Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Çinə rəsmi səfər edib. Səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə həyata keçirilir. “Yeni Müsavat” bildirir ki, səfər aprelin 24-dək davam edəcək.
Çin və Azərbaycan sabit və təhlükəsiz şəraitdə uğurlu və davamlı inkişafı təmin edən dövlətlərdir. Azərbaycan dünyanın əsas güclərindən birinə çevrilən Çinlə geniş sahələri əks etdirən xarici siyasət doktrinasına üstünlük verir. 2024-cü il iyulun 3-də Azərbaycanla Çin arasında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” genişlənən əməkdaşlıqda xüsusi diqqət çəkdi. Həmin bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünün nəticəsində qəbul olunub.
Dünyanın aparıcı dövlətlərindən olan Çinlə olan strateji tərəfdaşlıq bəyannaməsi münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha da yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİCS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə və sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Səfər çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişin imzalanması planlaşdırılır.
Prezident İlham Əliyev ötən həftə Çinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib, əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər istiqamətləri əhatə etdiyini vurğulayıb. Prezident Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini bildirib.
Çin və Azərbaycanın “Bir kəmər, bir yol”, Orta dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir.
Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta dəhlizin “Bir kəmər, bir yol” layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər ki, burada da məqsəd daha səmərəli ticarət marşrutlarını inkişaf etdirməkdir. Bu, Çinin Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə böyük rakursdan baxmasına təkan verir.
İqtisadi-ticari imkanlar, dəhlizlər üzərindən qurulmuş əlaqələr sistemi iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da şərtləndirir. Azərbaycanla Çin arasındakı hərbi əməkdaşlıq hərbi təhsil, texnologiya mübadiləsi və birgə istehsal sahələrində konkret addımlarla müşayiət olunacaq. Bu əməkdaşlıq hər iki ölkənin geosiyasi potensialını gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.
İlham Əliyevin Çinə səfərinin praktikası və məntiqi yalnız bir regionda (Cənubi Qafqaz) müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır. İlham Əliyevin Çinə səfərinin böyük geosiyasi kodları da var ki, beynəlxalq münasibətlər sistemindəki nizamın pozulduğu bir vaxtda çox əhəmiyyətlidir.
“Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir”. Bu fikri Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirib. Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır. Prezident deyib ki, biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk və bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. “Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”, - deyə Azərbaycan Prezidenti bildirib.
“Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb”. Bu da Prezidentin çıxışından iqtibasdır. İki ölkə arasında hələ də reallaşdırılmayan böyük potensialın mövcud olduğunu vurğulayan dövlət başçısı hesab edir ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. “Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq”, - deyə Prezident qeyd edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun isə mətbuat konfransında bildirib ki, iki ölkə strateji tərəfdaşdır. “Çin və Azərbaycan strateji tərəfdaşdır. Son illər hər iki liderin şəxsi qayğısı və səyi ilə Çin-Azərbaycan münasibətləri siyasi qarşılıqlı inamın dərinləşməsi, "Bir kəmər, bir yol" üzrə səmərəli əməkdaşlıq və səmərəli beynəlxalq koordinasiya ilə sağlam inkişaf tempini qoruyub", - XİN rəsmisi vurğulayıb.
Elşad Musayev
Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu ölkə ilə əlaqələrin inkişafı Azərbaycan üçün əhəmiyyətlidir. Deputat hesab edir ki, qarşı tərəf də çoxşaxəli əməkdaşlığın genişlənməsinə böyük önəm verir: “Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin üzərində yerləşir. Bu, bizim Çinlə əlaqələri yaxınlaşdırmağı vacib edən mühüm amildir. Bu əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edir. Ötən dövrlə müqayisə 20,7 faiz artım deməkdir. Vaxt var idi ki, Ermənistanla Çin arasında ticarət dövriyyəsi bizə baxanda yüksək idi, indi Azərbaycan Ermənistanı üstələyib, bu rəqəmi almışıq. Habelə, Çinin ticarət siyasəti odur ki, müxtəlif dəhlizlərdən istifadə etsin. Bu mənada, əlaqələrin perspektivi böyükdür".
Onun fikrincə, müharibədən sonra xüsusən də Orta dəhlizin əhəmiyyəti artıb: “Azərbaycanın ticarət tərəfdaşı olaraq Çin dördüncü yeri tutur. Bu da ciddi nəticədir. Həmçinin Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda iki ölkənin hakim partiyaları arasında görüşlər olub. Yəni əlaqələr müxtəlif müstəvilərdə inkişafdadır. Biz Çinlə tərəfdaşlığın dərinləşməsində maraqlı olmalıyıq. Çünki bu ölkə dünyada iqtisadi gücünü ortaya qoyan dövlətdir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ