İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukrayna “şələsini” yerə atır? - gözlənti

Vaşinqton savaşdan yorulub; bəs Pasxa atəşkəsinin davamı nə olacaq... - ekspert proqnozu

ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı diqqətçəkən açıqlama verib. Rubio deyib ki, nizamlanma məsələsi vacibdir, lakin “Amerika üçün başqa daha vacib şeylər də var”.

“Biz üç ildir Ukraynanı dəstəkləmişik, milyardlarla dollar xərcləmişik, lakin indi diqqətimizi yönəltməli olduğumuz başqa şeylər də var”, - o qeyd edib.

Diplomatın sözlərinə görə, bu səbəbdən Birləşmiş Ştatlar yaxın günlərdə çox yaxın gələcəkdə nizamlanmanın əldə oluna biləcəyini qiymətləndirməyi gözləyir. Əgər belə olmasa, prezident Donald Tramp digər prioritetlərə keçəcək. Yəni belə çıxır, Amerika bu müharibədən artıq yorulub.

“ABŞ Moskva və Kiyev arasında imzalanmış geniş sülh sazişi çərçivəsində Krımı Rusiya kimi tanımağa hazırdır”.

Bu barədə yazan "Bloomberg" bildirir ki, qərar Trampın atəşkəs razılaşmasını möhkəmləndirməyə çalışdığına dair son siqnaldır.

Bütün bunlar nə demək, ABŞ Ukrayna “şələsini” üstündən atır, yoxsa? Daha Kiyevə hərbi-siyasi dəstək verilməyəcək?

Bu arada Ukraynanın müdafiə naziri Rüstəm Umerov ABŞ rəsmilərinə deyib ki, Kiyev prezident Donald Trampın sülh proqramına 90% razıdır. “The New York Post”un öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, Ukrayna demək olar, tam şəkildə Trampın sülh planını qəbul etməyə hazırdır və hərtərəfli atəşkəs haqqında qərar bu həftə Londonda keçiriləcək görüşdə razılaşdırıla bilər.

Umerov vurğulayıb ki, əgər Moskva razılaşmasa, Tramp danışıqları tərk etməyə və münaqişəyə görə məsuliyyəti Avropadakı müttəfiqlərinin üzərinə qoymağa hazırdır. Məlumata görə, Rustem Umerov və onun həmkarları sülh planı ilə bağlı qalan şübhələri aradan qaldırmağa çalışacaqlar ki, onların əksəriyyəti atəşkəs xətlərinin harada olacağı ilə bağlıdır. “Düşünürəm ki, onların narahatlığının bir hissəsi torpaq məsələsi ilə bağlıdır... Onların "de-yure" və “de-fakto” adlandırdığı anlayışlarla. “De-fakto” o deməkdir ki, biz etiraf edirik - ruslar bu əraziləri işğal ediblər, amma bu o demək deyil ki, Ukrayna bu torpaqlardan həmişəlik imtina edir. “De-yure” isə odur ki, biz etiraf edirik - ruslar bu əraziləri işğal edib və biz artıq bu torpaqları heç vaxt geri almayacağıq", - deyə Tramp administrasiyasının nümayəndəsi “The New York Post”a bildirib.

“Bundan əlavə, Rusiyanı danışıqlar masasına əyləşdirmək üçün ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvanı razı salmaq məqsədilə sanksiyaların yumşaldılması və hətta müsadirə olunmuş aktivlərin dondurulmasının aradan qaldırılmasını təklif edə bilər”, - deyə rəsmi nümayəndə qeyd edib.

Qeyd edək ki, tərəflərin elan etdiyi Pasxa atəşkəsi bazar günü saat 00:00-da bitib. Davamı olacaqmı?

Bu həftə nəhayət, müharibə dayanacaqmı?

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a deyib ki, 2022-ci ildən Rusiyanın Ukraynaya qarşı başladığı işğalçı müharibəni artıq 3 ildir ki, dayandırmaq mümkün olmur: “Baxmayaraq ki, bu vaxtadək beynəlxalq ictimaiyyət müxtəlif cəhdlər və səylər göstərib ki, Moskvanın aqressiyasının qarşısını alsın və Ukryanaya sülh gətirsin. Ancaq göründüyü kimi, bu mümkün olmayıb. Prezident Tramp öz seçki  kampaniyası zamanı müharibəni ən geci 1 həftəyə durduracağı barədə populist bəyanatı da, onun Ağ Evə yenidən gəlişindən sonra təşəbbüsləri də, hələ ki havadan asılı qalıb.  Baxmayaraq ki, indiki administrasiya Moskvaya güzəştlər vəd edir, yumşaq davranış sərgiləyir, paradoksal olsa da, Kiyevə təzyiqlərini artırır, diplomatik həmlələrini davam etdirir. Lakin göründüyü kimi, heç bir müsbət nəticə əldə olunmayıb. Əksinə, bütün bunların fonunda tərəflər arasında qarşılıqlı hücumlar intensivləşib və dağıntıların miqyası genişlənməkdədir. Rusiya ardıcıl olaraq Ukraynanın yaşayış məskənlərini ballistik raketlərlə, həmçinin "İsgəndər" raketləri ilə vurur. Gedişat onu deməyə əsas verir ki, Rusiyanı durdurmaq mümkün deyil və o, hədəflərinə çatmayanadək atəşi dayandırmayacaq".

Politoloq deyib ki, Putin və ətrafının daha böyük ambisiyaları var: “Bir məsələni də vurğulamaq lazımdır ki, Ukrayna-Rusiya müharibəsi qlobal mahiyyət və xarakter aldığından bu müharibənin necə başa çatması beynəlxalq siyasi sistemə və münasibətlərə yeni düzən verəcək. Planetimiz daha əvvəlki kimi olmayacaq. Ona görə də qlobal güc mərkəzləri dolayısı, yaxud birbaşa da olsa bu müharibənin iştirakçılarına çevrilib. Aİ, ABŞ, Çinin maraqları konkretləşir. Müharibəni çətinləşdirən də məhz həmin güc mərkəzlərinin burada maraqlarının "milliləşdirilməsidir". Yəni hər 3 güc mərkəzi öz mənafeləri kontekstindən yanaşırlar. Birləşmiş Ştatlar ona görə Aİ-ni müharibənin həlli ilə bağlı aparılan danışıqlardan kənarda qoymağa çalışaraq, Rusiya ilə, həm də Ukrayna ilə əlverişli sövdələşməyə can atır. Müharibə mövzusu ABŞ üçün biznes və dividentlər qazanmaq imkanıdırsa, Qərb üçün həm də təhlükəsizlik məsələsidir. Odur ki, Avropanın təhlükəsizlik arxitekturasında Ukrayna önəmli rol oynayır və məğlub olacağı və ciddi güzəştlərə məcbur ediləcəyi təqdirdə ittifaq özünü real təhdid vəziyyətinə salacaq".

Politoloq qeyd edib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffin Moskvanı razı salmaq məqsədilə sanksiyaların yumşaldılması və hətta müsadirə olunmuş aktivlərin dondurulmasının aradan qaldırılmasını təklif etməsi belə Kremli razı salmayacaq: “Rusiyanın mövqeyi aydın və dəyişməzdir, müharibəni yaradan səbəblər, Ukraynanın Avroatlantika məkanına inteqrasiyadan imtinası, silahsızlaşdırılması, oyuncaq rejim yaradılması, ilhaq etdiyi ərazilərdən vaz keçməsi kimi  ağılasığmaz və qeyri-real şərtlər  masada qalır. Birləşmiş Ştatların Ukrayna üzərindən sövdələşməyə gedə biləcəyi, istədiyinə nail olacağı yaxın perspektivdə mümkünsüzdür. Tramp ən azından uzunmüddətli atəşkəsə nail olmaqla Ukraynadan qoparacağı qiymətli sərvətləri istismar etməyi hədəfləyir. Nadir torpaq mineralları ilə bağlı imzalatdıracağı sazişin tezliklə həyata keçirilməsinə can atır. Lakin Ukrayna-Rusiya müharibəsi o qədər mürəkkəbləşib ki, onun tezliklə həlli, özü də bütün maraqların uzlaşdırılaraq həlli çox çətindir.  Heç ilk mərhələ olaraq tərəflər arasında atəşkəsi əldə etmək asan başa gəlmir. Pasxa bayramı münasibəttilə Putinin verdiyi atəşkəslə bağlı müddət bitəndən sonra hərbi əməliyyatların davam etdiriləcəyini artıq Rusiya rəsmiləri bəyan ediblər. Əslində Ukrayna Prezidenti Zelenski də atəşkəslə bağlı Rusiyaya inanmır və hesab edir ki, bu, Putinin hansısa məqsədlərindən birinə xidmət edir. Davamlı və uzunmüddətli atəşkəsin əldə olunması üçün qarşılıqlı etimad mühiti yaradılmalıdır. Rusiya Zelenskinin dediyi kimi, 200 dəfə verdiyi sözə əməl etməyib və bu danışıqların uğuru üçün ciddi əngəldir. Digər tərəfdən, ABŞ-ın davranışları beynəlxalq hüquq normalarına və prinsiplərinə tam ziddir. Ukrayna xalqının iradəsini nəzərə almadan onun ərazilərini öz mənafeləri üçün təcavüzkara hədiyyə edilməsi təhlükəli və dünya nizamını dağıdacaq presedent yaradar. ABŞ-ın Ukraynaya hərbi və digər dəstək verməsi onun üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir. 1994-cü ildə Ukraynanın nüvəsizləşdirilməsi və nüvə silahından imtinası barədə imzalanan sazişdə ABŞ Ukraynaya təhlükəsizlik təminatı verib.  İknicisi, ABŞ heç bir dövlətə təmənnasız nəsə verməyib, onun qarşılığını artıqlaması ilə alıb.  

Ancaq Birləşmiş Ştatların hegemonluğu həm də qərbli müttəfiqlərinin fəal dəstəyi ilə mümkün olub. Əgər Vaşinqton Brüsseli nəzərə almadan təcavüzkarla hansısa sövdələşməyə nail ola bilsə belə, onun dünyadakı nüfuzunu ciddi şəkildə zədələyəcək".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR