzrə Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminatı Fondunun 2023-cü ilin büdcələri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-2024-cü illər üzrə 180,6 mln. manatı, bununla yanaşı, qeyri-büdcə vəsaitlərindən 2022-2024-cü illər üzrə 1,0 mlrd. manat əhatə edilib. Hesabat ilinin KDMN tədbirlərində Hesablama Palatasının diqqətdə saxladığı sahələr – işğaldan azad olunmuş sahələrin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət və büdcədənkənar fondlardır”.
E.Paşasoy,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ