İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Azərbaycanla sərhəddə əməliyyat hazırlığı

Aİ yaydığı hesabatda Azərbaycanı atəş açmaqda ittiham edir, amma dəqiqliyinə özü də əmin deyil; polkovnik: “Bu missiya hərbi təxribatlara yol vermək üçün...”

Avropa İttifaqının (Aİ) Ermənistanla sərhəddə yerləşən “kəşfiyyat qrupu” - mülki missiya adı ilə fəaliyyət göstərən jandarmlar hesabatla çıxış edib. Avropalı “binokl” həvəskarları yayılan hesabatla özlərini biabır ediblər.

“Yeni Müsavat” Minval.az-a istinadla məlumat verir ki, Aİ missiyası Pasxa bayramı günlərində məsul olduqları ərazilərdə, o cümlədən Ermənistanın Xoznavar, Xnatsax və Aravus kəndlərində patrul xidməti aparıb.

Bura qədər yaxşı gələn “casus şəbəkəsi” bəyan edib ki, Xoznavar istiqamətində “mülki infrastruktura zərər vuran iki atəş qeydə alınıb və bu atəş Azərbaycanın mövqelərindən atılmış ola bilər”.

Aİ-nin monitorinq qrupu sülh prosesini ləngidir - Fransanın “barmağı”  görünür

Görünür, Aİ-nin yarımhərbi, yarımmülki monitorinq qrupu da erməni dezinformasiya maşınına qoşularaq bu əsassız ehtimalı irəli sürüb. Çünki hesabatda “ola bilər” deyilir. Yəni səhihlik yoxdur və təxmin edilir.

Amma bu heç də əsas deyil. Artıq xeyli müddətdir ki, şərti sərhəddə erməni təxribatları davam edir. Lakin Azərbaycan hərbi komandanlığı erməni atəşinə cavab olaraq adekvat tədbirlərdən danışmağa başlayan kimi “dürbün həvəskarları” dərhal ayağa qalxaraq, azərbaycanlıların Ermənistanda mülki infrastrukturu atəşə tutmasının “mümkün” olduğu hesabat hazırlayıblar.

Bu, erməni təxribatlarına açıq şəriklikdir. Brüsselin bu siyasəti nəyə hesablanıb?

Yada salaq ki, Azərbaycan bu missiyanın regiondan çıxarılmasına çağırış edib. Ermənistanın baş naziri təklif edib ki, sərhədin delimitasiya olunmuş ərazilərində Aİ missiyası fəaliyyət göstərməsin. Lakin qurum Ermənistanda fəaliyyətinin 2027-ci ilədək uzadılmasına qərar verib. Onların sayının 1500 nəfərə çatdırılması nəzərdə tutulub.

Polkovnik Şair Ramaldanov: Bu gün Azərbaycan ən müasir silahları ala bilmək  iqtidarındadır - AZƏRTAC

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu missiya haqda olduqca müxtəlif və maraqlı xəbərlər var: “Əvvəla, cənab Prezident ADA Universitetində görüş zamanı bu missiya barədə bəzi məsələləri açıqladı, onların kəşfiyyat xarakterli fəaliyyətini qeyd etdi. Çünki onların hərbi cəhətdən  fəaliyyətini qiymətləndirsək, avropalılar öz mandatından istifadə edərək "binokl"la şərti sərhəddə ərazilərimizi müşahidə edirlər. Bunun üçün optik cihazlardan istifadə olunur. İndi texnologiya inkişaf edib, ona görə həmin cihazların relyefi, ərazini, digər məsələləri öyrənmək imkanı böyükdür. Onların həmin ərazilərdə rəqəmsal tipli qurğularının olması da istisna edilmir. Baxmayaraq ki, uniformada görünürlər, amma bilmirik ki, onların hamısı avropalı müşahidəçilərdir, yoxsa ermənilərin kəşfiyyat xidmətinin nümayəndələri".

Ş.Ramaldanovun fikrincə, odur ki, Aİ-nin sözügedən missiyası ilə bağlı çoxlu suallar yaranır: “İkinci diqqət etməli detal budur ki, onlar müxtəlif ərazilərdə fəaliyyət göstərirlər. Bu xidmət isə gələcəkdə təxribat törətmək üçün müəyyənləşdirilmiş ərazilər ola bilər. Yəni gələcəkdə hərbi təxribatlara yol vermək üçün ərazinin kəşfiyyat qiymətləndirilməsi aparılır, xüsusiyyətləri müəyyənləşdirilir, maneələr öyrənilir. Eyni zamanda kəşfiyyat baxımdan qiymətləndirmələr olur və sonda əməliyyat planının bir hissəsinə çevrilir. Bu da nəticədə əməliyyat planının sənədlərində öz əksini tapır. Bilirsiniz ki, əməliyyat üçün planlaşdırma ən çox zaman aparan məsələdir. Yəni bu riski də nəzərə almaq lazımdır”.

Polkovnikin dediyinə görə, Aİ-nin göndərdiyi həmin şəxslər hərbiyönümlü mütəxəssislərdir və ixtisasları üzrə fəaliyyət göstərirlər: “Belə olan təqdirdə, mütəxəssislərdən ibarət müşahidə missiyası kəşfiyyat məlumatlarını toplayıb əməliyyat planı üçün Ermənistana ötürə, düşmən ordusuna kömək edə bilər. Çünki kadrlarda erməni hərbçilərin müşahidə apardığını görə bilmirik, amma məhz avropalılar tərəfindən ərazilərimizin "binokl"la izləndiyini görə bilirik. O zaman sual yaranır - onların nə marağı var ki, bu işi görürlər?"

Ramaldanov istisna etmir ki, missiyanın bölgədəki fəaliyyətinin uzadılması ilə bağlı qərardan sonra onların revanşistlərlə əlaqələri də yarana bilər: “Bir sözlə, Avropa Birliyinin regiona göndərdiyi Ermənistana xidmət edən bir missiyadır. Yəni Ermənistanın havadarları öz çirkin planlarını həyata keçirmək üçün bu çətir altında Cənubi Qafqaza yerləşiblər. Sadəcə, Azərbaycana qarşı niyə bunu etmələri sual doğurur. Görünür, regionda hər hansı gərginlik fonu yaratmaq lazımdır. Bu gərginlik fonu Ermənistanın digər qonşu ölkələrlə sərhədində mümkün deyil, Azərbaycanla isə münaqişə şəraiti var deyə, deməli, bu planı məhz şərti sərhəddə etmək olar”.

Müsahibimizin zənnincə, ümumiyyətlə, Avropa İttifaqının monitorinq qrupu adlansa da, əslində NATO missiyasıdır: “Çünki o heyətdə Kanada nümayəndələri də var. Bu ölkə isə NATO üzvüdür, Aİ yox! Yəni Ermənistanda fəaliyyət göstərən bu xidməti NATO-nun kiçik bazası kimi qiymətləndirmək lazımdır. Burada əsas hiyləgərlik ondan ibarətdir ki, Azərbaycan erməni təxribatlarına cavab verir və Avropanın ikiüzlü institutları Fransanın sifarişi ilə əleyhimizə qətnamələr çıxarırlar. Halbuki həmin missiyanın orada silah bazası da var və gələcəkdə şəxsi heyəti cəlb etmək belə lazım ola bilər. Bu zaman gələcəkdə baş verə biləcək hansısa təxribat xarakterli planlarda iştirak edəcəklər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR