Onlayn ictimai-siyasi qəzet
AŞ PA-nın Almaniyadan olan üzvü növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb - Milli Məclisdəki müxalifətçi deputatlar sirri açdılar
Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe növbəti dəfə ölkəmiz əleyhinə absurd ittihamlar irəli sürüb. O, “AzadlıqRadiosu”na müsahibəsində Azərbaycanda insan haqları ilə bağlı əsassız fikirlər səsləndirib. O, yenə də dövlət rəhbərliyinə əsassız ittihamlar irəli sürüb. İddia edib ki, guya Azərbaycan AŞ PA-da təmsilçiliyə ciddi əhəmiyyət verir, amma bunun əksini söyləyir. Alman deputat Azərbaycanın öhdəliyinin yerinə yetirilməyəcəyi təqdirdə nümayəndə heyətinin mandatının bərpasının mümkünsüz olacağını söyləyib.
Şvabe iddia edib ki, guya AŞ PA Azərbaycanla münasibətlərdə “açıq qapı” qoymağa çalışıb, amma rəsmi Bakı buna reaksiya verməyib. Almaniyalı deputat 25 dəqiqəlik müsahibə boyu dəfələrlə vurğulayıb ki, guya Azərbaycanı, xalqı sevir. O, Ermənistandan rüşvət almadığını da təkzib etməyə çalışıb. Amma ermənipərəst mövqeyinin qaynağını izah etməyib. Rusiyadan sonra AŞ PA-nın başqa ölkələrlə müqayisədə Azərbaycana münasibətdə daha sərt qərar verilə biləcəyini də deyib. Almaniyalı deputat Azərbaycanın Avropa Məhkəməsinin qərarlarının icra etməyəcəyi haqda bəyanatına siyasi don geyindərməyə çalışıb, hələ də məhkəməyə hakim namizəd vermədiyini deyib.
Şvabe müsahibədə həm də Azərbaycan Milli Məclisində real müxalifət partiyalarının olmadığını iddia edib. Deyib ki, AŞ PA Azərbaycan parlamentində real müxalifət olmasını istəyir. Almaniyalı deputat real müxalifət dedikdə kimləri nəzərdə tutduğunu açıqlamayıb.
Arzuxan Əlizadə
Şvabenin fikirləri Milli Məclisdəki müxalifət partiyalarının təmsilçilərinin etirazına səbəb olub. AMİP sədri, deputat Arzuxan Əlizadə bildirdi ki, Frank Şvabe Azərbaycanın deyil, onların maraqlarına xidmət elən müxalifət axtarır, lakin Azərbaycan Milli Məclisində o cür müxalifəti tapa bilmir. Ona görə də Şvabe və onun kimilər vaxtaşırı Azərbaycanı, həmçinin Milli Məclisdəki müxalifəti hədəfə alır: “Bizə Şvabenin bizi müxalifət görüb-görmədiyi lazım deyil. Onun bizim fəaliyyətimizi necə qiymətləndirməsinə də ehtiyacımız yoxdur. Frank Şvabe artıq neçənci dəfədir absurd açıqlamaları ilə gündəmə gəlir. Əslində onun sözləri nə diplomatik etiketə, nə də onun statusuna yaraşır. Bu "siyasətçi" hər zaman Azərbaycana düşmən mövqeyi ilə seçilib. O, həmişə erməni lobbisinin “çirkli pulları”ndan yararlanaraq ölkəmizə qarşı şər və böhtan kampaniyası aparıb. Bu da Şvabenin növbəti belə qərəzli yanaşmasıdır. Əlbəttə ki, onun sözləri həqiqəti əks etdirmir. Frank Şvabe və onun kimilər heç bir halda Azərbaycanda demokratiyanın və insan hüquqlarının mövcudluğu ilə bağlı nədənsə narahat deyillər. Onları narahat edən Azərbaycanın güclənməsi, öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Ölkəmizin bu gün regionda söz və güc sahibinə çevrilməsini həzm edə bilmirlər. Azərbaycan parlamentində müxalif partiyalar təmsil olunur. Milli İstiqlal Partiyasını müxalifət partiyası hesab etməmək üçün gərək Azərbaycan siyasətindən tamamilə xəbərsiz, ya da tamamilə qərəzli olasan. Milli Məclisdə hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası üstünlük təşkil edir. Həmçinin parlamentdə hakimiyyətə yaxınlığını birbaşa elan edən partiyalar da var. Lakin eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Böyük Azərbaycan Partiyası kimi çox sayda müxalif partiyalar da Milli Məclisdə təmsil olunur".
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə bildirdi ki, Frank Şvabenin Azərbaycanda “real müxalifət partiyalarının olmadığı” ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın daxili siyasi reallıqları ilə tam uzlaşmır və birtərəfli, qərəzli yanaşma təsiri bağışlayır. Bu elə ilk baxışdan görünür: “Frank Şvabe Azərbaycan Milli Məclisi ilə bağlı qərəzli təftişçiliklə məşğul olmaqdansa ermənilər tərəfindən maliyyələşdirildiyi, rüşvətə bulaşdığı barədə yayılan informasiyalardan danışsın, bunun izahatını versin. Haqqında bu cür məlumatlar dolaşan birisinin Azərbaycan və Azərbaycanın Milli Məclisi barədə danışmağı gülünc görünür. Azərbaycanda çoxsaylı müxalif partiyalar mövcuddur və onların siyasi sistemdə iştirakı üçün hüquqi mexanizmlər təmin olunub. Parlamentdə müxalifət partiyalarının olmadığını iddia eləməsi Şvabenin məsələlərə tamamilə qərəzli prizmadan yanaşdığının növbəti sübutudur. Görünür ki, bizim kimi müxalifət partiyaları Şvabe kimilərinə sərf etmir. Onlara onların sifarişləri, istəkləri ilə hərəkət edən partiyalar lazımdır. Parlamentdəki müxalifət partiyaları onların sifarişləri ilə hərəkət etmədikləri üçün bizi görməməzlikdən gəlir. Biz bundan narahat deyilik. Çünki bizə Şvabelərin yox, seçicilərimizin, cəmiyyətimizin necə qiymət verdiyi, münasibəti maraqlıdır. Azərbaycan Milli Məclisində müxalifət partiyalarının təmsilçiləri olan deputatlar var. Müxalifət partiyalarından olan deputatlar sırasında Milli Məclis sədrinin müavini, Milli Məclisin Komitə sədri, Milli Məclisin komitələrində sədr müavinləri mövcuddur. Şvabe bu faktları təbii ki, bilməmiş deyil. Sadəcə, qərəz ona reallığı dilə gətirməyə imkan vermir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ