Onlayn ictimai-siyasi qəzet
Sabah Türkiyədə “Altılıq platforması” toplaşır, erməni nazir də iştirak edəcək; professor:“Bölgədə dayanıqlı sülhün təminatı üçün ən ideal layihədir”
“3+3 regional platformasının növbəti - üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. "Yeni Müsavat" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib. “Bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri qoşulacaq”, - Fidan Ankarada iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda 3+3 regional platformasının iclasında iştirak edəcək. Nazirliyin mətbuat katibi Ani Badalyan məlumat verib. Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən 3+3 formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçirilib. İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılıb. Gürcüstan isə 3+3 platformasında iştirak etməmişdi.
23 oktyabr 2023-cü ildə Tehranda 3+3 formatı çərçivəsində xarici işlər nazirlərinin ikinci iclası keçirilib.
3+3 regionda davamlı sabitliyə nail olmaq üçün mükəmməl platformadır və bunun müəllifi Azərbaycandır. Bugünədək bir neçə dəfə müzakirələr aparılsa da, daha əvvəl Gürcüstan Rusiya ilə əməkdaşlıq amilinə görə bundan imtina edirdi. İndi isə vəziyyət fərqlidir - Gürcüstan Qərb, Avropa boyunduruğundan çıxır və Rusiya ilə münasibətləri normallaşdırır. Hazırkı şəraitdə 3+3 platforması üzrə nailiyyətlər əldə etmək mümkündürmü?
Maraqlıdır ki, Gürcüstan İstanbulda keçiriləcək növbəti toplantıya da qatılmayacaq. Bu, ölkədəki hazırkı həssas durumla bağlı ola bilər.
Mümkündür ki, Gürcüstanda bu ay keçiriləcək seçkilərdən sonra bu formatda müzakirələr başlaya bilər. Faktiki olaraq Qərblə Gürcüstan hakimiyyəti arasında uçurum yaranıb və belə olan təqdirdə artıq rəsmi Tiflisin 3+3 formatında iştirakına əngəl aradan qalxmış sayıla bilər. Hətta güman olunur ki, yeni reallıqlar fonunda Gürcüstanın ardınca Ermənistan da “daşı ətəyindən tökə bilər”.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, “Altılıq platforması” bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təminatı üçün ən ideal layihədir. Onun fikrincə, Rusiya ilə Gürcüstan arasındakı düşmənçilik buna əngəl olurdusa, indi Moskva-Tiflis münasibətlərində müəyyən mülayimləşmə imkanlar açır. Q.Hüseynli Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsindən sonra da 3+3 formatının daha effektiv ola biləcəyini gözləyir. “İranın da bu məsələdə mövqeyinin normallaşmasını görmək olar. Biz regional əməkdaşlıq çərçivəsində problemlərin həllinə nail ola bilərik. Təbii ki, burada Türkiyə, Rusiya və İranın üzərinə böyük məsuliyyət düşür. Bölgədə əsas güc sahibləri onlardır və Cənubi Qafqaz ölkələrinin sülh şəraitində olması üçün mühüm təsirə malikdirlər. Amma Ermənistanın kənar oyunçuları regiona cəlb etməsi, İranın isə Zəngəzur dəhlizinə qarşı çıxması mürəkkəb problemlərə səbəb olur. Hər iki tərəfə Rusiyanın təzyiqlərinin artırılması vacibdir. Əks halda, Fransa-İran-Ermənistan üçbucağı burada həm dəhliz, həm digər strateji oyunlarda ssenarilər işə salır”.
Q.Hüseynli, bununla belə, sabah İstanbulda keçiriləcək toplantını yüksək qiymətləndirir. Onun sözlərinə görə, erməni nazirin iştirakı xüsusən Türkiyə-Ermənistan normallaşma prosesində əhəmiyyət kəsb edir: “İrəvan Ankara ilə yaxınlaşmanı sürətləndirir. Ermənistan ilkin şərt olmadan quru sərhədlərin açılmasını istəyir. Amma Azərbaycanla sülh sənədi imzalanmadan qardaş ölkə bu addımı atmayacaq. Hazırda bu zirvənin keçirilməsi regional əməkdaşlığın sürətləndirilməsi istiqamətində növbəti addımdır. Yəni belə görüşlər çox olmalıdır və tez-tez keçirilməlidir. Eyni zamanda bu görüşlərin intensivliyi nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün danışıqlar prosesini sürətləndirə bilər. Bu mövzuda Tehran və İrəvan razılığa gəlməlidir. Paşinyan gah deyir ki, yola nəzarətin monitorinqi Rusiyaya verilə bilər, gah Badalyan bildirir ki, 10 noyabr bəndində yola kontrol anlaşması olmayıb. Bu düyün açılmalıdır və sözügedən format da faydalı ola bilər. Hər halda, tərəflər görüşlərdən yayınmırlar, bunun özü müsbət faktdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ