Onlayn ictimai-siyasi qəzet
Əgər oxucu yığmaq fikrim olsaydı, bu köşənin adını “Metrodakı o sirli düymənin mənası bilindi” qoyardım. Bəlkə axırda elə də qoydum, hələlik bilmirəm.
Haçansa metroya minmiş hər bir şəxs o düyməni mütləq görmüşdür. Üzərinə “maşinist-sərnişin” əlaqəsi yazılan həmin düyməni təzəlikcə bir qız uşağı - adını şərti olaraq Düyməcik elan edək, maraqlı olsun - basmışdı və maşinistə sual vermişdi ki, bunu basmağın cəriməsi nə qədərdir. Maşinist çaşmışdı, “adboy” vermişdi.
Sözgəlişi, mən telefonda verilən bu “adboy”un ana dilimizdə konkret 1 sözlük çevirməsini bilmirəm. Söz ruscadakı “otboy” - “hər hansı hərəkətin bitdiyini göstərən siqnal” sözündən yaranıb. Keçmişdə naqilli telefon işlədəndə “dəstəyi yerinə qoyur”, ya da “dəstəyi asırdıq”. İndiki simsiz rabitə dövründə nə deməliyik? Məncə, Rabitə Nazirliyi tədbir görsə yaxşı olar.
Ta haşiyə çıxmışıq, bir feminist açıqlama da edim. Həmin əsrarəngiz düyməni məhz qadın cinsindən şəxsin basması olduqca ibrətamizdir, bizim tarixi və təəssüf ki, müsəlman olandan sonra unutduğumuz “aslanın erkəyi, dişisi olmaz” ata sözümüzün sübutu idi. Yoxsa niyə indiyədək kimsə o düyməni basmamışdı? Bəlkə də qorxurduq onu basanda nüvə müharibəsi başlayacaq. Ya da “Ulduz” stansiyasından paralel kainata tunel açılacaqdır.
Hərçənd Düyməcik də bir az şitini çıxardı, maşinistin qeyri-müəyyən mızıldamasından sonra təkrarən düyməyə müdaxilə (bu da maraqlı ifadədir, adətən istintaq protokollarımızda rastlanır) etdi. Maşinist cərimənin 50 manat olduğunu söyləmişdi. İndi isə metro idarəsinin hüquq-mühafizə orqanlarımızla birgə açıqlamasından Düyməciyin 200 manat cərimə edildiyini öyrəndik.
Məncə, çox qəddar cəzadır. Yazıq qız orada nə etmişdi ki? Deyirlər maşinistə mane olub, qəza törənərmiş. Görəsən, buna idarə özü inanırmı? On saniyəlik söhbət qəzaya səbəb olacaqmışsa, biz metroda qanımızı qaşığa qoyurmuşuq ki. Rəhmətlik Səyyad Əlizadə metroda klip çəkmişdi, belə çıxır həmin vaxt xalqımızı Allah saxlayıb. Bu saat dünyada, ümumiyyətlə, maşinisti olmayan metro qatarları sınaqdan çıxarılır (Dubayda az qala 10 ildi belə metro var).
Başqa yöndən, mən burada sosial-siyasi anlam görürəm. Hökumət xalqın istənilən səviyyədə, lap elə “maşinist-sərnişin” nümunəsində ünsiyyət qurmasını istəmir. Çünki belə ünsiyyət xalqın ictimai rəyini formalaşdırar (çıxardığım nəticənin zırpılığı özümə belə xoş gəldi).
Düymə varsa, onu basmaq lazımdırmı? Yadınızdadırsa, təzəlikcə bu Şekspir sualı parlamentomuzda gündəmə gəlmişdi. Orada eks-hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinə üzv qoyulanda REAL Partiyasının deputatı Erkin Qədirli “əleyhinə” səs vermişdi və mən təklif etmişdim ki, milli yekdilliyimizə kölgə salan bu cür perspektivləri tam aradan qaldırmağın yolu bəlkə də “yox”, “əleyhinə” düymələrini kökündən ləğv etmək olardı. İndi metro vaqonundakı düymə də bizi oxşar dilemma qarşısında qoyur. Rəhmətlik şair, metronun müdiri Tağı Sadiq demişkən, əgər vaqon “Əhmədli”dən çıxanda onun divarında düymə görünürsə, “Əcəmi”yə çatanda mütləq kimsə o düyməni basacaqdır.
Bizim metroda belə macəralar vaxtaşırı olur. Bir dəfə də iki gəncin vaqonda öpüşdüyünü görən vətənpərvər, yekəpər milli jurnalistimiz durub onları təpikləmiş, vaqondan qovmuşdu. Yəqin torpağın altı olduğu üçün biz metroda öz tariximizə, milli mentalitetimizə daha yaxınlaşırıq.
Sovet vaxtı elektrik qurğularına kəllə sümüyü şəkli çəkilər, altından da “əl vurma, öldürər” yazılardı. Bəlkə bunu metroda tətbiq edək?
Nağıllar aləmində yaşadığımız üçün, yazını da uyğun şəkildə, “Düyməcik” nağılından sitatla bitirirəm: “Bir gecə Düyməciyin yatdığı otağın pəncərəsinin sınıq gözündən içəriyə yekə bir qurbağa hoppandı. O, qızı gördü və ondan xoşu gəldi. "Bax, mənim oğluma belə gəlin lazımdır", - deyə qurbağa fikirləşdi. O, Düyməciyi yatdığı qoz qabığı ilə birlikdə qaparaq öz yanına, bataqlığa apardı".
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ