Onlayn ictimai-siyasi qəzet
İlon Mask gələn aydan etibarən nəzarət etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamentində (DOGE) iştirakını azaldacaq.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Mask bunu "Tesla"nın investorları ilə görüşündə açıqlayıb: "Yəqin ki, gələn aydan başlayaraq - may ayından başlayaraq - DOGE-dəki vaxtım əhəmiyyətli dərəcədə azalacaq. Gələn aydan etibarən mən vaxtımın çoxunu "Tesla"da keçirəcəyəm" dedi.
Mask əlavə edib ki, o, həftədə bir və ya iki gününü “ABŞ prezidenti Donald Trampa faydalı və lazımlı olduğu müddətcə” hökumət işlərinə həsr etməyə davam edəcək.
Şirkətin aprelin 22-də açıqladığı hesabata əsasən 2025-ci ilin birinci rübündə "Tesla"nın xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalıb. Gəlir 9 faiz azalıb. Şirkət bu azalmanı Berlin, Şanxay, Kaliforniya ştatının Fremont və Texas ştatının Ostin şəhərindəki zavodlarda istehsal xətlərinin təkmilləşdirilməsi, elektrikli avtomobillərin orta qiymətinin aşağı düşməsi, ABŞ-ın sürətlə dəyişən ticarət siyasətinin səbəb olduğu avtomobil və enerji bazarlarında qeyri-müəyyənliklə əlaqələndirib.
Analitiklər gəlirlərin azalmasını digər məsələlərlə yanaşı, Maskın DOGE-nin kuratoru kimi siyasi fəaliyyətinin şirkətə vurduğu ziyanla əlaqələndirirlər. Tesla brendi iş adamının şəxsiyyəti ilə sıx bağlıdır və onun Trampa dəstəyi bəzi müştəriləri özündən uzaqlaşdırıb. Avropa və ABŞ-dakı alıcılar Tesla məhsullarını boykot etməyə çağırırlar. Bundan əlavə, ABŞ-da Tesla sahibləri və dilerləri son həftələr vandalizm aktları ilə üzləşib, avtomobilləri radikal fəallar tərəfindən dayanacaqlarda yandırılıb.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ