İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın səfərində “Zəngəzur sirri”

İran Araz dəhlizi ilə kifayətlənəcək, yoxsa..; Elxan Şahinoğlu: “Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünü pozmur və İrana da problem yaratmır”

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində maraqla gözlənilən məsələlərdən biri də Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi idi.

Qeyd edək ki, İran Prezidenti səfərdən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib: “İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var. İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”.

Onu da vurğulayaq ki, Bakıda Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İranın Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. İlham Əliyev prezidentlərin mətbuata birgə bəyanatında nəqliyyat dəhlizləri haqda danışıb. “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq”, - deyə dövlət başçısı bildirib. Pezeşkian da öz növbəsində nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlıq haqda bunları deyib: “İran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilər. Dəhlizlər çərçivəsində əlaqə yollarımızı bir-birinə birləşdirə, maliyyə əlaqələrində və ticarətdə müəyyən dəyişikliklər apara bilərik”.

“Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada. Bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir”. Prezident İlham Əliyev bu fikirləri Azərbaycan-İran biznes forumunda söyləyib. Dövlət başçısı deyib ki, bu, Azərbaycanı, onun əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran üzərindən birləşdirən layihədir. Burada eyni zamanda böyük tranzit imkanları yaranacaq.

Barassociation.az - Mətbuat səhifələrindən - “Ölkə rəhbərliyi vəkillik  institutuna dəyər verir” – Sahib Məmmədov

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas  Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu səfər məhsuldar olub. Zəngəzur dəhlizi məsələsinə gəlincə, bu, İran üçün təhlükə deyil: “Ermənistanın ərazisində 40 kilometrdən artıq bir hissədə dəmiryol və avtomobil yolunun olması və Azərbaycan yüklərinin, nəqliyyat vasitələrinin və sərnişinlərinin həmin yollardan maneəsiz keçməsi niyə İranın təhlükəsizliyinə xələl gətirməlidir ki? Biz axı nəqliyyat yollarının keçəcəyi zolaq-dəhliz üzərində ekstraterrotorial yurisdiksiya istəmirik. Biz, sadəcə, bu yollardan Azərbaycan yüklərinin, nəqliyyat vasitələrinin və sərnişinlərin təhlükəsiz, sərhəd və gömrük yoxlaması olmadan keçməsinə şəraitin yaradılmasını istəyirik”. S.Məmmədov qeyd etdi ki, Ermənistanda müxtəlif siyasi qüvvələri narahat edən odur ki, bu dəhlizin açılması Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və Cənub Qafqazda davamlı sülhün yaranmasına ciddi töhfə verəcək: “Azərbaycanın Naxçıvanla quru nəqliyyat bağlantısının İran ərazisindən keçirilməklə təmin olunması da Azərbaycan üçün əlverişlidir. Sadəcə, yol cüzi olaraq uzanacaq. Amma burada bir məsələ qalır. İran bu yollardan Azərbaycan yüklərini, nəqliyyat vasitələrini və sərnişinləri yoxlamadan (sərhəd və gömrük nəzarəti olmadan) buraxmağa razı olacaqmı? Əgər biz bununla bağlı İranla razılaşsaq, o zaman hər şey qaydasında olacaq. İran özü də bu yoldan istifadə etməklə yüklərini Avropa istiqamətində göndərə biləcək. Bu, baş verərsə, Ermənistan özü-özünü blokadaya almış olacaq. Ermənistanın rəsmi hakimiyyətinin uzağı görməyən siyasəti onsuz da bu ölkənin izolyasiyasına gətirib. Sonra özləri peşman olacaqlar. Şimal-Cənub nəqliyyat dəhlizinin bərpa olunması da vacib bir məsələdir”. STM-in icraçı direktoru qeyd etdi ki, bu, hər 3 dövlətin maraqlarına uyğundur. Yüklərin Rusiyadan su yolu ilə daşınması o qədər də sərfəli deyil: “Çünki yüklər limana qədər və limandan sonra yenidən boşaldılıb yüklənməlidir ki, bu da logistik xərcləri artırır. Dəmir yolu isə yükləri bir nöqtədən digərinə birbaşa çatdırır. Bu, Azərbaycan üçün də sərfəlidir, həm İran-Azərbaycan idxal-ixrac yüklərinin, həm də Azərbaycanın tranzit yüklərin daşınması baxımından. Pezeşkianın Azərbaycana səfəri, bir sıra mühüm sənədlərin imzalanması ümidləri artırır. Ümid edək ki, İran-Azərbaycan münasibətlərində hərtərəfli müsbət dəyişikliklər baş verəcək. Nəhayət, İranda anlayacaqlar ki, heç kəs Azərbaycan ərazisindən İrana qarşı nə hərbi, nə siyasi, nə iqtisadi nə də ideoloji baxımdan platsdarm ola bilməz. Bizimlə dostluq daha sərfəli və daha təhlükəsizdir. Həmçinin Azərbaycanın digər dövlətlərlə strateji əməkdaşlığı İranın təhlükəsizliyinə təhdid deyil”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Pezeşkianın Azərbaycana səfərinə iki yanaşma var: “Birinci yanaşma odur ki, Pezeşkian azərbaycanlı olaraq iki ölkə arasındakı əlaqələri inkişaf etdirməkdə maraqlıdır və bu istiqamətdə ciddi irəliləyiş qeydə alınacaq. İkinci yanaşmaya görə isə Pezeşkian xoş niyyətli olsa da, İrandakı mühafizəkar qüvvələr iki ölkə arasındakı münasibətlərin inkişafına əngəl olacaq, Azərbaycana qarşı təxribatlarından vaz keçməyəcəklər. Bunlardan hansının üstün gələcəyini zaman göstərəcək. İranda Azərbaycanla bağlı siyasəti müəyyənləşdirən fərqli güclər var və həmin güclərin baxışları Pezeşkianın baxışlarından fərqlənir. Bu reallıq dəyişməyincə, İran-Azərbaycan münasibətlərində müsbət sıçrayış gözləmək çətindir”.

Analitikin sözlərinə görə, buna baxmayaraq, İran Prezidentinin Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışacağını söyləmək olar: “Araz çayı üzərindən körpünün tikintisi bitmək üzrədir. Araz dəhlizi həm Azərbaycan, həm də İran üçün əhəmiyyətlidir. Bu dəhliz Çindən başlanan Orta dəhlizin tərkib hissəsi olacaq. Bu, Azərbaycanın Zəngəzur dəhlizindən imtinası anlamına gəlmir. Ancaq Ermənistan hökuməti bu dəhlizin reallaşmasını ləngidir. Buna görə də rəsmi Bakı alternativ marşrutlara üstünlük verəcək. Bakı-Tiflis-Qars dəmir yolu ilə yük daşımaları artıb. Araz dəhlizi hazır olandan sonra bu dəhlizdən də yükdaşımalar həyata keçiriləcək. Məsud Pezeşkian digər İran rəsmilərindən, o cümlədən özündən əvvəlki prezident İbrahim Rəisidən fərqli olaraq, heç zaman Zəngəzur dəhlizinin əleyhinə açıqlama verməyib. O, sadəcə, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı deyib ki, İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur. Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünü pozmur və İrana da problem yaratmır. Bu, sadəcə, hamının, o cümlədən Ermənistanın da faydalana biləcəyi nəqliyyat yoludur. Bunu İrandakı mərkəzlərin də nəhayət ki, anlamaları lazımdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR