Onlayn ictimai-siyasi qəzet
ATƏT-in baş katibi, türkiyəli diplomat Ferudin Sinirlioğlu İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. İki ay əvvəl Ferudin Sinirlioğlu Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransında da görüşmüşdü. İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyəti müzakirə olunub.
Bəllidir ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Əroğana yaxınlığı ilə bilinən türkiyəli diplomatın Minsk Qrupu ilə bağlı hansı mövqedə olması bəlli deyil. Azərbaycanın mövqeyi bəllidir ki, sülh sazişinin imzalanması üçün iki əsas şərtdən biri Minsk Qrupunun ləğvidir. Rəsmi Bakı Prezident səviyyəsində də bir neçə dəfə bəyan edib ki, Minsk Qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur. Həm də təkcə Minsk Qrupu deyil, onunla əlaqədar olan bütün təsisatlar ləğv edilməlidir.
Bu məsələ konsensusla həll edildiyinə görə formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. ATƏT rəhbərliyi təəssüf ki, Minsk Qrupunu indiyə qədər hələ buraxmayıb və bu gün də onu formal, ölü vəziyyətdə olsa da, yaşatmaqda davam edir. Minsk Qrupunun rəsmən buraxılmaması bəzi dövlətlərə hələ də onun adından sui-istifadə, manipulyasiya etmək imkanı verir. Minsk Qrupunu formal olaraq qüvvədə saxlamağın Azərbaycana real şəkildə heç bir ziyanı yoxdur. Onsuz da Azərbaycan onları nə vasitəçi kimi, nə də bölgədə hər hansı bir prosesdə önəmli qüvvə kimi, iştirakçı kimi görmək və cəlb etmək istəmir. Dəfələrlə Azərbaycan bəyan edib ki, Ermənistanla normallaşma prosesində heç bir beynəlxalq təşkilatın və dövlətin timsalında vasitəçiyə ehtiyac yoxdur. Bütün bunların qabağında ATƏT-in rəhbərliyi Minsk Qrupunu buraxmaq barədə ciddi şəkildə düşünməlidir.
Bu məsələnin hüquqi baxımdan məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində konsensusla həll edildiyinə görə formal olaraq Ermənistanın da razılığı tələb olunur. Azərbaycan bu məsələlərin həllinə nail olmaq üçün Ermənistan və yaxud həmsədr ölkələrlə ikitərəfli formatla yanaşı, çoxtərəfli formatda da fəaliyyət aparır. ATƏT-ə də təzyiqlərini müxtəlif formalarda, illik üzvlük haqqının ödənilməməsi və s. formalarda da davam etdirir. Funksiyasını itirmiş mexanizmləri maliyyələşdirməyə davam edən struktura nəyə görə üzvlük haqqı ödənilməlidir?
“Biz Azərbaycana sülh sazişi və ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif edirik. Yəni sülh sazişi və ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq”, - deyə Nikoil Paşinyan son çıxışlarının birində vurğulayıb.
“ATƏT-in Minsk Qrupunun buraxılması məsələsi üzərində oyun qurula bilər”. Bunu isə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, Maltadakı müzakirədə (Maltanın paytaxtı Vallettada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası - red.) Minsk Qrupunun buraxılmasına Ermənistandan başqa, ABŞ və Fransa da qarşı çıxıb: “İndi də bu məsələ ilə bağlı oyun qura bilərlər. Belə ki, Ermənistan Azərbaycanın təklifi ilə razılaşdığını deyər. Fransa isə prosesin icrasına əngəl törədir. Onlar öz aralarında bunu razılaşdıra bilərlər. Düzü, mən belə manevrlər etməyə çalışacaqlarını istisna etmirəm. Bu mövqe ondan ibarətdir ki, sülh sazişi imzalansın, sonra Minsk Qrupu buraxılsın”.
Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupu nə Qərbə dövlətlərinə, nə Rusiyaya, nə Ermənistana lazımdır. Onun sözlərinə görə, sadəcə, Azərbaycana təzyiq göstərmək üçün bu missiya saxlanıb: “Minsk Qrupu münaqişənin dinc yolla nizamlanması üçün yaradılmışdı. O zaman həmsədrlik institutu da yaradıldı. Həmin dövrdə Minsk Qrupu iki təklif irəli sürmüşdü. Amma birini Bakı, birini İrəvan qəbul etmədi. Ondan sonra onların fəaliyyəti heç nə ilə yadda qalmadı. İndi isə münaqişə başa çatıb və bu missiyanın hansı mandatı daşıyacağı da bəlli deyil. Eyni zamanda həmsədrlərə ehtiyac yoxdur”.
Q.Əlibəyli xatırlatdı ki, 44 günlük müharibədən sonra həmsədrlər bir dəfə Azərbaycana gəliblər: “Prezident isə onların üzünə dedi ki, lazımsız səyahət ediblər. Bundan başqa, həmsədr ölkələr arasında soyuq müharibə gedir. Ona görə bu qrup Azərbaycana təsir üçün lazımdır. Əslində ləğvi üçün Azərbaycan və Ermənistan ATƏT-in sammitində məsələ qaldırmalıdırlar”.
Çingiz Qənizadə
“Yeni Müsavat”a Minsk Qrupu ilə bağlı danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Rusiya da bu missiyanın dəfn olunduğunu bəyan edib. Minsk Qrupunun çoxdan gorbagor olduğunu yada salan hüquq müdafiəçisi dedi ki, bundan sonra sözügedən institutun fəaliyyətinə ehtiyac yoxdur. “Sadəcə, Ermənistan ümid edir ki, ABŞ, Fransa və Rusiya nə zamansa yenidən bu formata qayıda bilər, Azərbaycana təzyiqləri artırar. Halbuki bu gözləntilər əbəsdir və Ukrayna münaqişəsi böyük dövlətlər arasında böyük bir uçurum yaradıb”, - deyə Ç.Qənizadə qeyd etdi.
Onun fikrincə, Minsk Qrupu de-fakto yoxdur, de-yure ləğvi üçün ATƏT-in Minsk Qrupunun digər üzv ölkələri də toplaşmalıdır: “Üzv ölkələr arasında Türkiyə, Finlandiya və başqa dövlətlər də var. Məncə, belə bir yığıncaq olarsa, Fransa istisna, qalan ölkələrin razılaşacağını gözləyirəm. Amma bu faktın tezliklə baş verəcəyinə ümidim azdır. ATƏT-in yeni baş katibi Türkiyədən olsa da, burada onun iradəsindən kənarda olan məsələlər var. Sadəcə, Ermənistanın müstəqil mövqeyi yoxdur. Ona Fransanın ciddi təsiri var və Yelisey sarayı Minsk Qrupunun ləğvinə imkan vermir. Burada müxtəlif siyasi hiylələr ola bilər ki, o səbəbdən məsələni uzadırlar. Ancaq Rusiyanın Minsk Qrupuna qayıdacağını proqnozlaşdırmıram. Lap deyək ki, üç həmsədr ölkə bir araya gəldilər, nəyi müzakirə edəcəklər? Azərbaycanla Ermənistan sərhədlərin dəqiqləşməsini müzakirə edir, sülh mətni razılaşdırılıb, indi iki şərt yerinə yetirilməlidir ki, yekun sənəd imzalansın. Minsk Qrupunun nə töhfəsi ola bilər?”
Hüquq müdafiəçisi əlavə etdi ki, Paşinyan sülh sənədinin imzalanması ilə missiyanın işinə xitam verilməsinin eyni vaxta salınmasını təklif etməklə vaxt udmağa çalışır: “O, ictimaiyyətə göstərmək istəyir ki, guya Bakının hər sözü ilə oturub-durmur, bizim tələblərimizə boyun əymir. Əgər buna razı olarsa, erməni cəmiyyətində ittihamlar başlanacaq. Onsuz da erməni siyasətçiləri Paşinyanı satqın, Azərbaycan nə şərt irəli sürsə, onu dərhal yerinə yetirməyə hazır bir hökumət başçısı kimi təqdim edirlər. Ona görə də səbəblərdən biri də bu ola bilər. Bütün hallarda Minsk Qrupu yoxdur, adı qalıb”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ