Onlayn ictimai-siyasi qəzet
Erməni keşişlər Qüdsdə təxribata əl atdı - əski parçası ilə sülhə zərbə...
Xristianların Pasxa bayramı ərəfəsində Qüdsdəki Müqəddəs Dirilmə kilsəsində Müqəddəs Ocaq yandırılarkən, erməni din xadimləri əxlaqsız təxribatlarından əl çəkməyiblər. Erməni keşişlər mərasim zamanı Qarabağdakı keçmiş separatçıların əski parçasını nümayiş etdiriblər.
Göründüyü kimi, erməni din adamları harada olsalar, bu qondarma “bayraqdan” əl çəkmirlər. Din xadimi sülhə çağırış etməlidir. Amma ermənilərin Qüdsdəki keşişləri belə ərazi iddialarına səbəb olan “artsax” parçasını qaldırmaqla xalqlar arasında barışığa, sülhə doğru gedən prosesə zərər vurmağa çalışırlar.
Üstəlik, “artsax” məsələsini təbliğata çevirməklə özləri haqda məzlum obrazı yaradırlar. Guya onlar Qarabağdan zorla çıxarılıblar.
Qeyd edək ki, son həftələr Ermənistanda da separatçılar fəallaşıb. Onlar gah qondarma parlamentin toplantısını keçirir, gah da mifik rejimin uydurma prezidenti Şahramanyan fransız deputatla görüşür. İndi də erməni keşişlərin bayram təxribatı.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədovun “Yeni Müsavat”a bildirdiyinə görə, baş verən bütün bu proseslər onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanmasına ən çox mane olan strukturlardan biri də erməni kilsəsidir: “Bu kilsə hər zaman düşmənçiliyi təbliğ etməklə məşğul olub. Bu, eyni zamanda xristianlığın da prinsiplərinə zidd yanaşmadır. Onlar həm Ermənistan daxilində, həm də xaricdə bu cür fəaliyyətləri davam etdirirlər və düşmənçiliyi yaymağa çalışırlar. Lakin bu, ilk hal deyil. Erməni kilsəsi erməni diasporası ilə birlikdə eyni siyasəti yürüdür. Əslində isə kilsə bu qədər itkidən sonra fərqli mövqe nümayiş etdirməli idi. Təəssüf ki, erməni keşişlər belə addımları tək Qüdsdə deyil, digər ölkələrdə də atırlar”.
Deputatın fikrincə, dünya bilməlidir ki, onlar xristianlıq və din pərdəsi altında erməni şovinizmi ilə məşğul olurlar: “İki xalq arasında sülhü deyil, düşmənçiliyi təbliğ edirlər. Erməni kilsələrinin həqiqi xristianlıqla, dini dəyərlərlə, Allahla əlaqəsi yoxdur. Allahı tanıyan dindarlar belə bir addımı atmamalı və mövqeni ortaya qoymamalıdır. Onların bu düşmənçiliyi elə xristianlığın prinsiplərinə, dəyərlərinə ziddir. Erməni kilsələri dünyanın hər yerində bu fəaliyyəti və təbliğatı davam etdirir”.
Tofiq Abbasov
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a deyib ki, ermənilər bununla ilk növbədə özlərini biabır edirlər: “Özlərini qalmaqallı millət kimi təqdim edirlər. İstər siyasi, istərsə də dini təsisatların nümayəndələri belədir. Ermənistan daxilində köhnə hakimiyyətin nümayəndələri "Qarabağ hərəkatı"nın nəbzini saxlamağa çalışırlar. Onların fikrincə, bu hərəkat erməni dövlətçiliyinin əsasına gətirib çıxarardı. Guya 30 il bundan öncə onlar müstəqilliklərini elan etdikdən sonra o prosesə təkan verən Qarabağ hərəkatı olub. Bununla da etiraf edirlər ki, işğalçılıq siyasəti, vandallıq, qonşunun ərazisinə göz dikmək onların milli məfkurəsinin əsasını təşkil edir".
Ekspertə görə, dünyada ikinci belə bir dövlət yoxdur ki, müstəqillik aktında, öz konstitusiyasında başqa dövlətin ərazisini öz tərkibində görsün: “Ağrı dağı Türkiyədədir, lakin ermənilər onu öz gerblərində təsvir ediblər. Qarabağ Azərbaycanın ərazisidir, lakin ona qarşı iddiaları var. Revanşist qüvvələr hətta Paşinyana da minnət edirlər ki, Qarabağ hərəkatının xidməti sayəsində bu dövlət müstəqil olub və bundan sonra da öz qüvvəsini saxlamalıdır. Erməni diasporası, erməni kilsəsi və Ermənistan dövləti arasında daim çəkişmə gedir. Və bu çəkişmə İvan Andreyeviç Krılovun təmsillərindəki mənzərəni xatırladır. Təmsildə Qu quşu, xərçəng və balıq heç vaxt iş birliyi qura bilmir. Çünki biri uçur, biri sürünür, digəri isə üzür. Ermənilərin də əhvalatı məhz buna oxşayır. Üçlükdə Ermənistan ideologiyasını düzgün müəyyən edə bilmirlər. Kilsə Allaha qulluq edir. Allaha qulluq edən qüvvələr müharibəyə can atmamalıdır. Əksinə, erməni keşişləri Allahın yox, şeytanın elçiləridir. Erməni keşişləri bayraq adlandırdıqları əski parçasını asmaqla heç nə dəyişməyəcək. Haradan asırlarsa assınlar. Dəyişməyən bir həqiqət var: Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Ermənistanda revanşizm təkcə siyasətçilərin yox, kilsə divarları arasından çıxan “müqəddəs” libaslıların da gündəmindədir. Xüsusən son dövrlərdə keşiş Baqrat Qalstanyanın çıxışları bu tendensiyanı açıq şəkildə göstərir. Kilsənin keşişi olsa da, Qalstanyan artıq dini simadan çox, revanşist ideologiyanın ruporuna çevrilib.
Özünü “xalqın səsi” kimi təqdim edən Qalstanyan əslində Azərbaycanla sülhə qarşı aparılan ideoloji kampaniyanın ön cəbhəsində dayanır. O, bir tərəfdən guya “milli dəyərlər”dən danışır, digər tərəfdən isə “artsax” mifini diriltməyə, itirilmiş torpaqlar uğrunda yeni müharibəyə çağırışlar etməyə cəhd göstərir. Onun “duaları” daha çox nifrət üzərində qurulub.
Qalstanyan yalnız kilsədə yox, mitinqlərdə, televiziya proqramlarında və sosial şəbəkələrdə də anti-Azərbaycan ritorikası ilə çıxış edir. Ermənistanda siyasi dairələrlə yanaşı, dini institutların da sülhə qarşı təbliğata cəlb edilməsi bölgədəki sabitlik üçün ciddi təhlükə siqnalıdır.
Keşişin rəhbərlik etdiyi dini tədbirlərdə, xütbələrdə separatçılar “qəhrəman” kimi təqdim olunur, Azərbaycanla imzalanacaq sülh müqaviləsi isə “xəyanət” damğası ilə qınanır. Beləliklə, Ermənistan cəmiyyətində nifrətin dini don geyindiyi yeni mərhələ başlayıb.
Bu fakt bir daha göstərir ki, rəsmi İrəvan revanşist qüvvələrə, o cümlədən din xadimlərinə meydan verir. Azərbaycan isə bu təhlükəni ciddi şəkildə nəzərə almalı, regionda yeni müharibə çağırışlarına dini-siyasi cavab verməyə hazır olmalıdır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ