İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın yeni vasitəçilik təklifinə Bakıdan reaksiya

İstənilən sülh təşəbbüsü region üçün xüsusi önəm kəsb edir, amma...

Rusiya sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəsonu keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

“Üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin mümkün qədər tez bərpası şübhəsiz ki, Cənubi Qafqazda davamlı sülh və rifahın bərqərar olmasına töhfə verəcək. Eyni zamanda əlbəttə ki, biz azərbaycanlı və erməni tərəfdaşlarımıza iki ölkə arasında barışığın bütün əsas sahələrində kömək etməyə hazırıq”, - Zaxarova qeyd edib.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu sahədəki mütəxəssislərimiz mənə elə gəlir ki, postsovet məkanında ən yaxşı mütəxəssislər kimi tanınırlar. Bizim unikal kartoqrafik materialımız da var. Biz Ermənistan-Azərbaycan münaqişəsi illərində toplanmış humanitar məsələlərin həllinə kömək edə bilərik”, - Rusiya XİN-in sözçüsü vurğulayıb.

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya da ötən həftə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə Tiflisin vasitəçilik təklifini yeniləyib.

Yada salaq ki, 2021-ci ilin sonunda Gürcüstanın o vaxtkı baş naziri İrakli Qaribaşvili “Sülh qonşuluq təşəbbüsü” ilə çıxış edərək Azərbaycan və Ermənistana tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platforma yaratmağı təklif edib. 2022-ci ilin iyulunda Tiflisdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutdu. 2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstanda ilk dəfə üz-üzə görüşüb. Həm Tiflis, həm də Moskvanın vasitəçilik təkliflərini yeniləməsinin səbəbi nədir?

“Bundan öncə dəfələrlə qeyd etmişik ki, istənilən sülh təşəbbüsü yerləşdiyimiz Cənubi Qafqaz regionu üçün xüsusi önəm kəsb edir. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılması ilə bağlı vasitəçilik istəklərinə müsbət yanaşmaq olar. Lakin bu zaman həmin istəkdə olan tərəf məsələyə səmimi yanaşma sərgiləməlidir”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi  riyakarlığının təzahürüdür

 Vüqar İskəndərov

Onun sözlərinə görə, səmimi yanaşma deyiləndə Ermənistanı yeni sülh oyunundan çəkindirmək üçün bu ölkəyə təzyiqi nəzərdə tutur: “Məlum olduğu kimi, Ermənistan sülh imitasiyası edir. Əslində isə sülh sazişinin imzalanmaması üçün min oyuna baş vurur. Deməli, son vaxtlar vasitəçilik təkilflərini yenidən gündəmə gətirən Gürcüstan və Rusiya öncə buradan başlamalı, Ermənistana təzyiq etməlidirlər”.

V.İskəndərov deyib ki, Gürcüstan və Rusiyanın vasitəçilik təklifini yeniləməsinin səbəbi də bəllidir: “Qlobal məkanda baş verənlər bizim regiona da təsirsiz ötüşmür. Belə bir vəziyyətdə isə hər iki ölkə Cənubi Qafqaza daimi sabitlik və inkişaf vəd edən bu sazişin imzalanmasında ön sırada olmaq, bununla gələcək proseslərdə də təşəbbüsü ələ almaq istəyir. Gözəl istəkdir. Amma bu istəyin reallaşması səmimi və dəqiq addımlarla müşayiət olunmalıdır. Yəni sülh sazişinin imzalanmasının vacib şərti olan Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən qəbulu tezliklə reallaşarsa, sülh sazişi də imzalana bilər. Bəs vasitəçilik istəklərini yeniləyənlər Ermənistanı cığallıqlardan əl çəkməyə məcbur edə biləcəklərmi? Bunu zaman göstərəcək”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, Azərbaycan ilk növbədə Ermənistanla ikitərəfli qaydada danışıqlar prosesini davam etdirməyə olan cəhdlərini dayandırmamalıdır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində rəsmi Moskvanın vasitəçiliyini təklif etməsi, üçtərəfli formatı yenidən bərpa etməsi üçün təkliflər irəli sürməsi və bu perspektivin xeyirli ola biləcəyi haqqında əsaslı səbəblər göstərməsi ilk baxışda normal qəbul oluna bilər. Amma təcrübədən asılı olaraq şübhələr də ortada var ki, bu təklif doğrudanmı iki ölkə arasında sülhün bərqərar olmasında təmənnasız olaraq irəli sürülüb. Bu narahatlıq verilən təklifə qiymət verməkdə çətinliklər yaradır. Çünki Rusiya Cənubi Qafqazda öz təsir dairəsini gücləndirməklə bağlı fikirlərindən heç vaxt imtina etməyib və bu yolda hər zaman müxtəlif variantlardan istifadə etməyə çalışıb ki, bu da hər üç Cənubi Qafqaz ölkəsindən daha çox Rusiyanın maraqlarına xidmət edib. Əgər sırf qonşuluq və sərhədləri boyunca sabitlik istəyən bir siyasətin arxasınca gedilərsə, bu bir ayrı məsələdir. O səbəbdən hesab edirəm ki, Azərbaycan ilk növbədə Ermənistanla ikitərəfli qaydada danışıqlar prosesini davam etdirməyə olan cəhdlərini dayandırmamalıdır. Əgər bu gedişatın ilkin zamanlarında texniki məsələlərin həllində hər hansı bir vasitəçi lazım olarsa düşünürəm ki, hər iki tərəf üçün Gürcüstan daha real namizəddir. Rusiya da bu danışıqlara öz töhfəsini vermək istəyərsə, o zaman özünün də dediyi kimi, delimitasiya və demarkasiya işlərində ehtiyac yaranacağı təqdirdə əlində olan xəritələri və digər lazım ola biləcək sənədləri tərəflərə təqdim edə bilər. Hesab edirəm ki, belə yanaşma Rusiyanın bölgədə sülhün yaranmasında maraqlı olduğunu bir daha təsbit edə bilər. İki ölkə arasında vasitəçi kimi olması isə bu prosesin tərəflərin maraqları çərçivəsində həll olunmasına mane ola bilər. Bu tək Rusiyaya aid deyil. Eyni zamanda bu vasitəçiliyə can atan bəzi Qərb ölkələri də var ki, Rusiya ilə bağlı dediklərim onlara da aiddir. Hansı ki, Ermənistan çox istərdi ki, onlar da bu vasitəçilikdə iştirak etsinlər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR