Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək. Musavat.com xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa lideri baş nazir postuna “siyasətçi olmayan” şəxsi təyin edə bilər. Nəşr qeyd edir ki, yeni komandanın formalaşması zamanı indiki nazirlərin öz postlarında qalması mümkündür.
Daha əvvəl Frans-Press Agentliyinin Yelisey Sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini respublikanın yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.
Prezident administrasiyasındakı mənbələr qeyd edir ki, Makron orada solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lusi Kaste ilə söhbət edə bilərdi.
Eyni zamanda Le Journal du Dimanche qeyd edir ki, Kasetin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə edə bilər.
Makron Avropa Parlamenti seçkilərində prezident koalisiyasının məğlubiyyətindən sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər elan edib.
İkinci turun nəticəsi olaraq solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası hakim “Respublika Naminə Birlikdə” (168) alyansını geridə qoyaraq, əksər mandatları (182) əldə edib.
Seçkilərdən sonra Baş nazir Qabriel Attal istefa ərizəsini təqdim edib. Makron onun istefasını qəbul edib və Attal hökumətindən yeni kabinet formalaşana qədər işləməyə davam etməsini istəyib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ